Müsavat AXCP ilə barışmaq istəyir
10:51 19-04-2014
CƏMİYYƏT
Müsavat AXCP ilə barışmaq istəyir
Əli Kərimli isə İsa Qəmbərin əməkdaşlıq təklifinə müsbət cavab verməkdən yayınır
Hər seçki ərəfəsində bir araya gələn, amma seçki bitən kimi bir-birlərini xəyanətdə suçlayan AXCP ilə Müsavat arasında razılaşmanın əldə olunması istiqamətində danışıqlar gedir.
Məlum olduğu kimi, Milli Şuradan çıxdıqdan sonra Müsavat Partiyası ilə AXCP-nin arasında qırılan münasibətlərin bərpasının mümkün olub-olmaması istiqamətində söhbətlərin getdiyi bir vaxtda AXCP sədrinin müavini Razi Nurullayev tərəfindən yeni açıqlama verilib. R.Nurullayev bildirib ki, Müsavatla münasibətlər AXCP üçün artıq vaxt itkisidir. Onun sözlərinə görə, AXCP vaxt itkisinə yol verməyi məqsədəuyğun saymır.
AXCP-dən bu cür münasibət ortaya qoyulmasına baxmayaraq, Müsavat bir qədər yumşaq mövqe tutmağın tərəfdarıdır. Belə ki, AXCP funksionerinin Müsavatla əməkdaşlıq məsələsinin əhəmiyyətsiz bir şey olduğunu deməsindən sonra açıqlama verən Müsavat Divanının üzvü İkram İsrafil təmsil olunduğu partiyanın demokratiya uğrunda mübarizə aparan partiyalarla əməkdaşlıqda maraqlı olduğunu bəyan edib. İkram İsrafil onu da bildirib ki, Müsavat Partiyası ölkədə demokratik seçkilər keçirilməsi, demokratiyanın qurulması istiqamətində fəaliyyət göstərən partiya və təşkilatlarla əməkdaşlıqda maraqlıdır: "Müsavat Partiyası bu mövqeyini Milli Şuradan çıxdıqdan sonra da əməli addımları ilə rəsmi şəkildə ortaya qoyub. Belə ki, Müsavat Partiyası AXCP-yə, KXCP-yə, EL Hərəkatına, NİDA Vətəndaş hərəkatına ikitərəfli əməkdaşlıq üçün müraciət edib. Onlardan müsbət cavab EL hərəkatından və NİDA-dan gəlib. AXCP Müsavat Partiyasının Milli Şuradan getməsini əsas göstərib müraciətimizə mənfi cavab verdi. Faktiki olaraq əməkdaşlıqda maraqlı olmadıqlarını ortaya qoydular. İndi də bəzi AXCP funksionerləri demokratiya uğrunda əməkdaşlığı istəmədiklərini, bu istiqamətdə əməkdaşlığı mənasız vaxt itkisi saydıqlarını bəyan edirlərsə, bunun qiymətini yəqin ki, cəmiyyət verəcək. Müsavat AXCP funksionerləri arasında bir müddət davam edən söz çəkişmələrinə, gərginliyə rəğmən öz böyüklüyünü, heç kimə kin-kidurət bəsləmədiyini göstərib. Bundan sonra da belə olacaq. Biz bəyan etmişik ki, heç kim Müsavatla AXCP-nin arasında körpülərin tamamilə yandığını və bərpasının heç zaman mümkün olmadığını hesab eləməsin. Bu mövqeyimizdə qalırıq". Göründüyü kimi, Müsavat tərəfi bundan sonra əməkdaşlıq imkanlarının davam etdirilməsinin mümkünlüyünü tamamilə istisna etmir, ona görə də mümkün qədər loyal davranmağa çalışır.
Bu barədə "Unikal"a məlumat verən Müsavat funksionerlərindən birinin sözlərinə görə, başqan İsa Qəmbər AXCP ilə əməkdaşlıq etməkdə maraqlıdır. Belə ki, Milli Şuradan çıxandan sonra Müsavata qarşı formalaşan münasibət İsa Qəmbəri belə bir qərar verməyə sövq edib: "Bilirsiniz ki, İsa Qəmbər Milli Şuradan çıxanda mövqeyini əsaslandırmaq üçün Milli Şuranın, hətta vahid namizəd Cəmil Həsənlinin ünvanına tənqidi fikirlər səsləndirmişdi. O zaman əksəriyyət İsa Qəmbərin üzərinə getdi və onun haqsız olduğunu iddia etdi. Məhz həmin prosesdən sonra Müsavat Partiyası, eləcə də İsa Qəmbər müxalif düşərgədə etimadı itirdilər. İndi isə İsa Qəmbər imicini bərpa etmək üçün yenidən AXCP ilə bir araya gəlməyə çalışır". Bizi bilgiləndirən şəxsin sözlərinə görə, İsa Qəmbər özü birbaşa Əli Kərimliyə müraciət etməsə də, funksionerləri vasitəsiylə niyyətini bəlli etməyə çalışır. "Diqqət edirsinizsə, son dövrlərdə AXCP-yə qarşı ən sərt mövqe tutan İkram İsrafil önə verilib. Xatırlayanlar bilir ki, Müsavat Partiyası moratorium götürən zaman AXCP funksionerlərinə cavab verən yeganə müsavatçı İkram İsrafil idi. Amma indi İsa Qəmbər məhz onu AXCP-Müsavat müttəfiqliyi barədə açıqlamalar vermək üçün irəli çıxarıb. Bu da başqanın nə qədər çıxılmaz vəziyyətdə olduğunu göstərir. Amma məsələ ondadır ki, İsa bəyin bu cəhdləri nəticəsiz qalıb. Əli Kərimli istəyir ki, İsa Qəmbər özü ona telefon açsın və əməkdaşlıq təklif eləsin. Hələlik İsa Qəmbər buna getməsə də, qarşıdakı dövrdə bir addım geri atıb Əli Kərimliyə anlaşma təklif edəcək", - deyə müsahibimiz fikrini tamamlayıb.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49