Heydər Əsədovdan İsmət Abbasovun kadrlarına qarşı yeni həmlə
02:06 13-04-2014
CƏMİYYƏT
Heydər Əsədovdan İsmət Abbasovun kadrlarına qarşı yeni həmlə
"Unikal"ın daha bir xəbəri təsdiqləndi: Rafiq Məcidov "vuruldu"!
Kənd təsərrüfatı naziri 1 milyon dollarlıq korrupsiya faktı ilə bağlı da qəti addım atmağa hazırlaşır
Kənd təsərrüfatı naziri Heydər Əsədov yeni əmr imzalayıb. Əmrə əsasən, Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Neymətulla oğlu Məcidovu işdən çıxarılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Rafiq Məcidovla bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.
Xatırladaq ki, adıçəkilən şöbə müdirinin görəvdən alınacağına dair ilk məlumatı "Unikal" qəzeti yayıb. Qəzetimiz hələ ötən ayın ortalarında, daha doğrusu, 19 mart tarixli sayında öz məlumatlı mənbələrinə istinadən bildirmişdi ki, nazirliyin bir neçə vəzifəli şəxsinin postundan uzaqlaşdırılmasına hazırlıq görülür. "Bu sırada texniki siyasət və aqroservis şöbəsinin müdiri Rəşid Cəfərovun, investisiya, proqram və layihələrin hazırlanması şöbəsinin müdiri Rəşid Abbasovun və İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Məcidovun da adları çəkilir. Həmin şöbə müdirləri keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasova yaxın kadrlar sayıldığından onların da yeni nazirlə yollarının ayrıla biləcəyini təxmin etmək bir o qədər çətin deyil" deyə xəbərdə bildirilirdi.
Nazirliyə yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, Rafiq Məcidov sabiq kənd təsərrüfatı nazirinin ən etibarlı adamlarından sayılırmış, bundan başqa nazirliyin yuxarıda adı çəkilən daha bir neçə şöbə müdiri də məhz İsmət Abbasovun kadrları olması səbəbi ilə görəvindən uzaqlaşdırılmaq üzrədir.
Bu arada daha maraqlı iddia "Aqrolizinq" Səhmdar Cəmiyyətinin sədri Əli Bayramovla bağlıdır. Heydər Əsədov kənd təsərrüfatı naziri postuna gətirildikdən sonra adı davamlı olaraq vəzifəsindən kənarlaşdırılacaq şəxslər siyahısında göstərilən Bayramovun "vurulması" ilə bağlı fərman hər an oxuna bilər. Onun haqqında belə bir addımın atılmasını qətiləşdirən isə "Aqrolizinq"də bir neçə gün əvvəl üzə çıxarılan dəhşətli korrupsiya faktı olub.
Belə ki, üç gün əvvəl "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirildiyinə dair məlumat yayıldı. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilirdi ki, aparılmış istintaqla cəmiyyətin Şəki rayon Aqroservis filialının müdiri Rafim Qurbanovun ümumilikdə 66 nəfərə kənd təsərrüfatı məhsullarının istehsalçılarının adlarına onların məlumatı olmadan mineral gübrələrin güzəştli şərtlərlə satışını rəsmiləşdirməsi, lakin həmin mineral gübrələri ayrı-ayrı fiziki və hüquqi şəxslərə sataraq əldə olunmuş 789 min 512 manat məbləğində vəsaiti, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən aldıqları gübrə üçün ona verilmiş 55 min 124 manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Elə bu faktın da kənd təsərrüfatı naziri Heydər Əsədovun səbr kasasını tamamilə daşırdığı, belə iri həcmli korrupsiya əməliyyatını "Aqrolizinq"in hansısa filial rəisinin təkbaşına həyata keçirdiyinə inanmadığı, ümumiyyətlə, səhmdar cəmiyyət daxilində mənimsəmələrin miqyasının təsəvvür edildiyindən də qat-qat geniş xarakter daşımasından narahatlıq keçirdiyi, bütün bunlardan sonra isə Əli Bayramovla yolların ayrılmasına qərar verdiyi bildirilir.
Məlumatlara görə, "Aqrolizinq" rəhbəri də artıq bu postda uzun müddət qala bilməyəcəyinin fərqindədir. Elə buna görə də onun yır-yığış etdiyi və hər an barəsindəki əmrin elan edilməsini gözlədiyi deyilir.
Bəzi iddialara inansaq, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov özünə xeyli yaxın olan "Aqrolizinq" rəhbərinin postunda saxlanılması üçün bir müddət əvvələdək Heydər Əsədova müxtəlif kanallarla xahişlər göndərsə də, artıq o da Əli Bayramovdan əlini çəkib. Bu isə səhmdar cəmiyyət sədrinin "vurulması" üçün artıq heç bir maneənin qalmadığını deməkdən ötrü əsas yaradır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00