Moskva Kiyevdən nə tələb edəcək?
11:36 10-04-2014
İQTİSADİYYAT
Moskva Kiyevdən nə tələb edəcək?
Xəbər verildiyi kimi, aprelin 6-dan etibarən Ukraynanın cənub-şərqində yerləşən Donetsk, Luqansk, Xarkovsk və Nikolayev əyalətlərində rusiyayönümlü vətəndaşların etiraz aksiyaları başlayıb bir sıra inzibati binalar etirazçılar tərəfindən ələ keçirilib. Özlərini «Donbas Vətənpərvərlər Qüvvələri” adlandıran bir qrup şəxs Donetsk əyalətinin müstəqil respublika olduğunu elan edibş və Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı referendumun keçirilməsi barədə qərar veriblər.
Ukrayna əyalətlərində baş verən separatçı fəaliyyətin Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən həyata keçirildiyi Ukrayna Xarici İşlər nazirliyinin bəyanatında açıq şəkildə bildirilir. Bəyanatda qeyd olunur ki, “Ukraynanın ayrı-ayrı cənub və şərq şəhərlərində vəziyyətin gərginləşməsi xarici müdaxilənin və Rusiya Federasiyasının pozucu fəaliyyətinin nəticəsidir. Təxribatların həyata keçirilməsinə Rusiya xüsusi xidmət orqanlarının rəhbərlik etdiyi qruplaşmalar cəlb olunub”.
Yayılan son məlumatlara görə isə, Ukraynadakı təxribatların qarşısı alınıb və inzibati binalar separatçılardan təmizlənib. Bu barədə Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksadr Turçinov bəyanat verib. Eyni zamanda, Ukrayna XİN ölkənin cənub-şərqində vəziyyətin sabitləşdiyi barədə məlumat yayıb.
Bu məlumatdan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin RF-ABŞ-AB-Ukrayna formatında danışıqlara hazır olduğunu bildirib. İTAR-TASS agentliyinin verdiyi məlumata görə, Lavrov Ukraynada vəziyyətin tənzimlənməsi ilə bağlı ABŞ, Rusiya, Avripa Birliyi və Ukrayna nümayəndələrinin iştirakı ilə çoxtərəfli formatda danışıqların başlanmasına Moskvanın razı olduğunu bildirib. Lakin Lavrov bir şərt irəli sürüb: danışıqlarda Ukraynanın cənub və şərq əyalətlərinin nümayəndələrinin iştirakının təmin olunmasını da istəyib. “Ukraynanın cənub və şərqində narazılığın olmasını inkar edən istənilən beynəlxalq format çalışmaya imkan verməcək”,- deyə Lavrov bildirib.
Ukrayna tərəfinin cavabı özünü çox gözlətməyib və Kiyev Moskvanın təklifinə dərhal müsbət cavab verib. Lakin Kiyev də öz şərtini irəli sürüb. Ukrayna XİN-nin bəyanatında bildirilir ki, “Ukrayna dəqiq müəyyən olunmuş vaxt ərzində praktiki nəticələr verə biləcək formatda beynəlxalq tənzimləmə və dialoqa hazırdır. Ukrayna Rusiya Federasiyasından tələb edir ki, Ukraynanın daxili işlərinə qarışmasına dərhal son qoysun”.
Rusiyanın danışıqlara razı olduğunu bildirməsi onu göstərir ki, Moskva əvvəlcədən ehtimal olunduğu kimi Ukraynanın cənub-şərqini özünə birləşdirmək niyyətində deyil. Çünki bunu həyata keçirmək üçün, Ukraynanın qeyd olunan əyalətlərində ictimai rəy Krımdan fərqli olaraq dövlətin bütövlüyünün saxlanılmasının lehinədir.
Əgər Krımın birləşdirilməsi zamanı Rusiya yarımadanın muxtar respublika olmasına, vaxtilə Rusiyanın ərazisi olması və əhalisinin 70 faizinin etnik ruslardan ibarət olmasına istinad edərək ərazinin anneksiyasına legitimlik donu geyindirirdisə də, Donetsk, Nikolayev və s. əyalətlərdə bu faktorlar mövcud deyil. Lavrovun dönə-dönə Ukraynadan təcili olaraq federativ dövlətə çevrilməsi tələbi altında gizlənən əsas məqsəd bu əyalətləri tezliklə Rusiyaya qatmaq istəklərindən irəli gəlirdi. Moskvanın bu əyalətlərdəki təxribati fəaliyyəti daha çox yeni Kiyev hökumətini hədələmək məqsədi daşıyır. Moskvanın Kiyevə son mesajı təxminən belədir: “Krımı götürdüm, Donetskini və digər əyalətləri də ala bilərəm və buna görə mənə heç kim heç nə edə bilməz”.
Rusiya danışıqlarda Ukraynadan nə tələb edə bilər? Təbii ki, Moskva Krımın anneksiyasının doğuracağı mənfi nəticələrdən narahatdır və yarımadanın birləşdirilməsinin legitimliyini istəyəcək. Ən azından, Kiyevdən tələb olunacaq ki, Krımı Rusiyanın ərazisi kimi tanımasa da, buna görə Moskva ilə düşmənçilik etməsin.
Ukrayna baş naziri Ysenyukun son açıqlaması prezident Putin üçün Qərbin ən ağır sanksiyasından da ağır gələ bilər. Yasenyuk NK qarşısında çıxışı zamanı qazla əlaqədar bildirib ki, ölkəsinin bu mənada iki seçimi var: ya Rusiya qazına alternativ qaz mənbəyi tapılmalı, ya da, qazdan imtina olunmalıdır. Odur ki, dördlü formatda olan danışıqlarda Moskva Kiyevdən əvvəlki qaydada əməkdaşlıq istəyəcək, əks təqdirdə cənub-şərqi xatırladacaq. Lavrovun Ukraynanın cənub və şərq əyalətlərindən nümayəndələrin iştirakını tələb etməsi məhz xatırlatma xarakteri daşıyır.
Ukrayna təbii ki, danışıqlara razılıq verməklə vaxt udmağa çalışır. Kiyevin Rusiyadan daxili işlərə qarışmamasını tələb etməsi də vaxt qazanmaq üçündür. ABŞ və Avropa da vaxt qazanmağa çalışır və ən azı Ukraynada prezident seçkilərinin keçirilməsini gözləyirlər.
Moskvanı necə
saxlamaq olar?
Bu arada ABŞ dövlət katibi Con Kerri Senatın xarici işləri üzrə komitəsinin Ukrayna ilə bağlı keçirilən dinləmələrində iştirak edib. Kerri Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq edilə biləcəyi barədə xəbərdarlığı yenidən dilə gətirib.
ABŞ-ın dövlət katibi bildirib ki, Rusiyanın Ukrayna ilə bağlı siyasətinin davam etdiriləcəyi halda iqtisadiyyatın energetika, bank, mədənçıxarma, hərbi sənaye kimi əsas sektorlarına sanksiyaların tətbiq olunacağını bildirib. O, həmçinin etiraf edib ki, sanksiyalar bütövlükdə dünya iqtisadiyyatına, o cümlədən ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək.
C.Kerri bildirib ki, sanksiyaların tətbiqi prezident Barak Obamanın 20 Mart tarixində da imzaladığı, amma hələlik qüvvəyə minməyən fərmanın icrasını nəzərdə tutur.
Arizona ştatından olan respublikaçı senator Con Makkeyn dövlət katibinə müdafiə silahlarının çatdırılması ilə bağlı Ukraynanın xahişinin niyə yerinə yetirilmədiyini soruşub.
ABŞ xarici siyasət idarəsinin başçısı hakimiyyətin icraedici qolunun Ukraynanın təhlükəsizliyi üçün ehtiyacları müəyyən etmək üçün işlədiyini bildirib. “Bu Ukraynanın ehtiyaclarına istinad edərək Konqreslə birlikdə ata biləcəyimiz addımların mümkün variantlarını öyrənəcəyik. Aydınlaşdıraq ki, biz Ukraynaya kömək eyməyi bacararıq, ya yox”, - C.Kerri deyib.
Ukraynanın hazırda daha çox iqtisadi yardıma ehtiyacının olduğunu deyən dövlət katibi diqqətə çatdırıb ki, Vaşinqton Ukraynaya müdafiə silahlarının çatdırılması barədə qərar qərar etməyə meylli deyil.
Dövlət katibi əminliyini ifadə edib ki, Moskva rəhbərliyini saxlayan ən əhəmiyyətli səbəb sərt sanksiyalarin Rusiyanın iqtisadiyyatını zəifləməsi olacaq.
Rusiya XİN: ABŞ və
Ukraynanın narahatlığına heç bir əsas yoxdur
“Rusiya Ukrayna ilə sərhəddə hər hansı qeyri-adi və planlaşdırılmamış hərbi fəaliyyətlə məşğul olmur”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, ABŞ və Ukraynanın narahatlığına heç bir əsas yoxdur: “Rusiya Ukrayna ilə sərhəddə yerləşən ərazisində hər hansı qeyri-adi və planlaşdırılmamış hərbi fəaliyyətlə məşğul olmadığını dəfələrlə bəyan edib. Bundan başqa, Rusiya XİN əmin edir ki, Rusiya qoşunlarının ölkə ərazisində fəaliyyəti ABŞ və digər ATƏT ölkələrinin təhlükəsizliyini təhdid etmir. Rusiyanı ittiham etmək cəhdləri əsassızdır”.
Kiyev seperatçılara qarşı güc tətbiqinə hazırlaşır
“Terrorçuluğa qarşı əməliyyat davam edir. Vəziyyətin həlli ən yaxın 48 saat ərzində mümkündür”. Bu sözləri isə Ukrayna hökumətinin iclası öncəsi daxili işlər naziri Arsen Avakov jurnalistlərə açıqlamasında deyib.
Ukraynalı nazir ölkənin şərq və cənubi-şərq regionlarında seperatçılıq cəhdlərinin qarşısının alınması üçün bütün lazım addımların atılacağını bildirib. “Amma hadisələrin inkişafından asılı olaraq iki variant var: siyasi və güc tətbiqi. Hər iki variant mümkündür. Dialoqu qəbul edənlərlə bağlı siyasi qərar olacaq. Qarşıdurmaya üstünlük verənlərə isə lazımı cavab veriləcək", - A.Avakov dilə gətirib.
Rusiya ATƏT-in
Forumunda və Daimi
Şurasının iclasında
iştirakdan imtina etdi
Dünən o da məlum olub ki, Rusiya ATƏT-in Forumunda və Daimi Şurasının iclasında iştirakdan imtina edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Rəsmi Moskva hesab edir ki, Ukrayna ilə sərhəddəki vəziyyətə görə ATƏT Forumunun və Daimi Şurasının iclasının keçirilməsi məqsədəuyğun deyil. "Bu şərtlər altında Rusiya tərəfi ABŞ və Ukrayna nümayəndə heyətlərinə güzəştə getməyin mənasını görmür və ATƏT-in Forumunda və Daimi Şurasının birgə iclasında iştirakdan imtina edir.
Qərb ölkələri Ukraynadakı vəziyyəti yaxşılaşdırmaq üçün ATƏT-dən istifadə etmir. Əksinə, daha da gərginliyi artırırlar. ABŞ və digər ölkələri ATƏT tribunasından Ukraynadakı vəziyyəti gərginləşdirmək üçün istifadə etməyi dayandırmağa çağırırıq", - deyə Rusiya XİN-in bəyanatında bildirilir.
Qeyd edək ki, ATƏT-in Forumu və Daimi Şurasının iclası aprelin 7-də ABŞ və Ukraynanın tələbi ilə çağırılıb.
ABŞ-ın daha bir hərbi gəmisi Qara Dənizdə
ABŞ-ın “Donald Cook” döyüş gəmisi Qara Dənizə daxil olub. “Donald Cook” - “Tomohavk” qanadlı raketləri və “İcis” raketdən müdafiə sistemilə təchiz olunmuş bir esminesdir.
Bir qədər əvvəl isə ABŞ-ın `Truxtun` esminesinin Qara Dənizdə qalma vaxtı uzadılmışdı.
Yada salaq ki, hələ aprelin 3-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici dövlətlərin hərbi gəmilərinin Qara Dənizdə qalma vaxtının uzadılmasının Montrö sazişini pozduğunu bildirmişdi.
Moldova ordusu yüksək hazırlıq vəziyyətinə gətirilir
Dünənki bir başqa xəbərdə isə deyilirdi ki, Moldova prezidenti Nikolay Timofti Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilməsinə göstəriş verib. Ali Təhlükəsizlik Şurasının iclasında yeni müdafiə naziri Valeri Troenkonu təqdim edən Timofti ölkədə təxribatın istisna olunmadığını bildirib: “Moldova hakimiyyəti ölkədə təhlükəsizliyin qeydinə qabaqcadan qalmalıdır”.
Prezidentin bəyanatı Moldovanın Avropa Birliyi ilə assosiativ saziş imzalaması ərəfəsinə təsadüf edir.
Timofti regiondakı çətin vəziyyətdən və yaxın ölkələrin başına gələnlərdən narahat olduğunu vurğulayıb: “Ukrayna Krımı ona görə itirdi ki, ordusu çevik reaksiya verə bilmədi. Moldova ordusu da bir çox problemlərlə qarşılaşır və hakimiyyət çətinliklərin öhdəsindən gəlmək üçün əlindən gələni etməlidir”.
Prezident yeni müdafiə nazirini ölkənin maraqlarına qarşı çıxan hərbçilərdən imtina etməyə çağırıb.
Moldova ərazisində separatçı qurum var. Dnestr bölgəsi 1990-cı illərin əvvəllərində ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan qondarma rejimi Rusiya ordusu qoruyur.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53