Bakıdakı özəl bağçaların kəllə-çarxa qalxan qiymətləri
11:39 18-04-2014
CƏMİYYƏT
Deputat: "Elə qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə, uşağını bağçaya qoymaq üçün yetərli deyil"
Azərbaycanda xüsusi uşaq bağçaları 10 il müddətinə vergidən azad edilsə də, bu özəl uşaq bağçalarında qiymətə qətiyyən təsir etməyib. movqe.az-ın apardığı kiçik araşdırma zamanı paytaxtda yerləşən uşaq bağçalarında qiymətlərin əvvəlki kimi, dəyişməz qaldığı üzə çıxıb.
"Gül" uşaq bağçasından bildiriblər ki, 3 il əvvəl olduğu kimi bağçada bir uşaq üçün aylıq ödəniş 250 manatdır.
"Heppi Kids" uşaq bağçasında isə aylıq ödənişin 350 manat olduğunu, əvvəl necə idisə, eləcə də qaldığını söyləyiblər: "Vergi bizə aid deyil. Bizdə qiymət belədir".
"Baby On Board" uşaq bağçasından da aylıq ödənişin 350 manat olduğunu söylədilər: "Hər şey bahalaşır, qiymət niyə aşağı düşsün ki? Təkcə xərcimiz vergi deyil ki".
"Bal-balam" bağçasına uşaq qoymaq istəyən valideyn də hər ay 300 manatından keçməlidir. Bu bağçadan da qiymətlərin əvvəlki illərlə müqayisədə dəyişməz olduğunu bildirdilər.
Amma bu qiymətlər hələ şükürlüdür. Çünki bağçada "Vunderkind" yetişdirməyə iddialı bağçalar var ki, aylıq ödənişi 600 manatdan da çoxdur. Buna misal kimi qiyməti illər öncə necə idisə indi də elə qalan "Beybi Plaza" uşaq bağçasını misal gətirmək olar. Bu bağçada bir uşağın aylıq ödəniş haqqı nə az, nə çox 650 manatdır". Bir az ucuz qiymətə bağça axtaranlar yolunu "Playarena"dan sala bilərlər. Bu uşaq bağçasında aylıq ödəniş haqqı 300 manatdır. "Leylək" uşaq bağçasında da qiymətlər illər öncəsi kimi dəyişməz olaraq qalır. Aylıq 400 manat. Uşağının məşhur cizgi filminin adını daşıyan bağçada təlim-tərbiyə almasını istəyən valideyn isə hər ay buna görə 500 manat ödəməlidir".
Kiçik araşdırma sonucunda məlum oldu ki, vergi güzəştinin uşaq bağçalarında qiymətlərə qətiyyən təsiri olmayıb.
Qeyd edək ki, Milli Məclisin iclasında yeni "Körpələr evlərinə, körpələr evi - uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılmışdı.
Cəmi 2 maddədən ibarət olan yeni qanun layihəsinə əsasən, körpələr evləri, körpələr evi - uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergilər Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. Layihə səsə qoyularaq qəbul olunub. Qeyd edək ki, hazırda Azərbaycanda lisenziya ilə fəaliyyət göstərən 46 özəl məktəbəqədər təhsil müəssisəsi var. Azərbaycanda bu gün 5 yaşlı uşaqların yalnız 15 %i bağçalarla təmin olunub. Özəl bağçalarda fantastik qiymətlərə millət vəkilləri də dəfələrlə irad bildiriblər.
Deputat Siyavuş Novruzov da uşaq bağçalarında vəziyyətdən narahatlığını dilə gətirib. O deyib ki, rayonlarda uşaq bağçaları anlayışı ortadan çıxır: "Amma təhsil qanununa görə, uşaqlar orta məktəbə bağçadan gəlməlidirlər".
Millət vəkili özəl bağçaların da çox baha olduğunu deyib: "Bağçalara elə bir qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə, uşağını bağçaya qoymaq üçün yetərli deyil. Elə bağçalar var ki, 700 manatdan 900 manatadək dəyişir. Amma nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə, onda bu dəyişikliyin elə bir mənası yoxdur".
Aliyə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22