Əli Həsənovdan sərt təpki
18:37 03-05-2014
CƏMİYYƏT
Əli Həsənovdan sərt təpki
Zahid Oruc: "Buna görə, "Freedom House" təşkilatının hesabatını obyektiv bir barometr kimi qəbul eləmək olmaz"
Məlum olduğu kimi, "Freedom House" təşkilatı 2013-cü il üzrə dünyada media azadlığına dair hesabatını açıqlayıb. Hesabat 197 ölkəni əhatə edir. Sənəddə deyilir ki, Avrasiya ölkələri bu sahədə bütün dünyada ən aşağı reytinqə malikdir və bu ərazidə heç bir ölkə "azad" kateqoriyasına daxil edilməyib.
"Freedom House"un istifadə etdiyi metodologiya qüsurludur, subyektivdir, müəyyən maraqları ifadə edir və obyektiv reallığı əks etdirmir
Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Freedom House" təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatına münasibət bildirib. O, qeyd edib ki, "Freedom House" təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatının Azərbaycanla bağlı hissəsi qərəzli, şübhəli mənbələrə əsaslanan subyektiv mülahizələrin məhsuludur. Ona görə də bu qiymətləndirmə qeyri-obyektiv səciyyə daşıyır. Hesabatdan görünür ki, bu təşkilatda Azərbaycan da daxil olmaqla bütün Avrasiya regionu haqqında qərəzli stereotiplər formalaşdırıb.
Bu gün Azərbaycanda yüzlərlə kütləvi informasiya vasitəsi, o cümlədən televiziya, radio, qəzet, jurnal, internet informasiya resursları, böyük jurnalist ordusu fəaliyyət göstərir. Həm ölkə qanunvericiliyi, həm də mövcud şərait medianın heç bir maneçilik olmadan sərbəst fəaliyyətinə tam təminat verir. Azərbaycanda söz və məlumat azadlığının inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, medianın inkişafına maneçilik törədən problemlərin aradan qaldırılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Geniş əlverişli fəaliyyət mühiti nəzərə alınmadan, hər hansı ölkədə baş verə biləcək ayrı-ayrı azsaylı halların məqsədyönlü şəkildə ümumiləşdirilməsi və əldə olunan nəticələr əsasında real vəziyyətin təhrif edilməsi hec bir təşkilata, o cümlədən "Freedom House"a başucalığı gətirmir. Bütün bunlar onu deməyə əsas verir ki, "Freedom House"un istifadə etdiyi metodologiya qüsurludur, subyektivdir, müəyyən maraqları ifadə edir və obyektiv reallığı əks etdirmir.
O ki qaldı, internetin vəziyyəti ilə bağlı iddialara, deyə bilərik ki, bu gün informasiya-kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biridir. Ölkəmizdə yüzlərlə internet saytı, portalı və s. fəaliyyət göstərir. Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir, sosial şəbəkə istifadəcilərinin sayı isə iki milyona yaxınlaşıb. Təkcə Facebook sosial şəbəkəsində Azərbaycandan 1.2 milyon nəfər istifadəci var və sürətli illik artım dinamikası müşahidə olunur. Bu faktlar Azərbaycanda internetin tam azad olduğunu və bu sahədə hər hansı məhdudiyyətlərin tətbiq olunmadığını açıq şəkildə nümayiş etdirir. "Freedom House"un guya Azərbaycanda jurnalistlərin internet yazışmaları və telefon danışıqlarını nəzarətdə saxlanması, KİV-lərin yayımına peykdən müdaxilə və s. bu kimi mülahizələrinə gəlincə, deyə bilərik ki, göstərilən məsələlərə dair bütün dünyaya məlum olan digər zəngin "təcrübələr" vardır. Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən bir ölkə kimi bəzi böyük dövlətlərin bu kimi "təcrübələr"indən deyil, insan haqlarına, media azadlığına geniş meydan verən demokratik dəyərlərdən bəhrələnir. Buna görə də "Freedom House" "qaranlıq otaqda qara pişik axtarmaq" əvəzinə bu məsələləri araşdırsa və real nəticələr ortaya qoysa, bəlkə də öz nüfuzuna daha müsbət calarlar gətirə bilər.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Milli Məclisin deputatı Zazid Oruc "Freedom House" təşkilatının növbəti dəfə qərəzli mövqe tutduğunu bildirib. Onun sözlərinə görə, bu təşkilat mövcud faktlara deyil, yanlış mülahizələrə əsaslanır: "Biz bu təşkilatın beynəlxaq miqyasda həyata keçirdiyi fəaliyyətini uzun illər tənqid etmişik. Hər zaman söyləmişik ki, ölkələrin seçdiyi əsas kursu, ümumi tendensiyaları, ümumi insan haqları və vətəndaş hüquqlarının təminatı üçün həyata keçirilən tədbirləri, o cümlədən, media və söz azadlığının bərqərar olması üçün dövlətin addımlarını qiymətləndirmədən hesabatlar hazırlayır. Yalnız lupa ilə şişirdilmiş və müxtəlif siyasi maraqlara tabe etdirilmiş rəyləri qabartmaqla ölkə ilə bağlı mənfi düşüncənin formalaşdırılması çox yanlışdır".
"Freedom House" təşkilatının sovetlər birliyinin dağılmasına az qalmış bir dövründə yaradıldığını nəzərə çatdıran millət vəkilinin sözlərinə görə, həmin qurumun əsas rəhbər şəxsləri mərkəzi kəşfiyyat idarəsinin sabiq başçıları olublar: "Belə qurumlar dünyada hörümçək toru kimi insan haqqı mövzusundan istifadə edib sərhədləri keçmək, ölkələrin daxili həyatında oturmaq, müxtəlif maraqlarını həyata keçirmək üçündür. Onlar soyuq müharibənin basmaqəlib prinsipləri, ideoloji trafaretləri ilə hərəkət edirlər. Əgər bu gün Azərbaycan Amerika ilə son dərəcə yaxın münasibətlərə getsə, onda görəcəksiz ki, onlar hər hansı məsələni qaldırmayacaqlar və bu cür qabardılmış faktlardan danışmayacaqlar. Yox əksinə, biz Rusiya ilə bir ittifaqda yer almaq yönündə bir baxış sərgiləsək, səhəri Azərbaycanın bütünlüklə üçüncü, dördüncü ölkələr sırasına qoyulduğunun şahidi olacaqsız. Ona görə bu rəylər özündə xoş məramı ifadə eləmir, hökumət orqanları ilə heç vaxt danışıqlarla problemlərin həll olunmasına səy göstərmir. Bu səbəbdən də "Freedom House" təşkilatının hesabatını obyektiv bir barometr kimi qəbul eləmək olmaz".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27