Musa Pənahov biznesini Moldaviyaya köçürür
13:29 11-04-2014
İQTİSADİYYAT
Musa Pənahov biznesini Moldaviyaya köçürür
Azərbaycanda heç bir biznes strukturu qalmayan nəqliyyat nazirinin müavini ölkədən “köç edir”
Moldavan qudasıyla ortaq layihələrə girişən nazir müavini bu ölkədə biznesini çiçəkləndirir
Ölkənin sayılıb seçilən məmur-oliqarxlarından olan nəqliyyat nazirinin müavini Musa Pənahovla bağlı “Unikal” qəzetinin redaksiyasına olduqca ilginc informasiyalar daxil olub. Qəzetimizi məlumatlandıran mənbə son vaxtlar Azərbaycandakı biznes mühitindən tamamilə çəkilən nazir müaviniylə bağlı olduqca mühüm informasiyalar sızdırıb. Həmin məlumatlarda bildirilir ki, Musa Pənahovun bir vaxtlar yaxın dostluq münasibətində olduğu Ziya Məmmədovla münasibətlərində çatlar yaranıb və bu da öz növbəsində nazir müavinini həm Nəqliyyat Nazirliyində, həm də ölkənin biznes mühitindən sıxışdırılıb çıxarılması ilə nəticələnib.
Xatırladaq ki, Musa Pənahovla nəqliyyat naziri Ziya Məmmədovun şəxsi tanışlıq və dostluq münasibətlərinin uzun illik tarixçəsi var. Belə ki, əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayan Musa Pənahov elə o zamanlardan Ziya Məmmədovun ən yaxın adamlarından biri hesab olunurdu. Elə onun parlaq karyerası da məhz Ziya Məmmədovla yaxın dostluq əlaqələrinə görə reallaşıb. O,1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini və rəisi vəzifəsində çalışarkən də onun başlıca himayədarı məhz Ziya Məmmədov idi.
1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsinə təyinatı da Ziya Məmmədovun ona böyük etimad və güvəninin göstəricisi sayılmalıdır. Daha sonrakı illərdə Ziya Məmmədov nəqliyyat naziri postuna təyin olunduqdan sonra da o Musa Pənahovu unutmayıb. Belə ki, Ziya Məmmədov nazir kürsüsünə əyləşdikdən sonra köhnə dostunu 2004-cı ildə nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edib. O, bu günə qədər də həmin vəzifədə çalışmaqda davam edir. Amma artıq köhnə dostlar arasında “soyuq küləklər əsməkdədir”.
Köhnə dostlar arasındakı münasibətlərin son illər ərzində korlandığını iddia edən mənbəmizin sözlərinə görə, belə bir vəziyyət Musa Pənahovun həm Nəqliyyat Nazirliyində, həm də bütövlükdə ölkədəki fəaliyyət dairəsini əhəmiyyətli şəkildə daraldıb: “Musa Pənahov artıq Nəqliyyat Nazirliyindəki bütün gəlirli işlərdən uzaqlaşdırılıb. Yalnız nazir müavini kimi aldığı əmək haqqı ilə kifayətlənən Musa Pənahov eyni zamanda Azərbaycanda da heç bir biznes fəaliyyəti ilə məşğul olmur. Pənahov isə bu durumuyla barışmış kimi görünür, hər halda onun heç bir müqavimət əlaməti göstərməməsi belə düşünməyə əsas verir. Digər tərəfdən isə indi Musa Pənahov özünün biznes strukturlarını tam olaraq Moldaviyaya köçürüb və o, bütün diqqətini həmin biznesin inkişafına yönəldib”.
Məlumat üçün bildirək ki, nəqliyyat nazirinin müavini Musa Pənahov Moldoviyanın sabiq prezidenti Vladimir Voroninlə qudadır. Belə ki, Musa Pənahovun oğlu bir neçə il bundan öncə Voroninin nəvəsi ilə ailə həyatı qurub. Onuda bildirək ki, sabiq prezident Voroninin oğlu və Musa Pənahovun qudası olan Oleq Voronin keçmiş sovet respublikasında əsas gəlirli biznes sahələrinə nəzarət edir. Atasının prezidentliyi dövründə o, öz biznesini çiçəkləndirib, ölkənin bank sektorunda əhəmiyyətli iştirakını təmin edib və rəqiblərini sıxışdıraraq onların biznesini ələ keçirməyə nail olub. Hazırda isə o Moldoviyanın ən varlı şəxslərindən biri sayılır. Moldovanın eks-prezidentinin nəvəsi, Musa Pənahovun gəlini Katerina Voronina isə atasının 1 milyard dollarlıq sərvətinin yeganə varisi hesab edilir.
“Unikal” qəzetini bilgiləndirən mənbə iddia edir ki, hazırda Musa Pənahov Moldoviyanın ən zəngin şəxslərindən sayılan qudası Oleq Voroninlə ortaq layihələr həyata keçirir. Azərbaycanlı nazir müavininin Moldaviyada ciddi kapital yatırtdığını söyləyən mənbəmiz hazırda Musa Pənahovun məhz bu ölkədəki biznesini çiçəkləndirməyə daha çox diqqət ayırdığını bildirir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20