"Ənənəvi milli-dini ideologiyanın möhkəmlənməsi sabahkı "Möhkəm Azərbaycan" deməkdir"
Şərqşünas alim Vüsal Hətəmov: "Hər hansı bir dini və qeyri-dini ideologiya Azərbaycanın milli mentalitetinə, mədəniyyətinə, milli təfəkkürünə ziddirsə, həmin ideyanın təbliği yolverilməzdir"
Azərbaycan Qafqazın etnik və dini cəhətdən ən endogen yerlərindən hesab olunur. Respublikamızda əhalisi az olmayan digər başqa dilli millətlər də, fərqli din və təriqətlər də mövcuddur. Əhalisinin əksəriyyətini mənşəcə azəri türkləri təşkil edən Azərbaycanda ta qədimdən təbii şəkildə dini və etnik zəmində problem, demək olar ki, yaşanmayıb.
Bununla yanaşı, Azərbaycan millətlərarası münasibətlərə də önəm verən ölkələrdəndir. Belə ki, dini mənsubiyyətindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan bir dövlət kimi bütün dövlətlərlə qarşılıqlı münasibətlərin qurulmasında maraqlı olub. Məlum olduğu kimi, Prezident İlham Əliyevə Vatikanın Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından biri olan "Medalla Sede Vancante" təqdim olunub. "Ölkə başçısının bu qədər yüksək təltifə layiq görülməsi iki ölkə arasında olan dostluq münasibətlərinə söykənir. Bu, həmçinin onu göstərir ki, Azərbaycanda Prezident səviyyəsində millətlərarası münasibətlərin qurulmasına diqqət yetirilir.
Bu gün dünyanın sabitliyə, sülhə və barışa çox böyük ehtiyacı var. Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici siyasəti dünya sülhünə, əmin-amanlığına, barışa və inkişafa yönəlib. Azərbaycan xalqı da tolerant bir xalqdır. Azərbaycanda çoxsaylı xalqlar yaşayır. Dövlət başçısının bu istiqamətdə apardığı siyasət beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, bu gün ölkəmiz mədəniyyətlərarası dialoqun beşiyinə çevrilib, artıq ölkəmizdə tolerantlıq institutu formalaşıb. Bu da beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir. Hazırda mədəniyyətlərarası dialoqa çox böyük ehtiyac var. Məhz müqəddəs dəyərlərin qorunması yolunda ölkə başçısının atdığı və həyata keçirdiyi siyasət yüksək qiymətləndirilir.
Təbii ki, ölkədə bu tolerantlıq mühitini, millətlərarası qardaşlıq ənənəsinə zərər vermək istəyən qüvvələr də var. Bəs görəsən, hazırda vəziyyət necədir? Fərqli dini təriqətlər arasındakı hərarət müsbətə doğru istiqamətlənir, yoxsa mənfiyə doğru? Mənfiyə doğru istiqamətlənən prosesin həlli nədir? Bütün bu suallara müvafiq orqanlar həssas şəkildə yanaşmalıdır. İctimaiyyətin də diqqətinin bu məsələlərə yönəldilməsi də önəmlidir.
Mövzu ilə bağlı fikirlərini "Unikal"la bölüşən AMEA-nın Şərqşünaslıq institutunun dissertantı, Azərbaycan Birlik Təşkilatının rəhbəri Vüsal Hətəmov bildirib ki, Azərbaycan həmişə tolerantlığa yüksək qiymət verən və qarşılıqlı etimadın gözlənildiyi bir məkan olub: "Xalqımız heç vaxt sünni, şiə arasında fərq qoymamış, "bu xristiandır", "bu yəhudi dinindədir" ifadəsini işlətməmiş, həmişə digər din daşıyıcılarına dözümlülük nümayiş etdirmişdir. Ramazan ayında yəhudi və ya xristian, məhərrəm ayında sünni və ya şiə olmasından asılı olmayaraq kütləvi şənliklər yığışdırılmış, öz din və təriqətindən olmayanların adət-ənənələrinə hörmətlə yanaşmışlar. Lakin razılaşmalıyıq ki, son illər daha bir yaşanacaq problem dini mənsubluq məsələsidir. Hal-hazırda ölkəmizdə qeyri-ənənəvi islami və qeyri-islami təriqətlər formalaşmaqdadır. Bunların əksəriyyəti vaxtı ilə yarandıqları məntəqələrdə öz radikallıqlarına görə fəaliyyət göstərə bilməsələr də, onların ideyası həmişə Qərb tərəfindən "dağıdıcı arxivdə" saxlanmış və məqam gəldikdə ideoloji boşluq yaranmış müsəlman dövlətlərində ortaya atılmışlar. Sovetlər birliyi dağıldıqdan sonra belə təriqətlər Azərbaycana məharətlə yeridilmiş və bu gün də onların fəaliyyəti davam etdirilməkdədir. Ən təhlükəlisi isə odur ki, həmin təriqətlərin bir neçəsi keçən son on il ərzində (Rafiq Əliyev və Hidayət Orucovun sədrliyi dövründə) müvafiq qurumlar tərəfindən qanuni olaraq qeydə alınıb. Bəziləri bunu demokratik addım kimi qiymətləndirsələr də, əslində, bu, gələcəkdə Azərbaycan xalqına xəyanətdən başqa bir şey deyil. Çünki Azərbaycan üçün ənənəvi təfəkkürə malik olmayan bu təriqətlər yerli əhali ilə hər bir sahədə uzlaşmayacaq. Bu, kimlər üçünsə uzaq görünsə də, əslində, reallıqdır. Bu gün bəzi radikal təriqətlər novruz bayramını dinsizlərin bayramı kimi qələmə verirlərsə, Füzulini, Nəsimini, dinsiz kimi qələmə verib söyürlərsə, Şah İsmayılı təfriqəçi kimi nümayiş etdirirlərsə, bu artıq həyəcan siqnalıdır. Əgər demokratiklik üzündən bu təriqətlər qeydə alınıbsa və ya alınması tələb olunursa, bu, Azərbaycan milləti üçün ən böyük antidemokratiklikdir. Xalqın mentalitetinə zidd olan bir cəmiyyət yetişdirmək xalqa qarşı haqsızlıq deməkdir".
Müsahibimiz təhlükəli bir tendensiyanın başlanmasının mesajını da verib. Şərqşünas alimin sözlərinə görə, Azərbaycan radikal təriqətlərin kənardan idarə olunan poliqonuna çevrilə bilər: "Heç də uzaq olmayan bir dövrdə ölkəmiz süni şəkildə İraq, Əfqanıstan, Suriya kimi dövlətlərin gününə düşər və radikal təriqətlərin kənardan idarə olunan poliqonuna çevrilə bilər. Əlaqədar qurumlar üçün bəlkə də, elə gəlir ki, istədikləri icmaları qeydə almaqla, istəmədiklərini isə qeydiyyatdan keçirməməklə məsələni həll etmiş olurlar. Məsələnin həlli tam başqadır. Qeydə alınmış bütün icmalar Azərbaycanın tarixi, ədəbi şəxsiyyətlərinin əqidəsindən kənara çıxmamalıdır. Əgər çıxırsa, demək, həmin icmaların təbliğ etdiyi təriqət üzvlərinin milli təfəkkürü Dədə Qorqudun, Nizaminin, Tusinin, Nəsiminin, Fizulinin, Xətainin, Sabirin, Şirvaninin, Natəvanın, Sabirin əqidəsi ilə mayalanmış hazırki milli təfəkkürümüz ilə uyğun gəlməyəcək. Belə olan təqdirdə "Gələcək Azərbaycan" əqidə problemi yaşayacaq. Bir qisim vətəndaş milli təfəkkür mövzusunda klassik Azərbaycan şairlərini, orta əsr alimlərini, tarixi sərkərdələri önə çəkəcək, digər qisim vətəndaş isə peyğəmbər və onun nəslinə istinad etməyən və radikal fikirlərinə görə tarixdə təqib olunmuş şəxsləri özləri üçün nümunə götürəcəklər. Azərbaycan ərazisində Türk dilini ilk dəfə dövlət dili hesab edən Şah İsmayıl Xətai gələcək xalqımıza düşmən kimi tanıtdırılacaq. Heydər Əliyevin tikdirdiyi "Bibi Heybət" ziyarətgahı, İlham Əliyevin Gəncədə bərpa elətdirdiyi "İmamzadə" ziyarətgahı sabah kim deyə bilər ki, Suriya, Əfqanıstan və Ərəbistan ziyarətgahlarının gününə düşməyəcək. 1000 ildən çox tarixi olan abidələrin neçəsini yuxarıda sadaladığımız ölkələrin radikal dindarları "şirk" adlandıraraq dağıtmışlar. Əfqanıstanda radikal dini qruplaşmalar hakimiyyətə gəldikdən sonra neçə min yaşı olan "Budda"nın heykəlini dağıtdılar. Halbuki Əfqanıstanda demək olar ki, bütpərəst yox dərəcəsindədir. Yəni ən azı, həmin heykəli tarixi abidə kimi qorumaq düzgün olardı. Bundan başqa, Ərəbistanda "Bəqi" qəbiristanlığının vəziyyəti də göz qabağındadır. Həmin əqidədən çıxış edən insanlar bu gün məmləkətimizdə də artıq gizli yox, rəsmi qurum formasında fəaliyyət göstərir. Qanunlarımıza görə hər hansı bir dini və qeyri-dini ideologiya Azərbaycanın milli mentalitetinə, mədəniyyətinə, milli təfəkkürünə, ədəbiyyatına -bir sözlə azərbaycançılığa ziddirsə, həmin ideyanın təbliği yolverilməzdir. Həmin dindarların arasında təhsil, mədəniyyət, mətbuat sahələrində çalışanlar da var. Əlaqədar qurumlar üçün bu adi görünə bilər. Ancaq maraqlı burasıdır ki, belə şəxslər öz müvafiq auditoriyalarına tarixi şəxsiyyətlərimizi necə tanıdacaqlar? Kafir, fanatik, təriqətbaz kimi, yoxsa əsl mütəfəkkir kimi. Çətin ki, mütəfəkkir kimi. Çünki onlar bizim tarixi irsimizə kənar dövlətlərdə olan və öz maraqlarını güdən missionerlərin analizi ilə yanaşacaqlar. Həmin analiz ki, Şah İsmayılı sünni-şiə davası salan hökmdar kimi qələmə verir. Həmin analiz ki, Nəsimini, Füzulini müşrik kimi təbliğ edir.
Bu gün bütün bu proseslər davam edirsə, sabah öz acı nəticəsini verəcək. Əlaqədar qurumlar isə öz işində, təbii olaraq, radikal təriqətlər də öz fəaliyyətlərindədirlər. Sonda isə buna diqqətlə yanaşmalıyıq. Ənənəvi milli-dini ideologiyanın möhkəmlənməsi sabahkı "Möhkəm Azərbaycan" deməkdir".
Musahibimiz müstəqillik illərində islami dəyərlərin möhkəmlənməsi, qeyri-ənənəvi təriqətlərin dərin kök salaraq, problemlərə yol açmasının qarşısının alındığını da nəzərə çatdırıb: "Danılmaz faktdır ki, Sovetlər ittifaqı dağılandan sonra ölkədə barmaqla sayılacaq qədər, təxminən 20-ə yaxın məscid var idisə, hazırda yüzlərlə məscid tikilib və ya bərpa olunaraq fəaliyyət göstərir. Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra 1500-ə yaxın məscid tikilib. Hazırda təxminən 2 minə yaxın məscid fəaliyyət göstərir. Bundan başqa Qafqaz Müsəlmanlar İdarəsindən başqa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ölkədə dini sahədə inkişafın, rəqabətin artmasına müəyyən qədər səbəb oldu. Sözügedən qurumların regionlara səfərləri, dindarlarla görüşmələri bölgələrdə dini vəziyyətlə tanış olmaları müsbət qiymətləndirilməlidir. Çap olunan dini kitablara müvafiq qurumlar tərəfindən nəzarət və tərcümə və redaktə səviyyəsinin akademik səviyyədə olması da bu sahədə müəyyən qədər inkişafın olmasına dəlalət ola bilər".
Sonda V.Hətəmov onu da vurğulayıb ki, Azərbaycanda dini əqidə münasibətindən üstün qohumluq, tanışlıq münasibətləri var və bu, təbii şəkildə bizim ölkədə dini qarşıdurmanın mümkünsüzlüyünü ortaya qoyur: "Yalnız kimlərinsə sifarişi ilə müəyyən hadisələr ola bilər. Amma aidiyyatı qurumlar bu kimi halların qarşısını almağa çalışırlar və bundan sonra da səyləri artırmaq lazımdır. Bunun üçün, orta məktəblərdə ilkin dini bilgilərin işartısı hiss olunur. Hesab edirəm ki, bu, çox müsbət nəticələr verəcək. Ən azından gənclərimizi hansısa missioner təşkilatlar özlərinə çəkə bilməyəcək və beləlik də cəmiyyətdə gənclər arasında ideoloji boşluq öz yerini sağlam dini maarifə verəcək".
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Səhifəni hazırladı Z.Məmmədli