Hüquq sisteminə hörmətsizlik və Azərbaycanın daxili işlərinə kobud müdaxilə
12:04 02-05-2014
İQTİSADİYYAT
Hüquq sisteminə hörmətsizlik və
Azərbaycanın daxili işlərinə kobud müdaxilə
Leyla Yunusu ölkədən qaçırmağa cəhd edən səfirliklər "Diplomatik xidmət haqqında" Vyana Konvensiyasını da pozublar
Aprelin 28-də Sülh və Demokratiya İnstitutu adlı QHT-nin rəhbəri Leyla Yunusun ölkəni qanunsuz olaraq tərk etmək istəyərkən hava limanında saxlanılaraq geri qaytarılması, həmçinin onun polis əməkdaşlarına qarşı etdiyi qeyri-etik davranışlar və s. ölkə gündəminin hazırda ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Məlum olduğu kimi, bir müddət öncə jurnalist Rauf Mirqədirov erməni xüsusi xidmət orqanları ilə əlaqədə təqsirli bilinərək həbs edildikdən sonra onunla görüşən hüquq müdafiəçisi Elçin Behbudova Ermənistana səfərlərini Leyla Yunusun QHT-sinin xətti ilə həyata keçirdiyini demişdi. Məhz bundan sonra istər-istəməz L.Yunus da istintaqa cəlb edilməli idi və bu, belə də oldu. O, bir neçə gün öncə prokurorluğa çağırılaraq dindirilib və istintaq müddətində ölkəni tərk etməmək haqda xəbərdar olunub. Lakin buna baxmayaraq, L.Yunus ölkəni qanunsuz tərk etməyə cəhd göstərib. Xüsusi diqqət çəkən məqam isə ölkəni tərk etməyə cəhd göstərərkən onu hava limanında ABŞ və Fransanın ölkəmizdəki yüksək çinli diplomatlarının müşayiət etməsi olub. Verilən məlumatlara görə, onlar Leyla Yunus və həyat yoldaşının hava limanından maneəsiz keçməsini təmin etməyi öz üzərlərinə götürüblər. Lakin Azərbaycan hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra bu plan baş tutmayıb, və Leyla Yunus Baş Prokurorluğa aparılaraq, ondan izahat alınıb.
Leyla Yunusun qanunsuz hərəkətləri ilə yanaşı, ABŞ və Fransa səfirliklərinin bu məsələdəki fəaliyyəti isə haqlı olaraq ölkə gündəmində böyük səs-küy yaradıb.
O da məlum olub ki, L.Yunusa ölkəni təcili tərk etmək üçün Fransa səfirliyi tərəfindən 2 saat ərzində 5 illik viza təşkil edilib.
Göründüyü kimi, bəzi xarici dövlətlərin səfirlikləri öz səlahiyyətlərini aşaraq Respublika prokurorluğunun razılığı olmadan, hazırda dindirilmə prosesində iştirak edən L.Yunusu ölkədən çıxarmağa çalışıblar.
Bunun isə əlbəttə ki, hüquq sisteminə hörmətsizlik və Azərbaycanın daxili işlərinə kobud müdaxilədən başqa adı yoxdur. Belə ki, həmin səfirliklərə məlumdur ki, ortada faktiki olaraq açılmış cinayət işi var və L.Yunus da o iş çərçivəsində ifadə verməkdədir. Bunu bilə-bilə istintaqa cəlb edilmiş bir şəxsi ölkədən çıxmağa şərait yaradılması və hətta hava limanınadək müşayiət edilməsi heç bir diplomatik prinsiplərlə, korpusun missiyası ilə izah oluna bilməz. Səfirliklər bu addımları ilə, yəni müstəqil dövlətin hüquq sisteminə müdaxilə etməklə, əslində birbaşa "Diplomatik xidmət haqqında" 1961-ci il Vyana Konvensiyasının müddəalarını rəsmi olaraq, kobud şəkildə pozduqlarını nümayiş etdiriblər.
Hakim partiyanın təmsilçisi, millət vəkili Mübariz Qurbanlı L.Yunusun ölkəni tərk etməsinə yardımçı olan Qərb diplomatlarının hərəkətlərini belə bir ritorik üslubda şərh edib: "Bir çox insanlar Fransa səfirliyindən şengen vizası almaq üçün saatlarla, günlərlə, hətta, həftələrlə gözləməli olur, get-gələ salınırlar. Amma Leyla Yunusa və onun həyat yoldaşına bir günün içərisində uzunmüddətli viza verirlər.
Onların bunda marağı, məqsədi nədir?
Həmçinin onların Leyla Yunusa olan məhəbbəti nədəndir? Belə çıxır ki, kimlərsə - kimlərin də ortada olması dediyim kimi artıq bəlli olur - Leyla Yunus və onun həyat yoldaşının Azərbaycandan xaricə çıxmasında və yaxud çıxarılmasında, daha tez getməsində maraqlı olublar.
Belə şəraitdə əslində həmin diplomatların hərəkətləri ciddi qalmaqala da səbəb ola bilər. Azərbaycan tərəfi baş verənlərin böyüməsində maraqlı olmasa da, müəyyən məqamlarda belə diplomatlara öz yerlərinin göstərilməsi zərurəti yaranır. Bu mənada həmin diplomatlar öz səlahiyyət və missiyalarının nədən ibarət olması haqda bir daha götür-qoy etməlidirlər.
Xarici diplomatların ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri ilə əvvəlki dövrlərdə də rastlaşılıb. Məsələn, 1995-ci ilin mart hadisələrində Türkiyə səfiri Atan Karamanoğlunun fəaliyyəti, 2000-ci illərin əvvəllərində Norveç səfiri Steynar Girin davranışları və müxtəlif vaxtlarda bir çox digər Qərb səfirlərinin Azərbaycanın daxili işlərinə qarışmaq təşəbbüsləri müşahidə edilmişdi.
Belə hallar Azərbaycanın milli təhlükəsizliyinə ciddi xələl gətirməsə də, istər-istəməz ikitərəfli münasibətlərin soyumasına səbəb olur.
Bir müddət öncə ATƏT-in Bakı ofisinin statusunun layihə koordinatorluğu səviyyəsinə endirilməsi də xarici diplomatik missiyaların öz səlahiyyət hədlərini aşmasının nəticəsi olmuşdu.
Leyla Yunusa himayədarlıq edən səfirliklərin məhz ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanı təmsil etməsi də Azərbaycan ictimaiyyətini narahat edir. Məlumdur ki, L.Yunus məhz Mirqədirovun erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığı ilə bağlı dindirilir. Beləliklə də iş dolayısı ilə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq fəaliyyəti ilə əlaqəlidir. Mirqədirovun iştirak etdiyi "Xalq diplomatiyası" işinin də həmin səfirliklərin təmsil etdikləri ölkələr tərəfindən ortaya atıldığı sirr deyil. Deməli, ABŞ və Fransa səfirlikləri bu prosesdə birbaşa maraqlıdırlar. ABŞ səfirliyinin Mirqədirov həbs olunarkən verdiyi bəyanat, keçmiş səfir Riçard Kozlariçin açıqlamaları və son baş verənlər bu fikrin doğruluğunu sübut edir.
Həmsədr ölkələr kimi Fransa və ABŞ səfirliklərinin "xalq diplomatiyası" adı altında bu cür fəaliyyəti hansısa ciddi nəticələr verə bilməz. Əksinə, belə hərəkətlər ikitərəfli əlaqələrə mənfi təsir etməklə yanaşı, ölkə ictimaiyyətində bu dövlətlərin reputasiyanın pisləşməsinə səbəb ola bilər.
Odur ki, səfirliklər fəaliyyətlərində ehtiyatlı olmalı, diplomatik fəaliyyətin çərçivələrini aşmamalı, müvafiq beynəlxalq konvensiyalara hörmətlə yanaşmalıdırlar.
Azərbaycan tərəfi isə yeri gəldikcə ölkənin daxili işlərinə qarışan, hüquq sisteminə sayğısızlıq göstərən diplomatlara qarşı daha sərt davranmalı və onlara öz yerini göstərməlidir.
Fuad
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53