Oqtay Şirəliyevin nazirliyinə qarşı məhkəmə həmləsi
12:57 15-04-2014
CƏMİYYƏT
Oqtay Şirəliyevin nazirliyinə qarşı məhkəmə həmləsi
Azərbaycan səhiyyəsi yenə dəhşət saçdı: səhv müalicə 8 yaşlı uşağı ağır xəstə etdi!
Son günlər Azərbaycanda həkim səhlənkarlıqları ucbatından səs-küylü ölüm halları, digər arzuolunmaz nəticələrə gətirib çıxaran hallar artıb. Cəmiyyətdə ciddi rezonans doğuran, narahatlıqlara yol açan belə faktların artması, eyni zamanda səhiyyə sahəsindəki çatışmazlıqları və bu sahəyə məsul naziri və nazirliyi də iradların hədəfinə çevirib.
Azərbaycanda həkim səhlənkarlığı ilə bağlı hələlik sonuncu fakt isə Kərimovlar ailəsi ilə bağlıdır. "Həkimin səhv müalicəsi ucbatından övladım ağır xəstəliyə düçar olub" - deyə Bakı sakini Şəhla Kərimova bildirib.
Onun sözlərinə görə, 2011-ci il avqustun 8-də azyaşlı oğlu Şəhriyar Əliyevi Nəsimi rayonu, 3 saylı uşaq poliklinikasına aparıb. Poliklinikanın həkimi Fəryal Əliyeva uşağı müayinə edib və soyuqladığını bildirib. Sahə həkimi 4 gün ərzində 8 ampula antibiotik təyin edib. Qısa müddətdə azyaşlıya bu qədər antibiotikin vurulması şok effekt verib.
Şəhla Kərimova daha sonra bildirib: "Gördük ki, uşağın vəziyyəti gündən günə pisləşir. Bakının demək olar ki, bütün xəstəxanalarına müraciət etdik. Həm dövlət, həm də özəl... Heç yerdə çarə tapılmadı. Məcbur olub İrana apardıq. Çoxlu müayinələrdən sonra xəstəliyin səbəbi bəlli oldu. Sahə həkimi uşağa səhv müalicə təyin edibmiş. Dərmanlar uşağın dalağında zədə əmələ gətirib. İndi övladımda sağalması çətin olan xəstəlik əmələ gəlib".
Şəhla Kərimova deyib ki, balaca Şəhriyarın müalicəsi indi yalnız Danimarkada mümkündür: "Dedilər ki, müalicə Azərbaycanda mümkün deyil. Biz də bir neçə ölkənin xəstəxanalarına müraciət etdik, araşdırma apardıq. Məlum oldu ki, müalicə yalnız Danimarkada mümkündür. Xərci də ən azı 250 min avrodur. Bu müddət ərzində Şəhriyarın müalicəsinə görə evimizi də satmışıq".
Səhiyyə Nazirliyindən bildirilib ki, azyaşlı Şəhriyar Əliyevin valideynlərinin nazirliyə şikayəti araşdırılarkən təsdiqlənib ki, xəstə uşağın müalicəsi həqiqətən də səhv aparılıb. 3 saylı poliklinikanın həkimi Fəryal Əliyevaya şiddətli töhmət verilib.
Şəhla Kərimova daha sonra deyib ki, bu yaxınlarda Səhiyyə Nazirliyindən yaşadıqları ünvana nümayəndə gəlib: "Bütün əziyyətlərimizdən sonra evə Səhiyyə Nazirliyindən nümayəndə gəlmişdi. Amma bunun da heç bir şeyə xeyri olmadı. Uşağın sənədlərini götürüb getdi".
Şəhla Kərimovanın sözlərinə görə, Şəhriyar vaxtında əməliyyat olunmasa, həyatı ilə vidalaşmalı olacaq. Ana öz övladının sağlamlığının bərpasını Səhiyyə Nazirliyindən tələb edir. Buna görə özünə hüquqşünas Elçin Namazovu nümayəndə tutub.
Elçin Namazovun sözlərinə görə, hazırda sənədlər toplanır. Səhiyyə Nazirliyi balaca Şəhriyarın sağlamlığının bərpasının xərclərindən imtina etsə, vəkil məhkəmədə iddia qaldıracaq.
Bizə isə baş verən bu acı olaya Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin səssiz qalmamasını, 8 yaşlı uşağın həyatda qalması və onun bu vəziyyətə düşməsinə bais olanların cəzalandırılması üçün təcili addımlar atmasını arzulamaqdan başqa bir şey qalmır.
Ümumiyyətlə, ictimai rəydə Azərbaycanda həkim səhlənkarlığı nəticəsində faciə və xoşagəlməz halların yaşanması xeyli adiləşib, əksəriyyət Azərbaycanda həkim diaqnozlarına etibar etmir. Səhiyyə sahəsinə külli miqdarda vəsait ayrılmasına rəğmən belə bir mənzərənin yaranması isə, əlbəttə, ürək ağrıdır və təcili müdaxilə tələb edir.
Xüsusən səhiyyə naziri Oqtay Şirəliyev son vaxtlar həkim səhlənkarlıqlarının çox sayda ölüm faktlarına və digər neqativ hallara yol açmasına birbaşa münasibət bildirməli, vəziyyətə müdaxilə edərək bu durumun davam etməsinin önünə keçilməsi üçün zəruri addımların atılmasına göstəriş verməlidir. Əks halda bəzi ekspertlər bunun Şirəliyev üçün ciddi başağrısı yaradacağını istisna etmir və sabiq müdafiə naziri Səfər Əbiyevin taleyini misal göstərirlər.
Belə ki, orduda geniş yayılan əsgər ölümləri və bunun cəmiyyətdə yol açdığı narazılıqlar, etirazlar keçmiş müdafiə nazirinin yeni hökumət kabinetindən kənarda qalmasının əsas səbəbi kimi göstərilir. Və istisna olunmur ki, indi səhiyyə sistemində həkim səhlənkarlığının yol açdığı ölümlərin artması, bunun ictimai rəydə ciddi rezonans və təpkilər doğurması da qısa müddətdən sonra Oqtay Şirəliyev üçün eyni karyera sonluğuna gətirib çıxara bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59