Tahir İmanov: "Tez-tez zəng edib təzyiq edirlər"
13:28 11-04-2014
ŞOU
Tahir İmanov: "Tez-tez zəng edib təzyiq edirlər"
"Planet Parni iz Baku" teatrının bədii rəhbəri Tahir İmanovun müsahibəsini təqdim edirik.
- Sizə necə müraciət etməyimizi istərdiniz - müəllim, yoxsa bəy?
- Sadəcə, Tahir.
- Məşqlər üçün niyə məhz Filarmoniya?
- Yaxşı sualdır. Artıq neçə ildir ki, bizim məşq eləməyə yerimiz yoxdur. Mən bu il bir neçə teatr rəhbərinə, bir neçə quruma müraciət elədim ki, bizə məşq üçün yer versinlər, hamısından da mənfi cavab aldım. Elə bil, biz həmin KVN uşaqları deyilik: Respublikanı təmsil edirdik, ölkənin bayrağını qaldırırdıq. Ölkə başçısı konsertlərimizə gəlmir deyə, bizə münasibət 180 dərəcə dəyişib.
Əlbəttə ki, adi tamaşaçılarımızın münasibəti 20 il bundan öncəki kimidir. Yeganə bizə kömək edən qurum Müslüm Maqomayev adına Dövlət Filarmoniyası və onun rəhbəri Murad Adığözəlzadədir. Mən fürsətdən istifadə edib Murad qardaşıma öz və teatrımız adından dərin təşəkürümü bildirirəm.
- Tamamilə başqa bir sahədə təhsil almısınız, necə oldu ki, aktyor oldunuz?
- Bu haqda məni sevənlər bilirlər, amma qısaca deyə bilərəm ki, 1980-cı illərin sonunda Moskvada KVN oyunu bərpa olunandan sonra, Azərbaycanda da bu hərəkat dəbə düşdü. Demək olar ki, hamı KVN oynayırdı. Bizim məktəbdə də bir nömrəli oyun KVN idi, əvvəlcə siniflərarası, sonra məktəblərarası. Mən 189 saylı orta məktəbin KVN komandasının üzvü idim və o vaxt Bakı çempionatı keçirilirdi. Münsiflər heyətinə Anar Məmmədxanov gəlmişdi. Həmin oyundan sonra Anar mənə yaxınlaşdı və “Parni iz Baku” KVN komandasına dəvət etdi. O gündən bu günə qədər həyatım bu üç hərfə bağlıdır. Düzdür, o vaxtdan çox keçib, lakin mən bundan sonra da gələcəyimi məhz bu üç hərifdə görürəm - KVN.
- Anar Məmmədxanovun itkisi həyatınızda nəyi dəyişdi?
- Əlbəttə ki, dəyişdirdi. Yaxın insanı itirəndə, insan necə olur? Depressiyaya düşürsən, fikirli olursan və dəyişilməz bir faktdır ki, bu gün biz “Parni iz Baku” adını yaşadırıq, söhbət XX əsrin çempionlarından gedir, yəni mən, Cabir, Bəhram, Emil, Azər və sair. Biz bu hərəkatı yaşadırıq və qoymurıq ki, sönsün.
- Tez-tez məmurları parodiya edirsiniz, inciyənlər olurmu?
- Bəli, olub.
- Məsələn?
- Ad çəksəm, bizə çox böyük problemlər yarada bilərlər.
- Ona görə ad çəkmək istəmirsiniz?
- Tez-tez zəng edib təzyiq edirlər, nə bilim, bu səhnəciyi çıxar, bu səhnəcik efirə getməsin. Amma biz bu təzyiqlərə qarşı mübarizə aparırıq və Allahdan da başqa heç kəsdən qorxmuruq. Bilirsiniz, ölkə başçısının dəstəyi olmasaydı, bizə çətin olardı və həmin təzyiq göstərən məmurlar bizi sözün əsil mənasında tapdalayardılar. İndi bəlli oldu ki, onların içində yumor hissi yoxdur. Baxmayaraq ki, 1990-cı illərdə ümummilli liderimiz Heydər Əliyev bizim bütün konsertlərə gələndə, onlar da gəlirdilər. Biz də elə bilirdik ki, onlar gülmək üçün gəlirlər, sən demə, adi bir “protokol” imiş bu. Cənab Prezidentimiz gəlirdi deyə, onlar da məcburən gəlirdilər.
Prezidentimizin çox böyük yumor hissi vardı və o bizim konsertlərin bir nömrəli tamaşaçısı idi. Heydər Əliyev sözün əsl mənasında bizim konsertdə istirahət edirdi, o məmurlar isə “protokola” görə gəlirdilər. Çünki ölkə başçısı dünyasını dəyişəndən sonra konsertlərimizdən məmurların da ayağı bir yolluq kəsildi. Demirəm ki, bu, hamısına aiddir. Elələri var ki, gəlib kənardan öz parodiyalarına baxır. Misal üçün, Xarici İşlər naziri Elmar Məmmədyarov, “Azərbaycan Hava Yolları”nın baş direktoru Cahangir Əsgərov o məmurlardandır ki, yumor hissi var. Amma təəssüflər olsun ki, bəziləri bizə təzyiq göstərir.
- Təzyiq edib nə deyirlər?
- Keçən dəfə mən sizin sayta müsahibəmdə demişdim ki, bizim bannerləri asmağa Bakı şəhər İcra Hakimiyyətinin reklam departamenti icazə vermir. Bu da o deməkdir ki, onlar bizə təzyiqi bu cür göstərirlər, qoymurlar bizim bannerlər onlara həvalə olunan yerlərdə asılsın.
– Qoymayıb nə deyirlər?
- Müxtəlif bəhanələr gətirirlər. Bir dəfə “Yumor kuboku” başlayanda orada “İrəli” ictimai birliyinin loqotipi var idi, çünki bizə təşkilati dəstəyi onlar verirdi. Bizə dedilər ki, olmaz siyasi reklam. Bu bir az gülməlidir, çünki “İrəli” siyasi qurum deyil, ictimai birlikdir. Biz yenə də mübarizə aparırıq, ən əsası, ölkə başçısının dəstəyini hiss edirik. Onun dəstəyi olmasaydı, yenə deyirəm, bu gün bizi tapdalayardılar. Cənab Prezidentimizinin gözəl bir sözü var: “Mən hər bir azərbaycanlının prezidentiyəm”. Biz bu sözü onun əməllərində görürük.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, məmurların yumor hissi müğənnilərdən yüksəkdir. Bu, nədən irəli gəlir?
- İntelektdən, intellektin səviyyəsindən. Axı intellekti yüksək olan şəxs hər həftə çıxıb maqazin proqramlarında ona-buna söz atmaz. İntellekti olan müğənni sırf sənətindən danışar, təəssüflər olsun ki, televiziyamız səviyyəsiz proqramlarla millətin intellekt səviyyəsini aşağı salır. Söhbət maqazin proqramlarından gedir. Şəxsən məni bir tamaşaçı kimi bu cür mövzular maraqlandırmır, kim kimin toyuna getmir, bir müğənni digər müğənnini nə üçün təhqir edib və sair. Məni maraqlandıran yalnız sənətkarın sənətidir, şəxsi həyatı yox.
- Məlumdur ki, aprelin son günlərində KVN üç gün konsert proqramı ilə çıxış edəcək. Bəziləri konsert verəndə çoxlu dəvətnamə paylayır ki, yerlər dolsun. Sizdə necə, kiməsə dəvətnamə vermisiniz?
- Bəli, bəzi adamlara dəvətnamələr verilib.
- Həmin insanlar tamaşaçıların neçə faizini təşkil edir?
- Cəmi iki faizini. Valideynlərimizə, bizim komandanın üzvlərinin ailələrinə, bir də bizim əsl sənətkarlarımıza dəvətnamə vermişəm.
- Əsl sənətkar deyərkən...
- Fərhad Bədərbəyli, Murad Adığözəlzadə, Rauf Babayev, Faiq Sücəddinov, Fidan və Xuraman bacıları, Zülfiyyə Xanbabayeva, Brilyant Dadaşova, Fuad Poladov, Afaq Bəşirqızı, Ramiz Novruz, Valeh Kərimov, Şahmar Qəribli, Yalçın Adığözəlov. Bunlar bizim əsl dostlarımız və əsil sənətkarlarımızdır.
- Bir insanın gözünüzdən düşməsi üçün hansı hərəkəti bəs edər?
- Qeyri-səmimiliyi və yalan danışmağı.
- Niyə evlənmirsiniz?
- Bu suala cavab vermək istəmirəm, şəxsi suallar yalnız mənim özümə aiddir, kütləvi informasiya vasitələri üçün deyil. Geniş kütlə qoy mənim sənətimlə maraqlansın.
- Cabir İmanovla Tahir İmanovun fərqli cəhətləri nədir?
- Çox azdır fərqli cəhətlərimiz, demək olar ki, bir mühitdə böyümüşük, eyni tərbiyəni almışıq.
- Onun sizin qədər mediaya açıq olmamasının səbəbi?
- Vaxtı azdır, yəqin ondan irəli gəlir. Bu, onun şəxsi prinsipidir.
Digər Xəbərlər
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00
2024-12-21 00:44:40
2024-12-20 23:03:04
2024-12-20 19:31:02