Üzdə dost, arxada düşmən ölkələr - Gürcüstan-Ermənistan
13:34 11-04-2014
İQTİSADİYYAT
Üzdə dost, arxada düşmən ölkələr - Gürcüstan-Ermənistan
Cənubi Qafqazın qaynar nöqtələrindən danışarkən Gürcüstanda ermənilərin kompakt yaşadığı Samsxe-Cavaxetiya bölgəsini diqqətdən kənarda saxlamaq olmaz.
Gürcüstanı daim separatçılıq təhlükəsi ilə üzə-üzə qoyan Cavaxetiya Rusiyanın və onun forpostu Ermənistanın əlində də təxribat kartıdır. Heç şübhəsiz ki, Cavaxetiya erməniləri bölücülük uğrunda apardıqları "mübarizə"də tək deyillər. Onlara Kreml və İrəvan administrasiyası da dəstək verir. Rusiyanın Krımı ilhaq etməsindən sonra Moskvanın siyasi ehtiraslarının Cavaxetiya üzərinə yönəlməsi müşahidə olundu. Düzdür, indiki Gürcüstan rəhbərliyi Rusiya ilə isti münasibətlər qurmağa çalışır, amma bu ölkəni parçalamağa xidmət edən məkrli niyyətlərə dəstək anlamına da gəlmir.
Ən azından ona görə ki, Abxaziya (1993), Cənubi Osetiyanın (2008) itirilməsinin ardından Cavaxetiyanı əldən vermək onsuz da kiçik və parçalanmış Gürcüstanı bir dövlət kimi tarixin qaranlıq arxivinə gömər. Amma Cavaxetiya ermənilərindən siyasi kart kimi istifadə edilməsi Moskva və İrəvanın planlarında əhəmiyyətli yer tutur. Bu baxımdan indiki situasiyada Gürcüstan təklənmiş görünür və Kremlin 2008-ci il Cənubi Osetiya ssenarisindən qorxu hələ də Gürcüstan dövlətində qalır. Ona görə də söyləmək olar ki, rəsmi Tiflis Cavaxetiya ilə bağlı axıra qədər dirəniş göstərməkdə ya çətinlik çəkəcək, ya da zorən güzəştlərə getməyə məcbur olacaq.
Mixael Saakaşvili hələ prezident olduğu dönəmdə buna eyham da vurmuşdu. O zaman baş nazir işləyən Bidzina İvanaşvilli və onun komandasının siyasətini tənqid edən Saakaşvili onları Rusiya üçün əlavə şanslar yaratmaqda ittiham etmişdi.
XİN bəyanatının pərdəarxası
Cavaxetiya əslində Rusiya üçün bir kozırdır. Erməni əhalinin Gürcüstan miqyasında bu bölgədə çoxluq təşkil etməsi də Moskva üçün əlavə imkanlar yaradır.
Diqqət edək, 2002-ci il siyahıyaalmasına görə Gürcüstanda yaşayan 250 minə yaxın erməninin 113 mini Cavaxetiyanın payına düşür.
Krımın işğalından sonra Kremlin diqqətinin Cavaxetiyaya cəmlənməsi barədə yazılanlarda həqiqət payı axtarmağa dəyər. Belə ki, Rusiyanın Tiflisdəki konsulluğunda Rusiya pasportu almaq istəyən ermənilərin növbəyə durması haqda xəbərlərin yayılması bölgə üçün də ciddi siqnal idi.
O da məlumdur ki, Gürcüstan xarici işlər nazirinin müavini David Zalkani açıqlamasında pasport məsələsi ilə bağlı iddiaların şişirdildiyini bildirdi, amma bu bəyanat heç də faktı təkzib etmək üçün əsas deyil. Deməli, Gürcüstanın xarici siyasət idarəsi dolayısı ilə Rusiyanın separatçılıq istiqamətində işlər apardığını təsdiqləməklə əhəmiyyətli mesaj verdi.
ABŞ və Rusiyanın
Cavaxetiya planı?
Bəs, təkcə Rusiyamı separatçılara dəstək verir? Bu sual üzərində düşünərkən 2008-ci ildə Rusiyanın müdaxiləsi zamanı Gürcüstanı sonadək müdafiə edə bilməyən ABŞ faktorundan danışmamaq olmaz.
Cərəyan edən gərgin proseslər fonunda bir məsələyə də diqqət etmək lazımdır. Dünya siyasi gündəmini lərzəyə salan "Wikileaks"ın bir neçə il bundan əvvəl yayımladığı məxfi sənəddə Cavaxetiya məsələsi öz əksini tapmışdı. Burada ABŞ diplomatının (ABŞ-ın Ermənistandakı o zamankı səfiri Mari Yavanoviç) Vaşinqtona göndərdiyi məxfi qrifli sənədində Cavaxetiya ermənilərinin haqlı olduğuna haqq qazandırıb.
Bu nə demək idi? Təbii ki, ABŞ və Rusiya kimi supergüclər dəfələrlə ölkələrin ərazi bütövlüyü, suverenliyindən dəm vuran monoton bəyanatlar verirlər. Amma gizlincə separatçılara dəstək vermələri, müəyyən mənada onlara haqq qazandırması da məlumdur. Bunu sezmək elə də çətin deyil. Ən azından adıçəkilən dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe və işğal altında olan ərazilərdə yaranmış separatçı qurumla isti münasibətlərə hesablanmış "diplomatik" açıqlamalar belə deməyə əsas verir.
Görəsən üzdə düşmən kimi davranan ABŞ və Rusiya birlikdə Cavaxetiya ermənilərinə dəstək verirlər? Bu suala birmənalı cavab vermək olmaz, hər halda bu detalları bağlı qapılar arxasında aparılan konspirativ görüşlərdə iştirak edənlər bilər. Amma ABŞ-ın Gürcüstanı sözdə dəstəkləməsi onun Kremllə birgə Cənubi Qafqaz layihələrinin həyata keçirilməsi ehtimallarını da artırır.
"Dənizdən dənizə Böyük Ermənistan" xülyasında olan işğalçı Ermənistan da ona havadar olan qüvvələrin dəstəyi ilə Cavaxetiya məsələsini həmişə gündəmə daşıyır. Böyük dövlətlərin yardımı ilə yeni geopolitik mənzərə yaratmaq istəyən Ermənistan hər vəchlə Samsxe-Cavaxetiyaya dair planlarının cizgilərini açıqlayır. Məhz buna görə də Ermənistanın Gürcüstanla münasibətləri yalnız zahiri "dostluq" əlaqələridir. Bu zahiriliyin mahiyyətində dərin və qarşılıqlı nifrətin olduğu bəllidir.
Gürcüstandakı ermənilərin təxribatlarının görünən tərəfinin dini, insan azadlıqları, etniklərin hüquqları adlı bəyanatlarla əsaslandırılması ermənilərin əsl niyyətlərini arxa plana keçirmir. Erməni təbliğat maşınında əhəmiyyətli rol oynamış din xadimlərinin gürcü provaslav kilsələrinə iddialar irəli sürməsi Cavaxetiya problemini dini qarşıdurma fonunda mübarizə kimi xarakterizə etməyə əsas verir. Bu məqsədlə İrəvanda Cavaxetiya ermənilərinə dəstək adı altında yaradılmış Əlaqələndirmə Şurası da təcavüzkarlığa "insan hüquqları" donu geyindirmək istəyir. Bu şuranın Ermənistanda dövlət tərəfindən himayə olunan "Cavakx" "Mitk" analitik mərkəzi, "Yerkir" birliyi, Virk partiyası və "Cavakx xalq hərəkatı" kimi təşkilatlar tərəfindən maliyyələşməsi bir daha İrəvan hökumətinin əsl mahiyyətini ortaya qoyur.
Əsas qayə isə təbii ki, Gürcüstana qarşı ərazi iddialarına zəmin yaratmağa hesablanmış planların tərkib hissəsinin həyata keçirilməsi üçün stimul yığmaqdır. Blokadada yaşayan, Gürcüstan, Rusiyadan asılılığı olan Ermənistan üçün Cavaxetiya böyük anlam daşıyır. Strateji məntəqə hesab olunan Cavaxetiyada yaşayan ermənilərin "məzlum" obrazının yaradılması və Ermənistan rəhbərliyinin bu regionda olan ermənilərin hüquqlarının "pozulması"na görə Gürcüstanı ittiham etməsinin arxasında sözsüz ki, çirkin işğalçılıq planları durur.
Rusiyanın Krımı işğal etməsindən sonra bu təhlükəli ssenarinin Cavaxetiyada təkrarlanmamasına təminat vermək olmaz. Gürcüstan hakimiyyəti isə heç də Qərbə arxalana bilməz.
Cənubi Osetiya hadisələrindən sonra tək qalan Gürcüstanın heç olmasa suverenliyini qorumaq şərti ilə Rusiya ilə əlaqələrə üstünlük verəcəyi şəksizdir.
Əks təqdirdə, bölgə üçün "İkinci Qarabağ problemi" meydana çıxacaq.
Aqşin Kərimov
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20