Qarabağ münaqişəsinin həlli Qərbin prioritetində
12:16 17-04-2014
CƏMİYYƏT
Qarabağ münaqişəsinin həlli Qərbin prioritetində
ATƏT PA prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərgin işləyəcəklərini bəyan etdi
Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç jurnalistlərə açıqlamasında Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub.
O, hazırda dünyada gedən proseslərin münaqişənin daha tez həll olunmasına zərurət yaratdığını deyib: "Hazırda ATƏT-in sədri ilə çalışırıq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olaq. Məqsədimiz odur ki, artıq ciddi nəticələr əldə edək. Çünki son vaxtlar Ukrayna ilə bağlı baş verən hadisələr göstərdi ki, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərgin işləməliyik və bununla bağlı tezliklə nəticə əldə etməliyik". Diplomat bu yaxınlarda Rusiyadan olan bir neçə deputatla Ukrayna məsələsi ilə bağlı görüş keçirdiyini qeyd edərək bunları açıqlayıb: "ATƏT-in, digər beynəlxalq təşkilatların münaqişələrlə bağlı prinsipial mövqeyini ortaya qoydum. Bildirdim ki, bizim məqsədimiz insanların firavan yaşaması, ölkələrin ərazi bütövlüyünün pozulmamasıdır".
ATƏT PA prezidenti Dağlıq Qarabağla bağlı da stabil mövqelərinin olduğunu vurğulayıb: "Bu, 1996-cı ildə Lissabon sammitində qəbul olunan və yenilənmiş Madrid prinsipləridir".
Məsələylə bağlı "Unikal"a açıqlama verən politoloq Sülhəddin Əkbər deyib ki, ATƏT yetkilisinin bu açıqlaması Rusiyanın geopolitik məkanda Qərbi sıxışdırması və Kremlə adekvat cavab verə bilməməsindən irəli gəlir. Onun qənaətincə, Ukrayna ətrafında gedən proseslər Qərbin bu istiqamətdə hərəkətə keçməsinə təkan verib: «Bir tərəfdən Amerika, Qərb dövlətləri, o biri tərəfdən Rusiya arasındakı geopolitik qarşıdurma post-sovet məkanında baş verir. Buna geopolitik cəbhə xətti də demək olar. Diqqət edirsinizsə, son dövrlər əsasən münaqişələr və onların alovlandırılması GUAM ölkələrində baş verir. Avropa Birliyinin sərhəddindən, Moldovadan başlamış, bura kimi uzanır. Yəni, Moldova Dnestryanı, Ukraynada Krım, Gürcüstanda Abxasiya və Osetiya və nəhayət Azərbaycanda Qarabağ münaqişəsi, bu böyük prosesin tərkib hissəsidir. Hər kəs anlayır ki, bu qarşıdurma gücləndikcə münaqişələrin genişlənməsi, bütün regionu əhatə etməsi və qlobal təhlükəsizliyi təhdid etməsi artıq real təhlükədir. Əgər bu günə qədər bu, potensial təhdid idisə, artıq indi real təhlükəyə çevrilib".
Sülhəddin Əkbər hesab edir ki, artıq Qərb dövlətləri də, beynəlxalq təşkilatlar da bu təhlükənin nə dərəcədə ciddi olduğunu anlayır. Onun sözlərinə görə, ABŞ da, Avropa Birliyi də həm regional, həm də qlobal təhlükəsizlik baxımından bu konfliktlərin nə qədər əhəmiyyətli olduğunu dərk edərək, onların həllini tezləşdirməyə çalışırlar: «Azərbaycan-Ermənistan münaqişəsinin konkret həllinə gəldikdə isə onu deyə bilərəm ki, Qərb canfəşanlıq etsə də, Qarabağ probleminin yaxın perspektivdə həll olunması arzu olaraq qalacaq. Çünki bu dəqiqə Qərb üçün digər konfliktlər daha aktualdır, nəinki Ermənistan-Azərbaycan münaqişəsi. Bildiyiniz kimi, Ukrayna, Moldova və Gürgüstanın iyun ayında Avropa Birliyi ilə assosativ sazişin imzalanması gözlənilir. Təbii ki, bu da Rusiyanın əks reaksiyası ilə müşahidə olunacaq. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin bu konfliktlərdən öncə gəldiyini, tezliklə onun həlli istiqamətində Qərb tərəfindən hansısa addımların atılacağını düşünmürəm".
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov "Unikal"a deyib ki, ATƏT Parlament Assambleyasının prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi mövqe narahatlığın ifadəsidir: "Əgər ATƏT yetkilisi Qarabağ münaqişəsinin həlli ilə bağlı gərgin işləməli, tezliklə nəticə əldə etməyin vacib olmasını deyirsə, deməli, bu dəqiqə narahatdırlar. Bu illər ərzində beynəlxalq təşkilatların, eləcə də bu qurumun illər ərzində əldən verdiyi imkanların həm də etirafıdır. Elə düşünürdülər ki, Dağlıq Qarabağ problemini həmçinin, postsovet məkanında olan münaqişələrin dondurulması Avropanın təhlükəsizliyi baxımından uyğun variantır. Lakin son zamanlar baş verən geopolitik hadisələr göstərdi ki, Rusiya bu münaqişələrdən təkcə həmin dövlət üçün deyil, ümumilikdə Qərb və Amerika üçün bir şantaj və təhdid aləti kimi yararlanmaq istəyindədir, bu dəqiqə yararlanır da. Üstəlik də Avropa Birliyinin sərhədlərində yeni-yeni münaqişə ocaqları yaradır. Ona görə də indi narahat olmağa başlayıblar".
Politolqun fikrincə, münaqişənin həlli indi ona görə aktuallaşıb ki, ABŞ və onun müttəfiqləri üçün hazırda Azərbaycan vacib ölkəyə çevrilib: "Azərbaycanın coğrafi məkanı və enerji təhlükəsizliyi sahəsində oynadığı rol əvəzolunmazdır. Azərbaycanın iştirakı olmadan nə Rusiyanın izolyasiyası və sankisiyaların effektliliyi, nə də ABŞ və onun Qərbdəki müttəfiqlərinin itkisiz ötüşməyəcəyi mümkün deyil. İndiki situasiya Dağlıq Qarabağ probleminin ədalətli həlli baxımından əlverişli mühit hesab etmək olar. Rəsmi Bakı nüfuzlu güclərdən enerji təhlükəsizliyində göstərdiyi "xidmətlərin" əvəzində problemin ədalətli həllini tələb edə bilər, ancaq hələ bu görünmür".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49