Torpaqdan başlayan qeydiyyat əngəli
11:36 18-04-2014
CƏMİYYƏT
Torpaqdan başlayan qeydiyyat əngəli
Ekspert: "Ödənişlərin elektron həyata keçirilməsi imkanı yaradılmalıdır"
Daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində Azərbaycanın beynəlxalq göstəriciləri müsbət görünsə də, bu sahədə islahatlara ehtiyac var. Prezidentin sahibkarlıqla bağlı 3 mart fərmanında qeydiyyat sahəsində prosedur, müddət və xərclərin azaldılması barədə təkliflərin hazırlanması barədə qeydin yer alması bu sahədə dəyişikliklərin vacib olduğunu göstərir.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dünyada kiçik və orta sahibkarlıq sektorunun tənzimlənməsi üzrə hazırladığı "Doing Business-2014" hesabatında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 13-cü yerdədir. Əmlakın qeydiyyatına görə qonşu ölkələrdən Rusiya 17-ci, Türkiyə 50-ci, İran 168-ci yerdə dayanır. Hesabatda ABŞ 25-ci, Avstriya 36-cı, Böyük Britaniya 68-ci, Almaniya 81-ci, Fransa 149-cu yerdə qərarlaşıb.
Azərbaycanda əmlakın qeydiyyatı üçün 4 prosedur tələb olunur ki, buna da 11 gün müddət sərf edilir. Reytinqə görə, bu göstərici ən yaxşı göstəricilərdən biri hesab olunur. Belə ki, eyni proses üçün Avropa və Mərkəzi Asiya regionu üzrə orta rəqəmlə 6 prosedur, 26,5 gün müddət və əmlak dəyərinin 2,8 faizi qədər xərc tələb olunur. ABŞ-da bu proses üçün göstəricilər 4 prosedur və 12 gün, Almaniyada 5 prosedur və 40 gün, Böyük Britaniyada 6 prosedur və 21,5 gün, Fransada 8 prosedur və 49 gün, Belçikada 8 prosedur və 64 gündür.
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyir ki, Azərbaycanın reytinqdə ön sıralarda olmasının mühüm səbəbi son dövrlər daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarının və modern idarəetmə sistemlərinin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsidir: "Qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Sadələşmədən sonra vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə arayışları isə 1 günə əldə edirlər. Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompüter şəbəkəsi yaradılıb".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində aparılan tədqiqatda qeyd edilir ki, daşınmaz əmlakın qeydiyyatında əsas çətinlik tikinti təyinatlı torpağın qeydiyyatından başlayır: "Torpaqların kadastr planının hazırlanması olduqca uzun müddət tələb edir. Həmçinin tikililərin ilkin qeydiyyatı mərhələsində tələb olunan sənədlərin sayı xeyli çoxdur. Fərdi mənzillərdən fərqli olaraq biznes təyinatlı əmlak "vahid pəncərə" mexanizmi əsasında qeydiyyata alınmır. Dövlət qeydiyyatı üçün rüsum və xidmət haqlarının elektron ödəniş imkanı yaradılmayıb, belə ödənişlər üçün konkret banklar müəyyənləşdirilib. Sənədlərin təqdimatı üçün "online randevü" sisteminin olmaması vaxt itkisinə gətirir".
Tədqiqatda qeyd olunur ki, torpaqların ilkin qeydiyyatı ilə bağlı müddətlər azaldılmalıdır. Hazırda vəziyyət belədir:
- Bələdiyyələrin torpaq ayırma ilə bağlı qərarının əldə edilməsi müddəti (dövlət torpaqlarına münasibətdə müddət müəyyən edilməyib): hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün ərzində;
- Torpaq kadastr planının hazırlanması və müraciətçiyə təqdim edilməsi müddəti: müraciət edilən tarixdən 90 gün ərzində;
- Hərrac (müsabiqə) vasitəsilə torpağın əldə edilməsinə dair şəhadətnamə verilməsi: hərracın (müsabiqənin) keçirilməsinə dair bildirişdən 30 gün ərzində;
- Torpağı alan subyektlə bələdiyyə (bələdiyyə torpağı olduqda) və ya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (dövlət torpağı olduqda) yerli qurumu arasında alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi: şəhadətnamə alınandan 20 gün ərzində;
- Torpaq üzərində mülkiyyət və ya icarə hüququnun qeydiyyatı (dövlət reyestrində çıxarışın və texniki sənədlərin alınması): müraciət edilən andan 20 gün ərzində.
Torpaqların ilkin qeydiyyatı ilə bağlı xərclər isə belədir:
- Torpaq kadastr planının hazırlanması sahənin ölçüsündən, sahə üzrə koordinatları təyin olunacaq nöqtələrin sayından və sahənin tərəfləri arasındakı məsafədən asılı olaraq 8-1257 manat intervalında dəyişir;
- Torpağın alğı-satqı müqaviləsinin notarial təsdiqi üçün: torpaq Bakı şəhərindədirsə, müqavilənin notarial qaydada təsdiq edilməsi üçün 126.5 manat (110 manat dövlət rüsumu + 16.5 manat notarial hərəkətlərin aparılması üçün xidmət haqqı); digər şəhər və rayonlardadırsa, 50.6 manat (44 manat dövlət rüsumu + 6.6 manat notarial hərəkətlərin aparılması üçün xidmət haqqı);
- Torpaq üzərində mülkiyyət və ya icarə hüququnun qeydiyyatı: torpağa mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi üçün 30 manat, texniki sənədlərin verilməsi üçün isə 50 manat dövlət rüsumu;
- Torpaq sahəsi 100 kvadratmetrədək olduqda 60 manatadək, 100 kvadratmetrdən 1000 kvadratmetrədək olduqda 60 manatdan əlavə hər 100 kvadratmetr üçün 10 manat xidmət haqqı.
İqtisadçı ekspert Rövşən Ağayev da bildirib ki, torpaq kadastrını online əldə edilməsi üçün elektron bazanın yaradılması prosesi başa çatdırılmalıdır: "Biznes təyinatlı daşınmaz əmlakın qeydiyyatının "vahid pəncərə" mexanizmi əsasında aparılması təmin edilməli, qeydiyyat orqanında vaxt itkisini aradan qaldırmaq üçün online növbələrin tutulması sistemi yaradılmalıdır. Həmçinin ödənişlərin elektron həyata keçirilməsi imkanı yaradılmalıdır.
Sahəsi 100 kvadratmetri ötməyən və kiçik-orta biznes təyinatlı tikililərin qeydiyyatı proseduru sadələşdirilməli, xüsusilə belə tikililərin qeydiyyatı üçün istismara qəbul aktının hazırlanması tələbi ləğv olunmalıdır".
Bəkir Nərimanoğlu
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06