Nardaranda əsrlər sonra qum altından məscid tapıldı
08:41 13-04-2014
CƏMİYYƏT
Nardaranda əsrlər sonra qum altından məscid tapıldı
Bir Bakı kəndinin dünəninə və bugününə səyahət
Nardaran kəndində demək olar ki, keçmiş adət-ənənələr qorunub, saxlanılıb. Bakının mərkəzindən fərqli olaraq burada nə tikililərdə əsaslı dəyişikliklər aparılıb, nə də gəlmə insanların sayı mərkəzdəki qədər artmayıb.
"Sovetski", "Kubinka" məhəllələrində ağsaqqalların şikayətləndikləri: "Böyüyə hörmət azalıb, camaat bir-birini məhəllədə görəndə salam vermir" - iradlarına da bu kənddə rast gəlmədik. Kəndin mərkəzi hesab olunan "Nardaran piri" ətrafında, Hüseyn meydanında səslənən dini musiqilər, divarlara yazılan din xadimlərinin aforizmləri ilk baxışdan insana hansısa İran şəhərini xatırladır.
Lakin kəndin daxilinə doğru getdikcə İçərişəhərin divarlarına bənzəyən Nardaranın qədim hasarları, o dövrü yaşamasaq belə keçmişin xəyalını təsəvvürümüzdə yaradırdı.
Kəndin hər küçəsində kimi gördüksə, bizimlə salamlaşıb, əl görüşdü. Nardaran ilk baxışdan bizə sözlərdə və köhnə kitablarda qalan köhnə Bakını xatırlatdı.
Nardaran adının mənası
Nardaran kəndinin adının mənası barədə müxtəlif versiyalar var. Belə ki, bir ehtimalda kəndin adının birinci hissəsi əsas götürülərək bildirilir ki, burada nar bağları çox olduğu üçün kəndin də adı Nardaran adlandırılıb. Yəni daha dəqiq desək narlar diyarı. Digər ehtimala görə isə vaxtilə kəndin torpağında ağır seyid nəslindən olan insanlar yaşadıqları üçün, eyni zamanda, bu torpaqda 8-ci İmam Museyi Kazimin (ə) qızı Rəhimə xanım (ə) (azyaşlı övladı) və xanımın həyat yoldaşı Mir Əbdullah ağa dəfn olunduğu üçün kəndin adını Nurdelan, yəni qəlblər nuru kimi də adlandırırlar.
Qana boyanan
"Qəmbər" məhəlləsi
Nardaran kəndinin mərkəzi "Nardaran piri" adlanan tikilinin ətrafı hesab olunur. Elə kəndin ən qədim tikililərinə də bu ərazidə rast gəlmək olar. Ərazidə çəkiliş edərkən qarşımıza çıxan kənd ağsaqqalı, 82 yaşlı məşədi Kazımın sözlərinə görə, Nardaranın ən qədim məhəlləsi hesab olunan "Qəmbər" keçmişdə həm də igidlərin toplandığı yer olub.
Burada nardaranlılar əl-ələ verərək düşmən qarşısına çıxıblar: "1918-ci ilin martında, ondan əvvəlki illərdə bu məhəllədə qırğınlar olub, nə qədər azərbaycanlılarımız dünyasını dəyişib. Burada yaşayan adamlar az qüvvə ilə, yalın əllə vəhşiləşmiş Lalayanın çoxsaylı, silahlı dəstələrinə qarşı vuruşublar. Nardaranda xüsusən də bu məhəllədə, müsəlmançılıq, ənənələr, böyük-kiçiklik qorunub saxlanılıb. Mən uşaq olanda 20-25 yaşlı oğlanlar məhəllədə qayda-qanun yaradardılar. Hamısının da ciblərində soyuq silah olardı. Hərdən sözləri çəp gələndə düşünmədən bir-birilərini vurub, öldürərdilər. Ona görə də məhəllədə Aşura vaxtı qara bağlanan qapılarda bu kimi hallarda qırmızı örtük asılardı. Yadımdadır ki, biz qara örtüklərdən qorxmasaq da, qırmızı görəndə canımıza vahimə düşərdi. O vaxt məhəllədə hər bu cür bəd hadisə baş verəndə cayıllar sakitləşərdi. Daha bir-biriləri ilə mübahisə etməzdilər. Ancaq bu sakitliyin də ömrü bir neçə ay olardı.
Elə bu məhəllədə uşaqlar da dəliqanlı olub. Mənim özüm demək olar ki, dalaşardım, döyülərdim, köynəyim cırılardı, evə də gələndə anam döyərdi ki, nə üçün köynəyimi cırmışam. Ancaq atam davakar olmağımdan qürurlanardı. O dövrdə burada belə hadisələrə yaxşı baxırdılar. Ancaq indi məhəllədə bu kimi hallar baş vermir".
"Qumu təmizlədik,
altından məscid çıxdı"
78 yaşlı kənd sakini məşədi Heybət Bünyadov deyir ki, 60-70 il bundan öncəki "Nardaran piri"nin arxasında qum əlindən sözün həqiqi mənasında tərpənmək olmayıb. Elə ona görə də həmin hissəyə "Qum məhəlləsi" adı verilib: "Burada qum o qədər idi ki, evlərin birinci mərtəbəsi qumun altında qalırdı. Kimin evi alcaq idisə, qumu bir kənara çəkib, tunel kimi yol düzəldərdi ki, evinə gedə bilsin. Yadımdadır ki, burada sahibsiz ikimərtəbəli evlər vardı, hansı ki, birinci mərtəbəsi tamamilə qumun altında qalmışdı. İkinci mərtəbəsi də 1 metrə yaxın qumdan çöldə idi. Bu məhəllədə bir neçə ay həyəti təmizləməyəndə 7-8 metr qum yığılardı.
Burada yaşı 600-dən çox olan məscid var, o da həmin vaxtlar qumun altında qalmışdı. O zamanlar bu tikilinin məscid olduğunu çoxları bilmirdi. Sonra qumu təmizlədikcə məlum oldu ki, bura məscid imiş. Kənd camaatı yığılardı, qumu araba ilə daşıyardılar. Bir ay keçməmiş yenə də eyni vəziyyət olardı. Hər tərəf qumun altında qalardı. Sonra camaat başa düşdü ki, bu təbiətin möcüzəsidir, bu qumdan səmərəli iş üçün istifadə etməyə başladılar. O vaxtlar burada Hacı Abbas adında ağsaqqal var idi, onun təklifi ilə bura kino göstərmək üçün aparat gətirdilər, bir divar tikdilər ağ əhənglə boyadılar. Axşamlar kəndin cayılları, uşaqları yığışardı qum təpəsini üstündən indiki böyük saraylardakı kimi üzüaşağı oturardılar və kinoya baxardılar. Sonra bu qum yavaş-yavaş çəkildi. Heç kim bilmədi ki, qum necə oldu. Görünür, külək əsdikcə hissə-hissə yerini dəyişdi".
"Qadının cürəti
çatmaz ki, toy çadırına yaxın getsin"
Nardaranda qadınlara hörmət yüksək səviyyədədir. Bunu kənd daxilində gəzəndə də hiss etdik, mağazalarda, ictimai nəqliyyatda qadınlara Nardaran kişiləri tərəfindən olan sayğıdan da anladıq. Lakin Nardaranda toy məclislərində qadın-kişi məsələsində ciddi qadağalar mövcuddur.
Sakin Heybət Bünyadov bildirir ki, Nardaranda qədim zamandan bəri dəyişilməyən adətlərdən biri də toy adət-ənənələridir: "Hansı ki, burada kişi məclisləri qadın yığıncaqlarından ayrı edilir. Digər bölgələrdən fərqli olaraq, burada qadın məclislərində gecələr cavan oğlanlar çadırdan "barmaq deşiyi" açıb, özlərinə evlənmək üçün qız seçmirlər. Əgər belə bir hal baş verərsə, həmin oğlanın indinin özündə başını kəsərlər. Əksinə, burada qadın məclislərinə kişilərin, kişi məclislərinə də qadınların yaxınlaşmağa ixtiyarı yoxdur. Buranın adətləri nə qonşu kəndlərin, nə də Bakının mərkəzindəki qaydalarla eyni deyil. Nardaranın öz toy adət-ənənələri vardır ki, bunlar da əsrlərdir qorunub, saxlanılır. Belə bir qayda da vardır ki, qadın məclislərində toy yiyəsi olan bir kişi, dayanır toyxananın yaxınlığında. Kim ki, yoldaşını toydan aparmağa gəlirsə, həmin qapıda dayanana deyirlər, o da öz toyxanaya xəbər göndərir ki, filankəs külfətinin dalınca gəlib. Yoxsa heç bir kişinin ixtiyarı yoxdur ki, qadın məclisinə yaxınlaşıb öz xanımını belə oradan çağırsın. Bu qaydaları Nardaranda hər kəs bilir. Bilməyənləri də bir dəfə çəkib kənara başa salırlar, o da qaydalara uyğun hərəkət edir".
"Nardaranda qoçular
bir-biriləri ilə qan düşməni olsalar da, kənd camaatı
üçün birləşiblər"
Heybət kişi deyir ki, keçmişlə indikinin arasında Nardaranda dəyişən əsasən hasarlardır. Əvvəllər yarım metr olan hasarlar indi 3 metrə yaxın tikilir. Kənd ağsaqqalı bunu zəmanənin dəyişməsi nəticəsində çoxalan oğurluq hadisələri ilə əlaqələndirir. O bildirir ki, keçmiş zamanlarda kəndin qoçuları belə şeylərə icazə verməzdilər: "Keçmişdə burada da digər kəndlərdə olduğu kimi, beşatılan çiynində, patronları belində gəzən məhəllə qoçuları olub. Onlar kəndin ən hörmətli adamları idi. Həmin qoçuların qorxusundan kənddə oğurluq və digər bu kimi hadisələr olmazdı. Ona görə də kəndin hətta hasarları belə bir-iki daş üstündə hörülərdi. Mənim anamın dayısı "Kor" ləqəbli qoçu Kərbey Nağdəlini 1937-ci ildə sovet hökuməti güllələyib. Anamın dediklərinə görə, kənddə sovet hökumətinə qarşı mərd şəkildə vuruşduğu, xalqın haqqını müdafiə etdiyi üçün onu sovet hökumətinin güc strukturunun əməkdaşları gecə məhəllədə gəzdiyi vaxt qəfildən tutub, aparıb güllələyiblər. Sonra bu kənddə həmin vaxtlarda Axund Əbdüləli adlı qoçu olub. Onun da camaat arasında hörməti böyük olub. Elə Axund adını da ona camaat arasında hörmətinə görə o dövrün ağsaqqalları verib. Axund Əbdüləli ilə Nağdəli düşmən olublar. Ancaq bir gün Əbdüləli eşidib ki, Kürdəxanıdan bir qoçu gecə gəlib Nağdəlini öldürəcək. Tez gəlib Nağdəliyə deyib ki, səni axşam öldürməyə gələcəklər, gəl gedək kəndin girişində gözləyək onları, mən də sənə kömək edəcəm. Yəni Nardaran qoçuları bir-birilərinin oğlanlarını öldürsələr də, qan düşməni olsalar da, kənar yerdən gələn qoçulara qarşı həmişə birgə mübarizə aparıblar. Çünki ikisinin arasında olan məsələni şəxsi məsələ hesab ediblər. Başqa yerin qoçusunun Nardaranın bir adlı-sanlı qoçusunu öldürməsi isə bütün kənd üçün faciə ola bilərdi. Həmin qoçu kəndə girib kiminsə qızını qaçıra bilərdi. Bu da kəndin adı üçün ağır məsələ idi".
"Nardaranda İslam
dininə olan maraq
gün-gündən artır"
Yuxarıda qeyd etdiyimiz kimi, Nardaran kəndi həm də məscidlərinin çox olması ilə digər kəndlərdən fərqlənir. Burada İslama maraq da digərlərindən daha daha çoxdur. Hər halda sadaladıqlarımızı "Nardaran piri" kompleksinin işçisi Fərman Əsgərovun dilindən eşitdik: "Əvvəllər bizə atalarımız deyərdi ki, namazını doğru şəkildə qıl, orucunu tut, başqa şeylər lazım deyil. İranla əlaqələrimiz genişləndikdən sonra Nardaranda dinə marağı olan insanlar daha çox şeylər öyrəndilər. Hər İrana gedib təhsil alan kənd sakini də digərinə bildiyində öyrətdi, beləcə 1990-cı illərdən sonra Nardaranda İslam dininə olan maraq həddən ziyadə çoxaldı. Nardaran piri kimi tanınan məscidi də 1994-cü ildə camaat özü tikib. Kənardan maliyyə yardımı edənlər olurdu. Ancaq əsas əziyyəti camaat özü çəkdi. Yadımdadır ki, burada qum gətirən maşınlar dayanırdı, 5 dəqiqə çəkmirdi ki, camaat qumu lazım olan yerə daşıyıb, qurtarırdılar. Burada 100-dən çox kənd sakini eyni vaxtda işləyirdi. Hər kəs çalışırdı ki, məscidin tikintisində heç olmasa bir daşı da o daş üstünə qoysun. Bu məscid qəbiristanlıqda tikildiyi üçün tikinti zamanı torpaqdan sümüklər çıxırdı. Ağsaqqallar yığışıb getdi İrana məsləhətləşdilər ki, neyləyək. İrandan ağalar dedilər ki, sümükləri təmiz yığın, başqa yerdə dəfn edin. Ona görə də məscidin həyətində kiçik daşların üstündə adlara rast gəlmək olar. Həmin adlar qeyd etdiyim kimi, tikinti zamanı məscidin altında qalan məzar sahiblərinin adlarıdır".
"Dünyanın 3 ən
qədim məscidindən biri Nardarandadır"
Heybət kişi deyir ki, dünyada 3-4 ədəd olan üstüaçıq məscidlərdən biri də "Nardaran piri"nin yanında yerləşən məsciddir: "Hansı ki, onun yaşı 1000-dən çoxdur. Ötən il bu məscidə görə camaat arasında narazılıq yaşandı. Kənd camaatının yarısı deyirdi ki, məscidin üstünü bağlayaq, yarısı da bildirirdi ki, abidə kimi qoruyub saxlayaq. Buna görə kənddə böyük söz-söhbətlər oldu. Hətta polislər də gəlmişdi. Sonra kənd ağsaqqalları yığışıb qərara gəldik ki, plastik materialla tikilinin üstünü örtək ki, həm içərisində ibadət edə bilək, həm də abidəyə zərər verməyək. Ancaq bu ilə kimi həmin məscidin üstüaçıq olub.
Baxımsızlıqdan
gün-gündən məhv olan, içərisində qoyun-quzu
otarılan tarixi abidə -
Nardaran Qalası
Nardaran qalası 14-cü əsrə aid ağ daşdan tikilmiş dəyirmi qaladır. Üstündəki kitabədən aydın olur ki, Hülakilər dövrünün yadigarı, 1301-ci ildə Qazan xan tərəfindən inşa edilmiş qədim Nardaran qalasının memarı Mahmud Səd oğludur. Qalanın hündürlüyü 12,5 metrdir.
Qalaya yalnız xüsusi kiçik qapıdan daxil olmaq mümkündür. Görünür həmin qapıdan qoyun-quzu asanlıqla keçdiyi üçün kənd sakinləri bu qalanın içərisində qoyun otarırlar.
Kənd ağsaqqallarının deməyinə görə, keçmişdə dənizdən Bakıya hücum olardısa, bu qalanın üzərində tonqal qalayardılar. Həmin tonqalı Ramana qalasında görənlər bilərdilər ki, təhlükə var. Onlar da eyni şəkildə Ramana qalasında tonqal qalayarlarmış. Beləcə Bakının mərkəzində hər kəs xəbər tutarmış ki, dəniz sahilindən hansısa təhlükə var. Bununla da lazımi tədbirlər görülərmiş. Qalanın daxilindən şəhərin mərkəzinə doğru gizlin yeraltı yolun olduğu da bildirilir. Lakin qalada çəkiliş etdiyimiz zaman bununla bağlı hansısa izə rast gəlmədik. Qısası, bu qalanın daxilində yolun olub-olmamasından asılı olmayaraq, qədim tarixə malik olması hər halından görünür. Çöldən öz əzəmətini itirməyən qalanın içərisinə girdikdə, daşların eroziyaya uğrumasını açıq şəkildə hiss etmək olar. İçərisində qoyun-quzu otarılan qalanın əsas qülləsinin daxilindən isə hətta tualet kimi belə istifadə olunur. Lakin nədənsə lazımi qurumlar bu qalanı tarixi qoruq siyahısına əlavə etmirlər.
Xatırladaq ki, qala sonuncu dəfə 1956-cı ildə təmir edilib. O vaxtdan bu günə kimi qalaya baxan olmayıb.
Əli Rais
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49