NATO və Ukrayna Rusiyaya qarşı birgə plan hazırladı

NATO və Ukrayna Rusiyaya qarşı birgə plan hazırladı

Donetskdə isə ruspərəstlər ordu yaratmağa başladılar

Ukrayna və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukraynanın əhəmiyyətli infrastruktur obyektləri və ölkənin regionlarında qeyri-sabit vəziyyətin yaranacağı halda mülki əhalinin müdafiəsi ilə bağlı birgə plan hazırlayıb. "unian.net" saytının verdiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin xəbərində deyilir.

Birgə planın Ukraynanın müraciəti əsasında Şimali Atlantika Şurasının toplantısında qəbul olunduğu bildirilir.
Srağagün isə NATO-nun yüksək rütbəli rəsmisindən rəsmi Kiyevi rahatladacaq bəyanat gəlib. Hərbi alyansın Avropa İttifaqı güclərinin baş komandanı Filipp Bridlov "Associated Press" xəbər agentliyinə açıqlamasında NATO-nun Şərqi Avropa ölkələrinə hərbçilərini göndərə biləcəyini deyib.
O, Rusiyanın hərəkətləri ilə əlaqədar olaraq əks-tədbirlərin planlaşdırıldığını qeyd edib.
"Reuters" xəbər agentliyi isə xəbər verib ki, NATO may ayında Şərqi Avropa ölkələrinin səmasında keşik çəkən hərbi təyyarələrin sayını üç dəfə artıracaq. Agentliyin məlumatında deyilir ki, bu, NATO-nun Mərkəzi və Şərqi Avropada möhkəmləndirilməsi planının tərkib hissəsidir.
Bu arada məlum olub ki, Avropa Birliyi, ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin görüşü aprelin 17-də Cenevrədə baş tuta bilər. Bu barədə EFE agentliyinə İsveçrədəki rəsmi mənbə bildirib. "Bu görüşün təşkili ilə bağlı diskussiyalar aparılır", deyə mənbə bildirib.
Görüşdə müzakirə olunacaq məsələlər arasında Ukraynadakı böhranın nizamlanması və bu ölkədə konstitusiya islahatıdır.
Qeyd edək ki, Rusiya görüşdə Ukraynanın cənub və şərq bölgələrinin nümayəndələrinin də iştirak etməsini tələb edir.

Donetskdə rusiyameylli etirazçılar "xalq ordusu" yaratmağı qərara aldı

Donetskdə vilayət administrasiyasının inzibati binasını ələ keçirən rusiyameylli etirazçılar "xalq ordusu" yaratmağı qərara alıblar. Bu barədə aprelin 7-də elan olunan "Donetsk xalq respublikasının" liderlərindən biri olan Denis Puşilin keçirdiyi mətbuat konfransında bildirib.
"Biz bu gündən xalq ordusunun yaradıldığını və onun formalaşdırılmasına artıq başlandığını elan edirik", deyə o qeyd edib. Onun sözlərinə görə, "ordu komandanı" İqor Kakidzyanov təyin olunacaq.
Puşilinin sözlərinə görə, ordu "Donetsk xalq respublikasının" xalqının və "respublikanın" ərazi bütövlüyünün mühafizəsinin təmin etmək üçün gərəkdir.

NATO baş katibi
Rusiyanı Ukraynaya
hərbi təcavüzdə
ittiham etdi

NATO baş katibi Anders Foq Rasmussen Rusiyanı Ukraynaya qarşı hərbi təcavüz həyata keçirməkdə ittiham edib. "Biz Rusiyanın Ukraynaya qarşı açıq-aydın hərbi təcavüz həyata keçirməsini pisləyərək, Rusiyanı üzərinə götürdüyü və pozmaqda davam etdiyi beynəlxalq öhdəliklərə əməl etməyə çağırdıq". Baş katib bunu Praqada Çexiya prezidenti və baş naziri ilə Ukrayna böhranını müzakirə edərkən bəyan edib.
Baş katibin sözlərinə görə, o və Çexiya rəsmiləri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. "Rusiya öz addımlarına guya rusdilli əhalinin Ukrayna hakimiyyətinin təzyiqinə məruz qalması ilə haqq qazandırmağa çalışır və NATO-nu "soyuq müharibə"yə başlamaqda ittiham edir", deyə baş katib qeyd edib və Rusiyanın arqumentlərinin Ukrayna hakimiyyətini nüfuzdan salmağa, həqiqəti gizlətməyə və özünün qanunsuz addımlarından diqqəti yayındırmağa hesablanmış təbliğat adlandırıb.
NATO baş katibi bəyan edib ki, hazırda Ukrayna sərhədi boyu Rusiyanın 40 minlik ordusu cəmləşib və NATO daim Rusiya ordusunu peyk vasitəsilə izləyir.
Rasmussen həmçinin Rusiyanı Şərqi Ukraynada milli ayrıseçkilik, bölücülük yaratmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə ittiham edib. "Rusiya hərbi gücdən istifadə edərək Ukraynanın federativ və neytral dövlətə çevrilməsini diktə etməyə çalışır. Lakin belə bir qərarı yalnız suveren dövlət olan Ukrayna verə bilər, başqa heç kim verə bilməz", deyə o vurğulayıb.
"Mən Praqadan Rusiyaya müraciət edirəm. Rusiyanın öz hərəkətlərinə görə günahını digərlərinin üzərinə yıxmağa, ordunu sərhəddə cəmləşdirməyə və böhranı gərginləşdirməyə son qoymaq və həqiqi dialoqa başlamaq kimi seçimi var. Əks təqdirdə Rusiyanı beynəlxalq təcrid gözləyir. Bu isə heç kimin marağında deyil. Heç kim yeni "soyuq müharibə" istəmir", deyə baş katib əlavə edib.

Lavrov:
"Şərq tərəfdaşlığı"
proqramından Rusiyaya qarşı istifadə olunurdu"

Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı postsovet məkanında inteqrasiya proseslərinə qarşı olan bir layihə kimi nəzərdə tutulurdu. Belə bir bəyanatla isə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
"Aydın oldu ki, bu proqram sıfır nəticəli oyunların məntiqi əsasında hazırlanmaşdı", - deyə o vurğulayıb.
Lavrov həmçinin qeyd edib ki, antirusiya əhval-ruhiyyəsinin qızışdırılması Avropanın sabitliyi üçün təhlükəlidir.

Ukraynanın baş naziri
ölkənin şərqindəki
5 vilayətin rəhbərləri
ilə görüşəcək

Ukraynanın baş naziri Arseniy Yatsenyuk bu gün Donetsk və Dnepropetrovskda ölkənin şərqindəki 5 vilayətin rəhbərləri ilə görüşlər keçirəcək. Bu barədə Ukrayna Nazirlər Kabinetinin saytında bildirilir.
Yatsenyuk Donetsk, Luqansk, Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətlərinin qubernatorları, merləri, güc strukturlarının rəhbərləri və sənaye müəssisələrinin nümayəndələri ilə görüşlər keçirəcək.
Görüşdə bölgələrdəki vəziyyət, hakimiyyətin mərkəzləşdirilməsi və Ukrayna konstitusiyasına düzəlişlər müzakirə ediləcək.

Krım tatarlarının
çağırışı eşidilmədi

"Krım Respublikası"nın Konstitusiyası Dövlət Şurasının (Krım Muxtar Respublikası parlamentinin adı "Krım Respublikası Dövlət Şurası" olaraq dəyişdirilib) növbədənkənar iclasında təsdiq edilib.
Konstitusiya Rusiya Federasiyası Konstitusiyasının əsas müddəaları ilə uyğunlaşdırılıb.
Krımın əsas qanunu 10 fəsil və 95 maddədən ibarətdir. Göstərilir ki, "Krım Respublikası" demokratik, Rusiya Federasiyası tərkibində hüquqi dövlət və bərabər hüquqlu subyektdir. Konstitusiyada üç dilin - rus, Ukrayna və tatar dillərinin dövlər dili status təsbit olunub.
Konstitusiyaya görə, Krımın ən yüksək vəzifəli şəxsi respublika başçısıdır və o, beş il müddətinə Krım Dövlət Şurasının deputatları tərəfindən seçilir.
Respublika başçısı ardıcıl olaraq iki müddətdən çox bu vəzifəni tuta bilməz. Dövlət Şurasının deputatlarının sayı 100-dən 75-ə qədər azaldılacaq. Dövlət Şurasının səlahiyyət müddəti də beş ildir.
Qeyd edək ki, Krım Tatar Məclisi Dövlət Şurasını Krım Konstitusiyasının qəbul olunması məsələsində tələsməməyə çağırmışdı. Amma onların bu çağırışı eşidilməyib.

Həkimlər Kiyevdə
iğtişaşlar zamanı
780 nəfərin öldüyünü
iddia edirlər

"Maydanın könüllü həkimləri" təşkilatı Ukrayna hakimiyyətinin Kiyevdəki iğtişaşlar zamanı ölənlərin həqiqi sayının qəsdən gizlətdiyini iddia edir. Ukrayna Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, 2013-cü ilin noyabr ayından 2014-cü ilin fevralınadək Maydanda 104 nəfər həlak olub. Onların çoxu 18-20 fevral tarixlərində silahlı qarşıdurma nəticəsində ölüb.
Həkimlər iddia edirlər ki, Kiyevin Müstəqillik meydanında və digər hissələrində iğtişaşlar zamanı həlak olanların sayı 780 nəfər təşkil edir. Bu barədə jurnalistlərə Kiyevdə volontyor həkim Anastasiya Polişuk bildirib.
Onun sözlərinə görə, qeyd olunan rəqəmə, həmçinin, 20-dək həlak olan milis əməkdaşları, "Berkut" xüsusi təyinatlıları və hökumətin açıqladığı 104 nəfər daxildir.

Moskvanın işğalçı
hərəkətləri türk
düşmənlərini
həvəsləndirib

Rusiya postsovet arealında fəallaşdıqca tarixən Moskvadan idarə olunmuş etnik qruplar, separatçı dairələr də fəallaşıblar. Meydan eyforiyası keçdiyindən indi bu adamlar çayxanalarda toplaşmırlar. Onların məkanı sosial şəbəkələrdir. Rusiya Krıma müdaxilə edəndən sonra təkcə facebookda separatçı qüvvələrə məxsus onlarla səhifə yaradılıb. Əlikram Hümmətov, Fəxrəddin Abbasov tipli adamlara, Azərbaycana düşmən şəxslərə malik bu səhifələrdə Azərbaycanın ərazi bütövlüyü, milli birliyi təhrif edilir, ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən türklərə qarşı həqarətli fikirlər səslənir. Bu meyllərin şimaldan istiqamətləndirildiyi kiməsə sirr deyil. Facebookda bir səhifə var: "Biz də belə yapıyoruq". Səhifənin adminin tanınmış ara şairi Yetim Eyvaz olduğu qeyd olunur. Amma tanıyanlar bilir ki, Yetim Eyvaz adlanan şəxsin İKT-nin son yeniliklərindən xəbəri yoxdur. Bəlkə də kompüteri işə sala da bilmir. Onun facebookda səhifə idarə etməsi ağlabatan deyil. Səhifənin admini şəksiz ki, arxasında Rusiyanı görüb xoruzlanmış etnik separatçılardan biridir. Sadəcə, can şirin şeydi və bu adamlar yaxşı bilir ki, ölkədə 90-cı illərin havası yoxdur, dövlət orqanları asanlıqla pozucuları tutub ifşa edə bilər. Ona görə də tülkü xislətli bölücülər Yetim Eyvaz kimi şəxslərin adı arxasında gizlənirlər.
Etnik bölücülərin Azərbaycan daxilində heç bir gücü, sosial bazası yoxdur. Aydınca görünür ki, onların başladığı hərəkat təhrik, kənardan qızışdırlan hərəkatdır. Bu günlərdə Dağıstanda fəaliyyət göstərən bölücü millətçilərdən biri Azərbaycanla bağlı mürtəce fikirlər səsləndirib. Dağıstanlı politoloq Xancan Qurbanov deyib ki, "Azərbaycanın Ukraynadakı hadisələrdən çıxış yolu ölkəni federasiyaya çevirməkdir". O, Azərbaycanda etnik azlıqların hazırkı vəziyyətdən narazı qaldıqlarını bildirib. "Politoloq" öz sərsəm fikirlərini bu sözlərlə davam etdirir: "Azərbaycan əvvəllər də xanlıqlar dövrünü yaşayıb. Hazırda Azərbaycanda elan olunmuş multikulturalizm və liberalizmlə bağlı siyasətin arxasında da yerli xalqların narazılığı dayanır. Ona görə də bu ölkə üçün təcili olaraq federasiya lazımdır. Yalnız federasiya onu gücləndirə bilər. Çox təəssüf edirəm ki, bu xalqlar hələ də Rusiyaya müraciət etməyiblər.
Bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan Rusiyanı hələ də düşmən hesab edir, baxmayaraq ki, şimal qonşusu ona çox məsələdə güzəştə gedib". Əslində Xancan Qurbanov da Azərbaycandakı separatçı ünsürlər kimi çoxluğu təmsil etmir. Dağıstan ziyalıları Rusiyanın tarixi cinayətlərini unutmayıb. Onlar yaxşı bilir ki, Dağıstanın tarixi müttəfiqləri və düşmənləri kimlər olub. Qafqaz xalqları tarixən Azərbaycan və Osmanlı türkləri ilə ittifaqa girərək Rusiyaya qarşı savaşıblar. Rusiya Qafqaza ölüm, müharibə, dini ayrı-seçkilik gətirib. Rusiya bu xalqları öz şərəfli keçmişindən ayırıb. Dağıstan tarixən Azərbaycan tərəfindən idarə olunub və Azərbaycan ərazisi sayılıb. Rus işğalı dövründə bu yaddaş silinsə də, tarixi bağlar, vahid iqtisadi məkan var. Qafqaz xalqları heç zaman Türkiyəni, Azərbaycanı özünə düşmən saymayıb. Şeyx Şamil hərəkatı hər bir dağıstanlının qürur duyduğu tarixdir. Şeyx Şamil Osmanlını dost bilir, Rusiyaya qarşı savaşırdı.
Rus işğalı dövründə keçmişindən ayrı düşmüş manqurt bir nəsil yetişdirilib. Xancan Qurbanov bu nəslin nümayəndəsidir. Amma keçmişinə, dininə, kültürünə bağlı yeni nəsil də yetişməkdədir. Onlar "Rusiya bu bölgəyə mədəniyyət gətirdi" nağıllarına inanmırlar. Yeni yetişən nəsil islamı, türkü özünə dost sayır. Ancaq Türkiyə və Azərbaycan bu qüvvələrlə işləməli, yeni düşüncəli nəslin yetişməsində rol oynamalıdır. Yoxsa, etnik separatizm baş bəlası olaraq qalacaq.
Kənan Rzaquliyev