Əli Kərimli Mirmahmud Mirəlioğlu ilə üz-üzə gəlir
11:43 22-04-2014
CƏMİYYƏT
Əli Kərimli Mirmahmud
Mirəlioğlu ilə üz-üzə gəlir
AXCP sədrinin bələdiyyə seçkilərini boykot etmək təklifi KXCP-ni fərqli addım atmağa sövq edib
Prezident seçkilərindən sonra parçalanan və bir neçə partiyanın birliyinə çevrilən Milli Şura tamamilə yox olmaq ərəfəsinə gəlib. Belə ki, Milli Şuranın bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyi məsələsində fikir ayrılığı yaranıb.
Bu barədə mətbuata Milli Şura üzvləri bildirib. Qeyd edilib ki, Milli Şuranın Koordinasiya Mərkəzinin son toplantısında bələdiyyə seçkiləri məsələsi müzakirə edilib. KXCP sədri Mirmahmud Mirəlioğlu təmsil etdiyi partiyanın bütün hallarda seçkilərdə iştirak edəcəyini bəyan edib. AXCP sədri Əli Kərimli isə hələlik bu haqda partiyada müzakirələr aparmadığını əsas gətirərək konkret mövqe ifadə etməyib. Ancaq hələlik bu məsələnin ictimailəşməməsi üçün seçkidə iştirak məsələsi geniş müzakirəyə çıxarılmır.
Amma məsələ ondadır ki, KXCP sədri Mirmahmud Mirəlioğlu Əli Kərimlini qabaqlayaraq, partiyasının mövqeyini açıqlayıb. Bu barədə açıqlama verən KXCP sədri rəhbəri olduğu partiyanın seçkidə iştirak edəcəyini bəyan edib. Onun sözlərinə görə, Milli Şuranın qərarından asılı olmayaraq, KXCP seçkiyə qoşulacaq: "KXCP martın 1-də Ali Məclisinin sessiyasında bələdiyyə seçkilərində iştirak etmək haqqında qərar verib. Milli Şurada isə bu istiqamətdə müzakirələr hələ aparılmayıb. Amma son sessiyada çıxış edənlərin əksəriyyəti bələdiyyə seçkilərində iştirakın önəmini xüsusi vurğuladılar. Ona görə də hesab edirik ki, bizim bununla bağlı qərarımız düzgündür. Yəqin ki, Milli Şura da bu seçkidə bu və ya digər formada iştirak edəcək. Düşünürük ki, Milli Şura, yaxud quruma daxil olan partiyalar seçkidə iştirak etsələr, cəmiyyətdə böyük canlanma yaranar".
Milli Şuranın seçkiyə vahid komanda kimi getməsinin vacib olub-olmadığına gəlincə, KXCP sədri "Bu, artıq məsələnin texniki tərəfidir. Yəqin ki, o istiqamətdə məsələlər müzakirə olunacaq və müvafiq qərarlar veriləcək. Hətta bu olmasa belə, problem yaranmayacaq. Konkret olaraq, KXCP seçkilərdə iştirakın tərəfdarıdır, inşallah, iştirak edəcəyik. Artıq bununla bağlı müşavirələrə başlamışıq. Ötən həftə Şirvan bölgəsi üzrə müşavirəmiz olub, lazımi tapşırıqlar verilib", - deyə bildirib.
AXCP isə hələlik boykot barədə düşünür. Bu barədə "Unikal"a məlumat verən AXCP fəallarından birinin sözlərinə görə, Əli Kərimli bələdiyyə seçkilərində iştiraka maraqlı olmadığı üçün özüylə bərabər bir neçə partiyanın da boykot yolu tutmasını istəyir: "Məlum olduğu kimi, AXCP rayonlarda xeyli zəifləyib. Demək olar ki, rayon təşkilatlarında sədrlərdən başqa adam qalmayıb. Onların da əksəriyyəti yerli icra orqanlarına işləyir. Bunu anlayan Əli Kərimli bələdiyyə seçkilərində iştirak etməməyi məqsədəuyğun hesab edir. Çünki bu seçkiyə qoşulmaq üçün hər rayonda ən azı 50-60 adamın olmalıdır. Amma fakt odur ki, bu qədər adamı tapmaq müşkül məsələdir. Ona görə də Əli Kərimli biabır olmamaq üçün seçkiyə getməməyi təklif edir. Onun bu təklifinin Mirmahmud Mirəlioğlu tərəfindən qəbul olunmaması yeni münaqişənin əsasını qoyub".
Müsahibimiz onu da bildirib ki, əgər bu şəkildə davam eləsə, KXCP Milli Şuradan gedəcək. Onun sözlərinə görə, Mirmahmud Mirəlioğlu seçkidə iştirakın vacibliyini əlində əsas tutaraq, qurumu tərk edəcək və bu məsələdə haqlı olduğunu sübut edəcək. Hələlik hər iki tərəf mövqeyini ortaya qoyub, amma son söz deyilməyib. Yəqin ki, yaxın həftələrdə yekun qərar veriləcək və yeni bir qarşıdurmanın əsası qoyulacaq.
Z.QƏRİB
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59