Ziya Məmmədovun Abutalıbova cavabı gecikmədi
11:34 16-04-2014
CƏMİYYƏT
Ziya Məmmədovun Abutalıbova cavabı gecikmədi
Bakı meriyasının tərkibindəki qurumda korrupsiya aşkarlandı
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsində aparılmış audit yoxlamaları nəticəsində vəzifələrinin icrası zamanı nöqsanlara yol verən 9 vəzifəli şəxsi cəzalandırılıb. Bu barədə məlumat Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatında açıqlanıb.
Auidit yoxlaması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib. Belə ki, birlik tərəfindən yaşıllıqlara xidmət xərclərinin proqnozlaşdırılması zamanı hesablamaların faktiki qulluq göstərilən yaşıllıq ərazisinə görə aparılmaması səbəbindən həmin xərclərin proqnoz məbləğləri artırılıb, qüvvədə olan normalara əməl olunmaması nəticəsində yaşıllıqlara xidmət xərclərinin tərkibində təsərrüfat fəaliyyətinə aid olmayan xərclər də proqnozlaşdırılıb.
Kollegiya qərarının icrası ilə bağlı Palataya təqdim edilən məlumatda aidiyyəti təsərrüfat rəhbərləri və vəzifəli şəxslərlə müzakirələr aparıldığı, onlara müvafiq tapşırıqların verildiyi, birliyin müəssisə və təşkilatlarında yol verilən nöqsan və çatışmazlıqlara təkrar yol verilməməsi üçün müvafiq tədbirlərin görüldüyü bildirilib.
Vəzifələrinin icrası zamanı nöqsanlara yol verən 9 vəzifəli şəxs barəsində inzibati tənbeh tədbirlərinin görüldüyü, o cümlədən, 1 şöbə rəisinin işdən azad edildiyi, 1 şöbə rəisinin aşağı vəzifəyə keçirildiyi, 3 baş iqtisadçıya və 1 mühəndisə töhmət verildiyi, 1 idarə rəisi, 1 baş müsahib və 1 baş iqtisadçıya xəbərdarləq edildiyi qeyd olunub.
O cümlədən, 12000 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, 277876 manat debitor borcu uçota alınıb, 309476,04 manat məbləğində kreditor borcu ləğv edilib.
Maraqlıdır ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tabe olan qurumdakı qanunsuzluqlarla bağlı Hesablama Palatasının aşkarladığı faktlar dünən, yəni paytaxtda sərnişin daşınmasının paytaxt merinin nəzarətinə verilməsindən bir gün sonra ictimailəşib. Belə ki, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərara imza atıb. Bununla da paytaxtda sərnişindaşıma nəqliyyat naziri Ziya Məmmədovun əlindən alınaraq, faktiki olaraq Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova verilib.
"Unikal" olaraq bununla bağlı qəzetimizin dünənki sayında dərc olunan yazımızda qeyd etmişdik ki, paytaxt sərnişin daşımasının Nəqliyyat Nazirliyindən alınaraq faktiki olaraq Bakı şəhər İcra Hakimiyyətinin nəzarətinə keçməsi Hacıbala müəllimin Ziya Məmmədov üzərində qələbəsi sayıla bilər. "İki oliqarx arasındakı "soyuq savaş"ın bundan sonra hansı şəkil alacağını isə yəqin ki, zaman göstərəcək" deyə qəzetimizin təhlilində bildirilirdi.
Amma göründüyü kimi, nəqliyyat nazirinin paytaxt merinə cavabı çox gecikməyib. Hesablama Palatasının Bakı meriyasının tabeliyindəki qurumda aşkarladığı ciddi qanunsuzluqların dünən ictimailəşməsi nəqliyyat nazirinin Abutalıbova qarşı cavab həmləsi olaraq dəyərləndirilə bilər.
Məsələ burasındadır ki, Hesablama Palatasının əvvəlki sədri Heydər Əsədov kimi, yeni sədr Vüqar Gülməmmədov da nəqliyyat nazirinin adamıdır. O, bu vəzifəyə gətirildiyi zaman KİV yazırdı ki, Ziya Məmmədov Hesablama Palatasına öz adamının təyin edilməsinə nail olub.
İndi nəzərə alsaq ki, adıçəkilən qurum hələ də nəqliyyat nazirinin qeyri-rəsmi şəkildə nəzarətində qalır; onda paytaxtda sərnişin daşımanın Abutalıbovun nəzarətinə keçirilməsindən dərhal sonra Hesablama Palatasının Bakı meriyasının tabeçiliyindəki qurumda baş verən neqativ hallarla bağlı aşkarladığı faktların ictimailəşməsini təsadüfi saymaq olmur.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49