İlham Əliyevdən beynəlxalq təşkilatlara sərt xəbərdarlıq
11:37 16-04-2014
CƏMİYYƏT
İlham Əliyevdən beynəlxalq təşkilatlara sərt xəbərdarlıq
Regiona olan ikili yanaşma müharibənin başlanması ilə sona çatacaq
Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsi və Krımın faktiki olaraq Rusiya tərəfindən işğalı dünya düzəninə ciddi təsirini göstərdi. Aydın oldu ki,bu gün güc nümayiş etdirən dövlətlər beynəlxalq təzyiqlərdən belə çəkinmədən istədikləri addımı atırlar. Belə ki, Rusiya öz gücünə inanaraq istədiyini etdi.
Beynəlxalq təşkilatlar isə müəyyən sanksiyalar tətbiq etməklə və bəyanatlar verməklə kifayətləndilər. Bu isə bir daha təsdiqlədi ki, bu tip təşkilatlar artıq ömürlərini başa vurublar və onlara inam artıq qalmayıb. Ən qəribəsi isə budur ki, Krım məsələsində heç olmasa Rusiyaya qarşı hansısa sanksiyalar tətbiq olundu. Azərbaycana, Dağlıq Qarabağ probleminə gəldikdə isə indiyə qədər bir dəfə də olsa ciddi heç bir addım atılmayıb və buda sözsüz ki, ciddi narazılıqlar yaradacaq. İlk sərt narazılıq isə prezident İlham Əliyevdən gəldi. İlham Əliyev bəyanatla çıxış edərək beynəlxalq gücləri ikili yanaşmada ittiham etdi:-"Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada "nümayəndəliklər" açırlar, gedib-gəlirlər. Nə üçün? Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O ki, qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq. Bir daha bu məsələni müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə artırmışdır. Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır. Eyni zamanda, bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir "T-72", "T-90" tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü olmalıyıq və olacağıq".İlham Əliyevin belə sərt bəyanatla çıxış etməsini "Unikal"a şərh edən politoloq Mübariz Əhmədoğlu hesab edir ki, artıq hər şeyi öz adı ilə çağırmağın zamanı çatıb:-" Prezident İlham Əliyevin bəyanatı bir sıra məqamlara aydınlıq gətirdi. İlk növbədə bir daha təsdiqləndi ki,
Azərbaycan beynəlxalq təşkilatların yanaşmasına inanmır və açıq şəkildə dəfələrlə ATƏT-in Minsk qrupunun səmərəsizliyi göstərilib. Bununla yanaşı prezident İlham Əliyev bu bəyanatı ilə Azərbaycana qarşı haqsız bir yanaşmanın olduğunu sübutladı. Həqiqətən də bu vaxta qədər beynəlxal təşkilatlar konkret addımlar atmaq əvəzinə ikili oyun sərgiləyirlər. Prezidentin bəyanatında diqqəti cəlb edən başqa nüans isə bu oldu ki, prezident açıq şəkildə bildirdi ki, Azərbaycan danışıqlarla paralel olaraq hərbi gücünü genişləndirir. Bu isə o deməkdir ki, Azərbaycan dialoqlardan imtina etmədiyini göstərməklə yanaşı, həm də lazım olarsa hərbi yolla torpaqlarını geri alacaq. Son illər verilən bəyanatlarda göstərir ki, Azərbaycan öz mövqeyindən geri çəkilmək niyyətində deyil. Elə son zamanlar cəbhə xəttində yaşanan gərginliklər və Azərbaycanın sərt rekasiyaları beynəlxalq təşkilatların diqqətini cəlb etməlidiir". Ekspertlər hesab edir ki, Azərbaycan bu gün istər iqtisadi, istərsə də hərbi baxımdan kifayət qədər güc toplayıb və buna görə artıq beynəlxalq təşkilatlar qarşısında şərtlərlə çıxış etməlidir. Ən azından Dağlıq Qarabağda qondarma hökümət yaradan şəxslərə qarşı hansısa sanksiyaların tətbiqinə mütləq nail olmalıyıq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47