Azərbaycan Aİ-yə inteqrasiya siyasətində mərhələli xəttə üstünlük verir
11:32 25-04-2014
CƏMİYYƏT
Azərbaycan Aİ-yə inteqrasiya siyasətində mərhələli xəttə üstünlük verir
Elman Nəsirov hesab edir ki, prezident İlham Əliyevin Praqa sammitində iştirakı Avropa İttifaqı ilə münasibətlərin sonrakı inkişafında müsbət rol oynayacaq
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında ölkə başçısı İlham Əliyevin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının Praqada keçiriləcək sammitində iştirak edəcəyini bildirib.
Aprelin 24-25-də "Şərq Tərəfdaşlığı" proqramımın 5-ci ildönümünə həsr ediləcək bu sammitdən gözləntilər barədə açıqlama verən politoloq Elman Nəsirov deyib ki, prezident İlham Əliyevin bu tədbirdə iştirakı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin sonrakı inkişafı üçün müsbət rol oynayacaq.
O, Azərbaycan ilə Avropa İttifaqı arasında strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin mövcudluğuna diqqət çəkərək, bu münasibətlərin enerji təhlükəsizliyi sahəsində daha sıx xarakter aldığını söyləyib: "Regionda baş verən son proseslər kontekstində, yəni Avropa İttifaqı ilə Rusiya arasındakı münasibətlərin gərginləşməsi fonunda enerji təhlükəsizliyi məsələsi xüsusi önəm kəsb etməyə başlayıb. Onsuz da Azərbaycanın Qərb üçün bu sferada əhəmiyyəti və aktuallığı böyük idi. Amma yeni geosiyasi reallıqlar bu mənada Azərbaycanın əhəmiyyətini daha da artırdı. Prezidentin Praqaya səfəri və keçirilən tədbir çərçivəsində heç şübhəsiz ki, bu məsələlər ətrafında müzakirələr keçiriləcək. Azərbaycan Avropa İttifaqına inteqrasiya siyasətində mərhələli xəttə üstünlük verir. Ölkəmiz Avropa İttifaqı ilə Assosiativ saziş və Azad ticarət zonası barədə sənədləri imzalayacağına dair öhdəlik götürməyib. İndiki mərhələdə yalnız, viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparırdı. Bu danışıqlar da məntiqi sonluqla yekunlaşdı. Sözügedən sənəd Avropa ittifaqı ilə Azərbaycan arasında imzalandı. Təbii ki, bu təmaslar və Şərq Tərəfdaşlığı kontekstində belə görüşlərin keçirilməsi, əlaqələrin daha da genişlənməsi növbəti mərhələlərdə Assosiativ saziş və Azad ticarət zonası məsələlərini aktuallaşdıra bilər. Belə vəziyyətdə Azərbaycan yenə də öz milli maraqlarından çıxış edərək, bu və ya digər situasiyada hər hansı addım atacaq".
E.Nəsirov səfər çərçivəsində ATƏT-in Minsk Qrupunun cidd-cəhdlə çalışmasına, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə nail olmaq istəməsinə də diqqət çəkib. Onun fikrincə, həmtəsisçilər çox istəyirlər ki, görüş zamanı Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli məsələsi müzakirə olunsun, hər hansı anlaşma əldə edilsin: "Bu baxımdan, Praqa görüşü ATƏT-in Minsk Qrupu üçün olduqca sərfəli və əhəmiyyətli təsir bağışlayır. Amma Ermənistanın mövqeyində hər hansı konstruktiv dəyişikliyin olması, hələlik aydın deyil. Prezident İlham Əliyev ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Nazirlər Kabinetindəki çıxışı zamanı qeyd etdi ki, ötən il münaqişənin həlli istiqamətində irəliyə doğru hər hansı ciddi addım atılmayıb. Ermənistan ənənəvi qeyri-konstruktiv mövqeyini davam etdirməkdədir. Buna rəğmən, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir, baş verənlərə göz yumulur, qondarma Dağlıq Qarabağ rejimi barədə də heç bir ciddi tədbir görülmür. Cənab prezident bütün bunları ikili standartların birbaşa nəticəsi kimi qələmə verdi. Ona görə bir daha bəyan etdi ki, bugünkü geopolitikada güc amili həlledici amilə çevrilib. Yəni, biz güclənməli və bu istiqamətdə işlərimizi davam etdirməliyik. Bu baxımdan, Praqada hətta prezidentlərin görüşü baş tutsa belə, Ermənistan tərəfdən pozitiv davranış gözləməyə dəyməz".
E.Nəsirov "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində ötən 5 il ərzində əldə edilən uğurlardan da söhbət açıb. Bildirib ki, bu müddətdə iqtisadi sferada, xüsusən də enerji təhlükəsizliyi sahəsində əlaqələr xeyli inkişaf edib: "Məhz Avropa İttifaqının dəstəklədiyi TANAP, TAP layihələrinin reallaşdırılması ilə bağlı konkret addımlar atılıb, müvafiq hüquqi-normativ baza formalaşıb. Azərbaycan Avropa İttifaqı ilə əlaqələri genişləndirmək kursuna sadiqlik nümayiş etdirib. Avropa İttifaqı Rusiya ilə son hadisələr fonunda əsas qaz alıcılarından biri kimi Azərbaycanı görür. Hazırda Avropa İttifaqı ilə Türkmənistan, eyni zamanda Azərbaycanla Türkmənistan arasında əlaqələr xeyli intensivləşib. Bu reallıqlar Avropa İttifaqı ilə hər iki ölkənin münasibətlərini yeni mərhələyə keçirib. Düzdür, Avropa İttifaqı Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ötən 5 il ərzində ciddi addıma imza atmayıb. Amma iqtisadi sferada, enerji təhlükəsizliyi sahəsində əlaqələr dinamik inkişaf tempinə malikdir. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Avropa parlamenti hələ 2010-cu ildə Ermənistanı işğalçı elan edib. Fikrimcə, bütün bunlar olduqca mühüm addımlardır. Azərbaycan öz davranışı ilə həm də onu göstərdi ki, ölkəmiz Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. Bu amil beynəlxalq siyasətdə çox mühüm məsələdir. Ona görə də hesab edirəm ki, ötən 5 il ikitərəfli münasibətlərdə konkret nəticələrlə yadda qalıb. 2015-ci ildə Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin reallaşdırılması ilə bu əlaqələr tamamilə yeni müstəvidə inkişaf edəcəkdir".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27