Ukraynadan Rusiyaya qarşı şok həmlə
12:05 02-05-2014
İQTİSADİYYAT
Ukraynadan Rusiyaya qarşı şok həmlə
Kiyev Haaqa Beynəlxalq Cinayət Məhkəməsində və Stokholm Arbitraj Məhkəməsində Rusiyaya qarşı iddialar qaldıracaq
Ukrayna dövləti Krım Muxtar Respublikasının ilhaqı ilə əlaqədar Haaqa (Den Haag) şəhərindəki Beynəlxalq Cinayət Məhkəməsində Rusiya Federasiyasına qarşı iddia qaldıracaq. Bunu Ukrayna prezidentliyinə ən şanslı namizəd Pyotr Poroşenko "Şuster Live" proqramının efirində deyib.
P. Poroşenko bildirib ki, iddia ərizəsinin hazırlanmasında amerikalı və avropalı hüquqşünaslar Ukraynaya kömək edir: "Avropalı hüquqşünaslar və amerikalı tərəfdaşlarımız Rusiyanı Krımın işğalına görə məsuliyyətə cəlb etmək üçün çox güclü iddia ərizəsinin hazırlanmasında iştirak edirlər".
P. Poroşenko Ukraynanın Stokholm Arbitraj Məhkəməsinə də müraciət edəcəyini açıqlayıb: "Söhbət təkcə Rusiyanın təcavüzkar kimi tanınmasından getmir. Məqsəd Rusiyanın üzərində çoxmilyardlı cərimələr qoymaqdır. Və əgər bu dövlət beynəlxalq ictimaiyyətin subyekti kimi qalmaq istəyəcəksə, məhkəmənin qərarını yerinə yetirməli və cinayət xarakterli qərarlar qəbul edənləri məsuliyyətə cəlb etməli olacaq. Bu iddia mütləq qaldırılacaq və Krım məsələsi çox ciddi şəkildə qoyulacaq. Məhkəmə bu iddiaya baxarkən biz Krımın geri qaytarılması məsələsini effektiv şəkildə işləyib hazırlayacağıq".
Merkel Ukraynaya görə
Obamanın yanına gedir
Almaniya kansleri Angela Merkel Ukrayna ilə bağlı situasiyanı Barak Obama ilə müzakirə etmək üçün bu gün ABŞ-a gedəcək. Xarici KİV bildirir ki, siyasətçinin görüşünün nəticəsi ilə bağlı böyük mətbuat konfransı keçiriləcək.
Bundan başqa, Merkel amerikalı konqresmenlər, ABŞ-ın biznes və siyasi elitasının nümayəndələri, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqardla görüşəcək.
Məlumatda qeyd edilir ki, Merkellə Obama arasında keçiriləcək 4 saatlıq görüşdə əsas müzakirə mövzusu Ukraynadakı situasiya olacaq.
Ukrayna Rusiyanın hərbi
dəniz attaşesini "persona non-qrata" elan etdi
Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin hərbi dəniz attaşesini "persona non-qrata" elan edib. UNN agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN informasiya siyasəti departamenti məlumat yayıb.
"Aprelin 30-da uğurla baş tutan əks-kəşfiyyat əməliyyatı nəticəsində Ukrayna təhlükəsizlik xidməti tərəfindən Rusiya diplomatı saxlanılıb" - sənəddə bildirilir.
Yaxın müddət ərzində casusluqda günahlandırılan attaşe Ukrayna ərazisini tərk etməlidir.
Lavrov separatçılara səsləndi
Rusiyanın xarici işlər naziri Serqey Lavrov Ukraynanın Slovyansk şəhərində Rusiya-yönümlü separatçılar tərəfindən girov götürülmüş ATƏT müşahidəçilərinin azad edilməsinə çağırıb. Peruya səfəri zamanı bu barədə danışan Lavrov, Kiyev rəhbərliyini də bu məsələdə hərəkətə keçməyə səsləyib.
"Biz müşahidəçilərin azad edilməsinə çağırırıq, lakin biz "xalq üsyanı"na görə qərar verə bilmərik. Bu insanlar daim Kiyevdən səslənən hədə-qorxu ilə üz-üzədir, Kiyev onlara qarşı ordu qüvvələrindən, zirehli texnikadan istifadə ediləcəyini bəyan edir, bunu ekstremistlərdən gələn təhlükə ilə əsaslandırır" - Rusiyanın xarici işlər naziri Serqey Lavrov belə deyib.
Lavrov həmçinin vurğulayıb ki, Rusiya Ukrayna rəhbərliyi ilə onların ölkənin digər regionlarındakı rəqibləri arasında dialoqun ATƏT bayrağı altında başladıla biləcəyinə inanır.
Moskva NATO sərhədində
təlimlərə başladı
Rusiya Ukraynadan sonra Estoniya və Latviya sərhədində hərbi gücünü nümayiş etdirir.
Rusiya mediasının verdiyi məlumata görə, Qərb hərbi dairəsi ordu aviasiyasının vertolyotları Estoniya və Latviya ilə həmsərhəd Pskov vilayətində təlimlərə başlayıb.
Bu barədə Rusiya Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin rəhbəri, polkovnik Oleq Koçetkov bildirib. Təlimlərə "Gecə ovçusu" adlandırılan "Mi-28N" zərbə vertolyotları, Ka-52 "Alliqator" və Mi-26T vertolyotları qatılacaq.
O.Koçetkov bildirib ki, təlimlərdə aeronaviqasiya, idarəetmə texnikasının təkmilləşdirilməsi, hava və yerüstü hədəflərin axtarışı məsələləri yerinə yetirilməlidir.
Qeyd edək ki, Estoniya və Latviya NATO ölkələridir.
Putin Krımı müdafiə
edənə medal verdi
Krımın Simferopol şəhərində snayper gülləsindən həlak olan Ruslan Kazakov Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə ölümündən sonra "Krımın müdafiəsində rəşadət göstərdiyinə görə" medalı ilə təltif edilib.
Məlumata görə, kazakların "Stanitsa Plastunskaya" cəmiyyətinin üzvü olan Kazakov vətəndaşlıq borcunu yerinə yetirərkən həlak olub.
Xatırladaq ki, Ruslan Kazakov bu il martın 18-də rus ordusu Krıma hücum edərkən, Simferopolun Kubansk küçəsində yerli xalqla atışma zamanı Krımı müdafiə edənlər tərəfindən açılan atəş nəticəsində yaralanmışdı.
Vəfa Quluzadə:
"Putinin əsas məqsədi
ABŞ-ın yalvarmasına
nail olmaqdır"
"Hazırda Qərb və Rusiya üçün Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi gündəmdə deyil. Hazırkı vəziyyətdə Ukrayna məsələsi Rusiya və Qərb üçün daha aktual əhəmiyyətə malikdir". Bunu sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Ukrayna hadisələri fonunda Rusiya və Qərb dairələrinin mübarizəsinin Dağlıq Qarabağ probleminə təsirindən danışarkən deyib. O bildirib ki, Rusiyanın Ukrayna ilə olan problemi bitmədən Qarabağ konfliktinin tənzimlənməsində müsbət və ya mənfi addımlar atılmayacaq.
Keçmiş dövlət müşaviri hesab edir ki, ABŞ başda olmaqla Qərbin Rusiya ilə bölgədə toqquşan geopoltik maraqları ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsini gündəmə daşımaq üçün əsas deyil. "Məsələ ondan ibarətdir ki, Minsk Qrupunda əsas oyunçu Rusiyadır. Qarabağı işğal edən də Rusiyadır. Ona görə də məsələ həll olunmur. Minsk Qrupunun formatının dəyişməsinin də heç bir xeyri olmayacaq".
Analitik Ukrayna uğrunda aparılan mübarizədə Qərbin yoxsa Rusiyanın qalib gələcəyi ilə bağlı suala isə belə cavab verib: "Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiyanı zəiflədir və çökdürür. Rusiya istəyir ki, proses qısa müddətdə qurtarsın. Rusiyanın Ukraynanı ələ keçirmək siyasətinin əsas tərkib hissələrindən biri də ölkənin şərq bölgəsində xaos yaratmaqdır. Ukraynanın şərqində yaranan xaos Kiyevə qədər gedib çıxa bilər. Rəsmi Kiyev isə ölkədə qayda-qanun yaratmaq istəyir. Bunun üçünsə Ukrayna Rusiya ilə birbaşa müharibəyə girişməlidir. Bu məsələdə isə Ukrayna tərəddüd edir. Rusiyanın əsas məqsədi Ukraynanın stabillikdən çıxardıqdan sonra Qərbin Kremlə yalvarmasına nail olmaqdır. Rusiya istəyir ki, Qərb dairələri bundan sonra rəsmi Moskvaya Ukraynada stabillik yaratmaqla bağlı xahiş etsinlər. Nəticələrin nə olacağını indidən demək çətindir. Amma Rusiyanın qələbəsi görünmür",-deyə V. Quluzadə şərh edib.
Ekspert proseslərin Azərbaycana təsir imkanlarından da danışıb. Politoloq vurğulayıb ki, Azərbaycanın yeganə istəyi Qarabağ probleminin ədalətli həll olunmasına nail olmaqdır. "Amma Rusiyanın aqressiv siyasəti onu göstərir ki, o, Cənubi Qafqazda sülhün yaranmasına mane olur".
Beynəlxalq Valyuta
Fondu Ukraynaya
17 milyard dollar ayırır
Beynəlxalq Valyuta Fondunun (BVF) direktorlar şurası Ukrayna üçün nəzərdə tutulan böhrana qarşı proqramı təsdiq edib. İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Fondun mətbuat xidməti açıqlama yayıb.
Beləliklə, iki il ərzində Ukrayna Beynəlxalq Valyuta Fondundan 17 milyard dollar kredit alacaq. İlk olaraq, yaxın günlərdə BVF-un Ukrayna hökumətinə 3,2 milyard dollar ayıracağı gözlənilir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53