"Dayanmaq lazım deyil..."
08:43 13-04-2014
CƏMİYYƏT
"Dayanmaq lazım deyil..."
Seymur Baycan: "Heç kim ciddi yazıyla məşğul olmaq istəmir, hamı lağlağı axtarır, vaxtından əvvəl nəyəsə nail olmaq istəyir
Tanınmış yazar Seymur Baycan kultura.az saytı vasitəsilə keçirdiyi Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı haqqında ən yaxşı yazı müsabiqəsi barədə danışır.
- Seymur, Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı haqda ən yaxşı resenziya əsasında müsabiqənin nəticələrinim mart ayının 20-30 arasında açıqlanılacağı deyilmişdi. İndi apreldir və nəticələr hələ də açıqlanmamış qalır. Müsabiqə təxirəmi salındı?
- Xeyr, bu qətiyyən belə deyil. Bir işə başlanılırsa, təxirə salınması mümkün deyil. Nəticələrin açıqlanmasının bu vaxtacan ləngiməsi mənim şəhərdə olmamağımla bağlıdır. İyirmi gündən də çoxdur ki, mən yeni əsərimi yazmaq üçün rayona getmişdim. Bizdə də bildiyiniz kimi bir işi bir adam görür, məsələn, gedirsən bir idarəyə və görürsən ki, işləyən bir nəfərdir, qalanları hamısı onun yanında fırlanırlar. Bizdə də bu müsabiqəni mən aparırdım və mən də burda deyildim.
- Qaliblər artıq müəyyən olunubmu?
- Qaliblər müəyyən olunmayıb hələ. Təxmini bilirik, amma tam dəqiqliyi ilə müəyyən eləməmişik. Mükafatlanmanı da fikrim yoxdur ki, təmtəraqlı bir mərasim edək. İştirakçılara dedim ki, kim qalibdirsə, elan edək, hədiyyəsini çatdıraq, məsələ həll olunsun. Çünki mən bu müsabiqəni ona görə etmirəm ki, kimsə gəlsin, şəkillər çəkilsin ki, belə bir müsabiqə oldu və s. Yox, burda mənim məqsədim - insanların diqqətini o romana cəlb etmək idi ki, o romanı oxusunlar.
- İştirakçıların sayı gözləntilərinizi doğrultdumu?
- Mən daha az gözləyirdim. Gözlədiyimdən 10 nəfər daha çox iştirak elədi. Bununla belə, narazıyam.
- Nədən narazısınız?
- Heç bir yerdən bir kömək görməyən, heç bir mənbədən maliyyələşdirilməyən bir sayt, keçirdiyi musabiqənin qaliblərinə kulis.az saytının verdiyinə bərabər mükafat verir, arxasında ciddi mənbələr duran saytlardan artıq pul verir. Gəlin açıq danışaq, Azadlıq Radiosu şeir, hekayə müsabiqəsi keçirir və sonunda qaliblərə gətirib fotoaparat təqdim edir. Yaxşı olmazdımı ki, bu qaliblərə pul versinlər, onlar da gedib öz ehtiyaclarını ödəsinlər. Bunlarla müqayisədə biz yaxşı mükafat veririk. Bu baxımdan, iştirakçıların sayı çox ola bilərdi. Sadəcə, heç kim ciddi yazıyla məşğul olmaq istəmir, hamı lağlağı axtarır, vaxtından əvvəl nəyəsə nail olmaq istəyir. Məsələn, sosial şəbəkələrdə, deyək ki, facebookda giriblər ora və boş başlarıyla orda bütün günü "yazıçılıq" edirlər. Bir adamın ki, özünün başı bomboşdur, o, başqasına nə öyrədə biləcək?! Lakin müşahidə edirsən ki, özləri üçün ağıllı-ağıllı danışırlar facebookda. Oxumaq istəmirlər, öyrənmək istəmirlər, hamısı ciddi ədəbiyyata ciddi yanaşmanı yola verir. Kulis.az-ın keçirdiyi "Ən qısa hekayə" müsabiqəsində 400 adam iştirak edib. Bunun özü qeyri-ciddilikdən xəbər verir. Bu ona gətirib çıxarır ki, bu 400 adamdan 4-ü, bəlkə də heç qısa hekayənin nə olduğunu, onun məsuliyyətini başa düşmür. Duyğu sömürüsü ilə məşğuldular: annem belə getdi, babam belə gəldi. Türklər nə çəkiblərsə, hamısını yığışdırıblar. Beləcə də, orda 400 adam iştirak edir, burdasa söhbət çox ciddi romandan gedir. Azərbaycan ədəbiyyatında iki-üç ciddi şəxs varsa, onlardan biri Çəmənzəminlidir. Əgər söhbət sırf nəsrdən gedirsə, bu zaman Çəmənzəminli ilk pillədə dayanan adamdır.
Ümumilikdə isə bu müsabiqədə mən bizim insanların necə qeyri-ciddi olduqlarına, proseslərə ciddi yanaşmadıqlarına, yola verdiklərinə, tənbəlliklərinə bir daha şahid oldum. Axı bu müsabiqə məhz onlar üçün keçirilir, oxusunlar, yazsınlar... Hər şeyə birdən-birə necə nail olmaq olar axı?
- Belə çıxır ki, oxumaqdan daha çox yazmağa üz tuturlar?
- Bilirsiz necədi, axı yazmaq da düz-əməlli olmalıdır. Oxumadan yazmaq necə olar? Bu, mümkün deyil, sadəcə. Bir dənə mənə yazıçı göstərsinlər ki, oxumayıb, amma yazıçı olubdur. Kimsə bunu gizlədə bilər fırıldaqçılıqla, amma bu o demək deyil ki, olmayıbdir. Mənim gözümün önündə neçə nəfər öz istedadına arxayın olub özünü məhv elədi. Gözümün qabağında baş verdi bütün bular. Seyid cəddinə inanan kimi, arxayın olublar öz istedadlarına, öz istedadları da gəldi bunların qəbir evinə çevrildi.
- Verdiyiniz müsahibələrin birində bu formatda müsabiqənin davamlı olacağını söyləmişdiniz. Növbəti müsabiqə üçün resenziya yazılacaq əsərin adını düşünmüsünüzmü?
- Bəli, artıq əsərin adını düşünmüşəm, hazırdır. Qaliblər elan olunan kimi, həmin əsərin adını da elan edəcəyəm.
- İştirakçıların arasında öz favoritiniz varmı?
- İstənilən müsabiqədə narazılıq olur. Bu qaçılmazdır və normaldır, olmalıdır da. İştirak edənlərin çoxu da mənim tanıdığım insanlardır. Doğrudan da, seçim etmək bir qədər çətindir. Amma inanıram ki, onlar məni yaxşı tanıdıqlarına görə, heç biri seçimimdə məndən inciməyəcək. Anlayacaqlar ki, kiminsə üzərində bu seçimi etməkdə ciddi əsaslarım var. Buna baxmayaraq, dayanmaq lazım deyil, digər müsabiqələrdə də iştirak etmək lazımdır. Tək burda demirəm, o biri müsabiqələrdə də iştirak etmək lazımdır. Ümumiyyətlə, müsabiqələr çox olmalıdır. Bu müsabiqədəki seçimimsə, demək olar ki, hazırdır.
Könül Həsənqulu
Digər Xəbərlər
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00