Hacı Surxay Məmmədli: "Azərbaycanda məzhəb problem yoxdur, sadəcə, dini radikal cərəyanlarla bağlı narahatlıq var"
11:29 18-04-2014
CƏMİYYƏT
Hacı Surxay Məmmədli: "Azərbaycanda məzhəb problem yoxdur, sadəcə, dini
radikal cərəyanlarla bağlı narahatlıq var"
Aşur məscidində fəaliyyət göstərən "Samur dindarları" Dini İcması sünnilərə qarşı ayrı-seçkilik olduğunu iddia edir
İçərişəhərdəki Aşur məscidində fəaliyyət göstərən "Samur dindarları" Dini İcmasının təşkilatçılığı ilə "Azərbaycanda sünni icmaların vəziyyəti, yaxud tolerantlığa digər baxış" mövzusunda konfrans keçirilib.
Icmanın üzvü, hüquqşünas Elman Osmanov bildirib ki, son zamanlar mətbuatda Aşur məscidinin qeyri-qanuni fəaliyyət göstərməsi barədə məlumatlar yayılıb: "Biz heç də cəmiyyətdən təcrid olunmamışıq. Biz dövləti, hakimiyyəti dəstəkləyən, öz yolumuzda olan, əhli sünnəyik. Salyanda bizim tərəfdarlarımıza qarşı kobudluq edilib. Biz qəbul edirik ki, Azərbaycanda daha çox şiəlik yayılıb, amma sünnilər də azlıq təşkil etmirlər".
E. Osmanov onların "vəhhabi" adlandırılmasına da etiraz edib: "Hesab edirik ki, dövlətə qarşı cinayət törədən hər kəs qanun qarşısında cavab verməlidir. Biz dövlətin qanununu pozan insanları müdafiə etmirik. Çox qəribədir ki, sünni sözünün yerinə Azərbaycanda "vəhhabi" sözü işlədilir. Bir daha demək istəyirik ki, biz sələfi müsəlmanlarıq, "vəhhabi" deyilik".
İcmanın sədri Faiq Mustafa isə Qafqaz Müsəlmanları İdarəsini (QMİ) icmanın qeydiyyata alınması üçün rəy verməməkdə ittiham edib: "Hesab edirik ki, QMİ tərəfindən guya məscidimizin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı irəli sürülən bütün iddialar əsassızdır. Biz dəfələrlə QMİ-yə müraciət etsək də, onlar tərəfindən heç bir müsbət cavab almamışıq".
F. Mustafa "Ləzgi" icmasının azərbaycanlıların Suriyadakı döyüşlərdə iştirakına şərait yaratması barədə səslənən fikirlərə də münasibət bildirib: "İddia edirlər ki, guya biz Suriyaya vuruşmağa adam göndəririk. Bu, belə deyil. Kim hara gedirsə, icmanın rəhbərliyi buna cavabdehlik daşımır. Biz camaata elmini artırmaq üçün şərait yaradırıq. Amma bizi, kimlərisə Suriyaya göndərməkdə ittiham edirlər. Biz heç kimlə müqavilə bağlamırıq, adam gəlib namazını qılıb gedir. Biz ona nəzarət edə bilmərik ki, onlar namazdan sonra hara gedirlər? Bizdən çox Suriyada şiələr döyüşür. Bəs nəyə görə, bunlara birtərəfli yanaşılır? Nəyə görə bizi radikallıqda ittiham edirlər".
Azərbaycanda sünni məzhəbinin bütövlükdə vəhhabilik, sələfilik qismində təqdim edilməsi və sünnilərə qarşı təzyiqlərin olması ilə bağlı iddialara cavab verən İçərişəhər "Cümə" məscidinin axundu və eyni adlı dini icmanın rəhbəri Hacı Surxay Məmmədli isə APA-ya bildirib ki, bu gün Azərbaycanda məzhəb problem yoxdur, sadəcə, dini radikal cərəyanlarla bağlı narahatlıq var. Onun sözlərinə görə, tarixən Azərbaycanda sünni və şiə məzhəbi olub, bu məzhəblər qardaşlıq şəraitində, vəhdətdə yaşayıb: "Son illərdə radikal dini cərəyanların ortaya çıxması və inanclı insanlar arasında süni ajiotajın yaranması ilə bağlı da dövlət öz mövqeyini ortaya qoyub, sözünü deyib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də bölgələrə səfərlər zamanı bununla bağlı din xadimlərinə tapşırıqlar verib".
Aşur məscidinin dini icmasının qeydiyyata alınmaması ilə bağlı QMİ-nin ünvanına səslənən ittihama gəlincə, Hacı Surxay Məmmədli deyib ki, məscidlərdə sırf Allaha ibadət olunmalı, vəhdətə çağırış səslənməlidir: "Hansısa məsciddə özbaşınalığa yol verilirsə, qeydiyyatdan keçməyəcəklər. Gərək dini məsələlərdə Quranın qanunları, dövlətçilik təbliğ edilsin və qorunsun. Əgər bir məsciddə Azərbaycanı, dini parçalamaq çağırışları səslənirsə, radikal dini cərəyanlar formalaşırsa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bundan məlumatlıdır. Dövlət Komitəsi belə dini icmaları qeydiyyata almamağa çalışır. Aşur və digər bəzi məscidlərdə dini icmalarla bağlı da Dövlət Komitəsi müvafiq qərar qəbul edəndən sonra onların qeydiyyatı məsələsinə baxıla bilər".
Mətbuat konfransında icmanın rəhbəri Faiq Mustafayevin məscidə gələnlərin Suriyadakı döyüşlərdə iştirakına şərait yaradılması barədə iddialar konkret cavab verməməsi, faktiki bunu inkar etməməsinə də münasibət bildirən Hacı Surxay Məmmədli bildirib ki, gərək məsciddə imam, xətib insanları maarifləndirsin: "Müşfiqabad, Aşur məscidlərindən Suriyaya döyüşməyə gedənlərin olduğunu deyirlər, onlar da təkzib edirlər. Ən doğrusunu Allah bilir, təhlükəsizlik orqanları da bu məsələ ilə məşğuldur".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev isə APA-ya sələfiliyin sünnilik deyil, sünnilikdə bir qol olduğunu bildirib: "Həm də Azərbaycanda sünni, şiə dedikdə biz yalnız mötədilləri nəzərdə tutmuşuq. Amma Azərbaycanda həm radikal vəhhabilər, həm də radikal şiələr var. Biz radikalları onların məzhəbindən asılı olmayaraq, radikal hesab etmişik, çünki radikallıqda nə məzhəb ola bilər? Radikal yolla təbliğat aparırsa, başqalarının dini heysiyyətinə toxunursa, orada sağlam dindən söhbət gedə bilməz. Digər tərəfdən, sünnilikdə insanlara məcburən islamı qəbul etdirmək, qəbul etməyənlərin var-dövlətini zəbt edib, onu öldürməyin mümkünlüyü yoxdur, bu, yalnız sələfilikdə var".
Dövlət Komitəsinin sabiq sədri Azərbaycanda ümumiyyətlə, dini ayrı-seçkiliyin olmadığını vurğulayıb: "Azərbaycanda dindarlara yalnız onların radikal və radikal olmamalarına görə münasibət var. Radikallara münasibət pisdir, mötədil müsəlmanlara məzhəbindən asılı olmayaraq, heç bir ayrı-seçkilik, təzyiq yoxdur".
Dini icmanın qeydiyyatı məsələsinə gəlincə, R. Əliyev qeyd edib ki, bu məsələ qanunla tənzimlənir: "Müraciət ediblərsə, sənədləri qəbul olunmursa, məhkəməyə müraciət etməlidirlər. Yeganə yol məhkəmə yolu ilə qeydiyyatdan keçməkdir".
R. Əliyev Azərbaycandan Suriyaya döyüşməyə gedənlərin öncə ölkədə hazırlandıqlarını bildirib: "Hansısa məsciddən bu insanlar Suriyaya döyüşməyə gediblərsə, həmin dini icmanın günahı nəzərdə alınmalıdır. Əgər onlar bütün sələfilərin, sünnilərin adından danışırlarsa, Suriyaya gedənlər də onlara dəxli olan insanlardır. Suriyaya gedənlər göydən düşməyiblər, onlar da azərbaycanlılardır, sizinlə bir yerdə namaz qılıb, sizin fikirlərinizi bölüşüblər. Hətta bu məsciddə namaz qılanlar başqalarının təsirinə düşübsə də, bu da yenə bu məsciddəki dini icmanın günahıdır ki, öz yoldaşlarını səhv yoldan qaytara bilməyiblər".
R. Əliyev Dövlət Komitəsinin sədri olduğu dönəmdə Aşur məscidində fəaliyyət göstərən dini icmanın durumundan da danışıb: "Həmin məsciddə qeydiyyatdan keçmiş dini icma vardı, amma həmin icma yenidən qeydiyyatdan keçmədi. Onlar qeydiyyatla bağlı sənədləri o vaxt də təqdim etməmişdilər. Bu, çoxdankı söhbətdir. Qafqaz Müsəlmanları İdarəsi ilə aralarında axundun təyin olunması ilə anlaşılmazlıq var. Ona görə də o məscid bir dəfə bağlandı, sonra açıldı, yenə bağlandı. Onlarla Qafqaz Müsəlmanları İdarəsi arasındakı anlaşılmazlıq yalnız axundun təyin edilməsi ilə bağlıdır, mətbuat konfransında nə deyiblər, bilmirəm".
Fuad
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59