Ukraynanın şərqində qorxunc Krım variantı

Ukraynanın şərqində qorxunc Krım variantı

Yeni dünya müharibəsi təhlükəsi addım-addım yaxınlaşır!

Fransanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi rəsmi Moskvanı Ukraynanın şərqində baş verən hadisələrdə Rusiya qoşunlarının iştirakını inkar etməməyə çağırıb.
Fransalı diplomat Ukraynanın şərqində Krım ssenarisinin həyata keçirildiyini söyləyib: "Biz görürük ki, Ukraynanın şərqində müşahidə olunan zorakılığın səbəbləri daxildə yaranmayıb. Burada Krım ssenarisinin həyata keçirildiyini görürük. Əvvəlcə ruspərəst insanlar, arxasınca isə intizamlı silahlı maskalılar hərəkət edirlər. Bütün bunlar internet vasitəsilə yayılır. Rusiyanın etirazlarına baxmayaraq, artıq ona heç kim inanmır. Rusiya anlamır ki, internet mövcuddur və onun inkar etdikləri üzə çıxır".
Böyük Britaniyanın qurumdakı nümayəndəsi Mark Layal Qrant isə bildirib ki, Ukraynada baş verən zorakılıqların "dirijorluğunu" Rusiyanın etdiyini göstərən sübutların sayı artır: "Böyük Britaniya Rusiyanı dərhal Ukrayna sərhədindən öz qoşunlarını geri çəkməyə, gərginliyi azaltmaq üçün əlindən gələni etməyə çağırır".
Rusiyanın BMT-dəki daimi səfiri Vitali Çurkinin sözlərinə görə, Ukrayna rəhbərliyinin rusiyayönümlü separatçıları dağıtmaq üçün ordu qüvvələri cəlb edəcəyini bəyan etməsi Rusiyada narahatlıq doğurub.

Donetskdə gərginlik
artır: maskalılar
2 zabiti öldürdü

Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində naməlum silahlı şəxslər 4 nəfəri öldürüblər.
Ukrayna Təhlükəsizlik Xidmətinin iki zabiti şəhərin girişində qurulmuş blok-postda qətlə yetirilib. Mülki şəxslərin olduğu avtomobil isə küçənin ortasında gülləbaran edilib. Slavyansk şəhərində məktəb və baxçalar bağlanıb. Şəhərdə durum gərgin olaraq qalmaqdadır, sakinlər küçəyə çıxmağa ehtiyat edirlər. Separatçılar isə xüsusi təyinatlıların əməliyyatına hazırlaşırlar. Qeyd edək ki, şənbə günü naməlum silahlı şəxslər Slavyanskda milis şöbəsini ələ keçirmişdilər.

Yanukoviç Ukrayna
hakimiyyətini hədələdi

Ukraynanın keçmiş prezidenti Viktlr Yanukoviç növbəti dəfə Rostovdan müraciət edib. Rusiya telekanallarının yaydığı müraciətdə keçmiş prezident Ukrayna hakimiyyətini hədələyib. O, bəyan edib ki, hazırda hakimiyyətdə olan qüvvələr, o cümlədən, daxili işlər naziri və Təhlükəsizlik Xidmətinin rəhbəri cinayət məsuliyyəti daşıyacaqlar. Viktor Yanukoviç onu da deyib ki, Ukraynada vətəndaş müharibəsi başlayıb: "Bu gün qan töküldü. Ölkəmiz keyfiyyətcə yeni mərhələdədir - bir ayağı ilə vətəndaş müharibəsinə girib".

Aleksandr Turçinov
Ukraynada federallaşma barədə referendum
keçirilməsini
istisna etmir

Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov mayın 25-də keçiriləcək prezident seçkiləri ilə bərabər referendumun da keçiriləcəyini istisna etməyib. UNİAN agentliyinin verdiyi məlumata görə, A. Turçinov parlament fraksiyalarının liderləri və komitə rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda bildirib ki, Ali Rada qərar qəbul edərsə, ölkənin unitar quruluşunun dəyişdirilib-dəyişdirilməməsi haqda referendum keçirilən bilər: "Biz referendumun əleyhinə deyilik. Mən əminəm ki, ukraynalıların mütləq əksəriyyəti müstəqil, suveren, demokratik, bölünməz və unitar Ukraynaya tərəfdar olacaq".
A. Turçinov əmindir ki, bu gün ukraynalılar ölkənin ərazi bütövlüyünə qəsd edən təcavüzkara müqavimət göstərməyə hazırdır.
Qeyd edək ki, Rusiya israrla Ukrayna hakimiyyətini federativ dövlət quruluşuna əsaslanan yeni Konstitusiya layihəsi hazırlamağa çağırır. Ukraynanın şərqində baş verən hadisələrin də məhz Ukraynanı federallaşma seçiminə məcbur etmək məqsədilə təşkil olunduğu bəllidir.

BMT TŞ Ukrayna ilə
bağlı fövqəladə
iclas keçirdi

Srağagün BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın müraciətinə əsasən Ukraynadakı vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas keçirib. Rusiyanın BMT-dəki daimi səfiri Vitali Çurkinin sözlərinə görə, Ukrayna rəhbərliyinin Rusiyayönümlü separatçıları dağıtmaq üçün ordu qüvvələri cəlb edəcəyini bəyan etməsi Rusiyada narahatlıq doğurub.
Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Mark Layal Qrant isə bildirib ki, Ukraynada baş verən zorakılıqların "dirijorluğunu" Rusiyanın etdiyini göstərən sübutların sayı artır. "Böyük Britaniya Rusiyanı dərhal Ukrayna sərhədindən öz qoşunlarını geri çəkməyə, gərginliyi azaltmaq üçün əlindən gələni etməyə çağırır".

Keçmiş SSRİ
vətəndaşları Rusiya
ordusunda
döyüşmək istəyir

Rusiyada yaşayan əcnəbi vətəndaşlar Rusiya Silahlı Qüvvələrində qulluq etmək üçün ölkə rəhbərliyinə müraciət edəcək. Bu barədə Rusiya Miqrasiya Xidmətinin (RMX) bəyanatında bildirilir.
"Hazırda Rusiyada yaşayan milyonlarla miqrant, həmçinin keçmiş SSRİ vətəndaşları Rusiya Federasiyasını müdafiə etmək üçün Silahlı Qüvvələrdə iştirak etməyə hazırdır", deyə bəyanat bildirilir.
Sənəddə həmçinin qeyd olunur ki, RMX qərb ölkələrinin hökmranlıq etmək üçün dünya ictimaiyyətinə qarşı təcavüzkar təzyiq göstərməsindən narahatdır: "Biz artıq ölkəmiz ətrafında baş verən hadisələrə izləyici kimi qala bilmərik. Rusiyada yaşayan millətlərin dinindən, irqindən, ideoloji baxışlarından asılı olmayaraq vahid şəkildə birləşdirilməsinin vaxtı çatıb. Yalnız dünya xalqlarının birliyi bizi qoruya bilər".
Rusiya Xarici İşlər Nazirliyi RMX-nin qeyd edilən bəyanatını hələlik şərh etməyib.
Qeyd edək ki, hazırda Rusiyada yaşayan əcnəbi vətəndaşlar hərbi qulluğa çağrılmır. 2013-cü ildə Rusiyada hərbi xidmət haqqında qanuna edilən dəyişikliyə əsasən Rusiya vətəndaşı olan bütün şəxslər, hətta öz ölkəsində hərbi xidmət keçsə də Rusiya Silahlı Qüvvələrində qulluq etməyə məcburdur.

"Putin Qərbin əlilə özünü vurmağa çalışır"

"Region" Beynəlxalq Analitik Mərkəzinin (RBAM) direktoru Razi Nurullayev Ukraynanın Şərqində baş verən proseslərə növbəti dəfə münasibət bildirib. R.Nurullayev qeyd edib ki, Şərqi Ukraynada baş verən proseslər Krım ssenarisinə doğru gedir. Krımın itirilməsinin fərqli məsələ olduğunu deyən Razi Nurullayevin sözlərinə görə, həmin vaxt Ukrayna cəmiyyətində məsələ ilə əlaqədar birmənalı fikir formalaşmamışdı, hökumət yeni qurulmuşdu.
RBAM direktoru hesab edir ki, bu amillərə görə, Krıma yönəlik qətiyyətli addımlar atılmadı: "Nəticə olaraq Krım işğal edildi və Rusiya Şərqi Ukraynaya doğru nüfuz etməyə başladı. Ukraynanın Şərqində də Rusiyanın separatçı dəstələri peyda olub. Regionda artıq Kremlin təbliğat maşını işə düşüb və konfilyaj olunmuş əsgərləri də əhali arasında təşviqat-təbliğat aparmaqla məşğuldurlar. Lakin Ukraynanın Krım kimi digər ərazilərinin də itirilməsilə razılaşacağı inandırıcı deyil. Belə halda Ukrayna ordusu seperatçılar tərəfindən işğal olunmuş ərazilərə doğru hərəkətə keçəcəklər. Rusiya da regionda yaşayan etnik rusların müdafiəsi məqsədilə bölgəyə qoşun yeridə bilər. Bununla da Ukrayna tamamilə ələ keçməsə də yarı işğal altında olacaq. Bölgədə rus ordusu amilini də nəzərə alsaq, gələcəkdə həmin bölgənin Krımın taleyini gözləməsi mümkün ola bilər. Lakin referendum vasitəsilə Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsini ehtimal etmək çətindir. İstənilən halda region Ukraynadan müstəqilliyini tələb etməyə çalışacaq. Təbii ki, Rusiya da ona kömək etməyə səy göstərəcək. Bunun əsasında müəyyən məsələlər dayanır. Hesab etmək olar ki, Putin Qərbin əlilə özünü vurmağa çalışır. Yanukoviç Avropa İttifaqının assosasiya sazişindən imtina edəndən sonra Qərbi Ukrayna bölgələri etiraz aksiyaları keçirməyə başladılar. Bu gün də Moskva həmin silahla yeni hökuməti vurur. Şərqi Ukrayna da Rusiyaya birləşmək haqqında tələblərini irəli sürür. Şərqə Qərb regionları arasındakı fikirlər tamamilə ziddiyyətlidir. Baş verənlərin fonunda vəziyyət olduqca kritikdir. Vaxtında Qərb və Avropa İttifaqı Krımla bağlı qətiyyət ortaya qoysaydı, bu gün Rusiya Şərqi Ukraynaya qədər nüfuz edə bilməzdi".

Saakaşvili Ukraynanı
qətiyyətli
mövqeyə çağırdı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın ciddi təhlükı qarşısında olduğunu və bütün vətənpərvərlərin ləngimədən hərəkətə keçməli olduğunu deyib. "Rusiya Krımı zəbt etməklə Ukrayna iqtisadiyyatının dörddə birini ələ keçirib. Əgər qarşıdakı günlərdə əsl müqavimət başlamasa, Ukrayna şərqlə yanaşı iqtisadiyyatının 40 faizi ilə yanaşı dövlətçiliyini itirmək perspektivi ilə də üz üzə qalacaq", - deyə Saakaşvili bildirib.

Ukrayna böhranı
qaz bazarlarına necə
təsir edir?

Kiyevdə hökumətin dəyişməsi, Rusiyanın Krımda hərbi əməliyyatı, Qərb güclərinin diplomatik reaksiyaları, müharibə təhlükəsi Rusiya, Ukrayna və Avropa arasındakı bütün növ iqtisadi münasibətlərə, xüsusilə də enerji sahəsində əməkdaşlığa ciddi təsir edib.Bu barədə "Naturalgaseurope" məlumat verib.
2014-cü il, martın 10-dan etibarən təchizatda fasilələrin yaranmasının əsas səbəbi Ukraynanın "Neftoqaz"ının ciddi borcunun olmasıdır. Fevralın sonunda "Qazprom"a borcun 3,3 milyard dollarlıq hissəsi ödənəndən sonra, 7 martdan etibarən 2 milyard dollardan az məbləğ qalır.
Bundan öncəki Rusiya-Ukrayna qaz mübahisələri, borcun yığılması "Qazprom"un Ukrayna istehlakçılarına təchizatı dayandırmasına və Avropa üçün növbəti tranzitdən yayınmasına gətirib çıxarmışdı. 2009-cu ilin yanvarında Rusiya qazının Qərbə, Aİ və Ukraynaya təchizatı iki həftəlik dayandırılmışdı.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Ukraynadan qaz təchizatı dayandırılarsa, vəziyyət 2009-cu ildəki qədər ciddi olmayacaq. Çünki rus qazını Ukrayna və Belarusdan keçmədən Almaniyaya nəql edən Şimal Axını boru kəməri başa çatıb. Digər qarşılıqlı əlaqələr də Şərqi Avropada vəziyyəti yaxşılaşdırıb. İqtisadi vəziyyət və mülayim ab-hava da tələbatın nisbətən aşağı olduğunu göstərir.
Avropa nöqteyi-nəzərindən, kommersiya məntiqinə görə, Ukraynadan kənarda qaz tranzitinin diversifikasiyası dəstəklənməlidir. Bura Cənub Axını kəməri üçün tənzimləyici dəstək də daxildir. Əgər kəmər tam başa çatdırılarsa, 2020-ci ilə qədər rus qazının Ukrayna vasitəsilə nəqlinin tamamilə dayandırılmasına şərait yaradıla bilər. Lakin Avropa hökumətlərinin Krım məsələsi ilə bağlı mövqelərinə uyğun olaraq, enerji məsələləri üzrə Rusiya ilə əməkdaşlığı minimuma endirmək üçün siyasi addım atıla bilər. Bu halda, qaz idxalı və tənzimləmə ilə bağlı Aİ və Rusiya arasındakı mübahisəli məsələlər daha da kəskinləşəcək və bu, Cənub Axını üçün mənfi nəticələr doğura bilər. Bundan başqa, Avropanın əvvəllər iqtisadi xərclər ucbatından məhdudlaşdırılan, rus qazından uzaqlaşmaq üçün etdiyi cəhdlər yenidən bərpa ediləcək.
Kənan Rzaquliyev