Qarabağ Bloku yeni ittifaq təklif edir
Qarabağ Bloku yeni ittifaq təklif edir

İqbal Ağazadə ilə Sərdar Cəlaloğlu hər kəsi bir araya gətirmək istəyir

Dünən ADP-nin Mərkəzi Qərargahında Qarabağ Blokunun növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
İctimai-siyasi hadisələr sırasında Ukraynada baş verən son hadisələrə bir daha diqqət yetirən toplantı iştirakçıları Rusiyanın bu ölkədə destabilizasiya yaratmaq niyyətlərini kəskin olaraq pisləyib, Rusiyanı yanlış siyasətdən - vətəndaş qarşıdurması oyunundan əl çəkməyə çağırıb. Ukraynada baş verən hadisələrin Yaxın Şərq ssenarisi üzrə inkişaf etməsindən, keçmiş SSRİ respublikalarına, o cümlədən Rusiyanın ərazisinə yayılacağından və ağır nəticələrə səbəb olacağından narahatlığını ifadə edən toplantı iştirakçıları Ukrayna hakimiyyətinin öz ərazisində keçirdiyi antiterror əməliyyatlarını dəstəklədiyini və beynəlxalq ictimaiyyəti də bu əməliyyatlara hər cür - siyasi, iqtisadi, mənəvi və hərbi dəstək verməyə çağırıb.
Qarabağ Bloku ölkəmizə qarşı şimaldan yönələn təhdidlər ərəfəsində Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan arasında hərbi ittifaqın yaradılması ilə bağlı təşəbbüsü təqdir edib, bu əməkdaşlığın yeni müstəviyə qaldırılması istiqamətində daha ciddi addımların atılmasını, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi naminə NATO və İslam dünyasının potensialından istifadə edilməsinin vacibliyini qeyd edib.
Qarabağ Bloku işğal altında olan Azərbaycan torpaqlarında, o cümlədən Zəngilan, Laçın və Kəlbəcər rayonlarında erməni işğalçıları tərəfindən suriyalı erməni ailələrinin yerləşdirilməsi məsələsini müzakirə edərək, bu hadisəni atəşkəs rejiminin tələblərinin kobud şəkildə pozulması, işğal olunan ərazilərin ilhaq edilməsi və Ermənistanın işğal və ilhaq siyasətinin möhkəmləndirilməsi kimi dəyərləndirib.
Z.MƏMMƏDLİ