Müxalifət həyəcan təbili çalır, Rusiya təhlükəsi qapımıza dayanıb
Müxalifət həyəcan təbili çalır, Rusiya təhlükəsi qapımıza dayanıb

Siyasilər hesab edirlər ki, Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunmasında maraqlı olan qüvvələrin milli həmrəyliyinin təmin olunması vacibdir

ADP Rusiya təhlükəsi ilə bağlı bəyanat verib. "Unikal"a daxi olan bəyanatda qeyd olunur ki, son vaxtlar rus imperiyasının bərpası istiqamətində Rusiya siyasi dairələrinin hərbi, siyasi, diplomatik və təbliğati səyləri güclənib.

Partiya bəyan edir ki, xüsusən keçmiş SSRİ respublikaları ərazisində rus imperiyasının bərpasına yardım edəcək qüvvələrin formalaşdırılması və ictimai rəyin hazırlanması prosesi gedir: "Valideynləri keçmiş SSRİ-də yaşamış insanlara asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığının verilməsi, eləcə də çar Rusiyasında imperiyanın mənafeləri uğrunda xarici qüvvələrlə mübarizədə xüsusi xidməti olan aşağı çinli döyüşçülər üçün təsis edilmiş, SSRİ dönəmində qüvvədən salınmış və 2005-ci ildə Moskvada millətçi qüvvələr tərəfindən "ikinci dünya müharibəsi veteranlarına qayğı" adı altında yenidən gündəmə gətirilmiş "Qeorqiyev lenti"nin paylanması kampaniyası həyata keçirilir. Son günlər Azərbaycanda Rusiya səfirliyi və Rusiya diasporunun fəal iştirakı ilə bu lentin paylanması kapaniyası başlanıb. "İrəli" gənclər təşkilatı 9 mayda "Qeorqiyev lenti"nin Azərbaycanda paylanması ilə bağlı kampaniyanı öz üzərinə götürməyi bəyan edib".
ADP Azərbaycan üçün xarici təhlükə risklərinin artdığı vəziyyətdə bu lentin paylanmasını Rusiyanın hakim dairələrinin işğalçı siyasətinə dəstək, Azərbaycanın suverenliyi və müstəqilliyinə hörmətsizlik kimi dəyərləndirir, hüquq mühafizə orqanlarını dövlətçiliklə bir araya sığmayan və milli maraqlarımıza zidd olan bu kampaniyanın qarşısını almağa və bu kampaniyanı təşkil edənlər barədə qanuni ölçü götürməyə çağırır.
"Qarabağ" blokunun həmtəsisçilərindən biri, ADP sədri Sərdar Cəlaloğlu "Unikal"a açıqlamasında deyib ki, vəziyyət kritikdir və hər kəs bunu nəzərə almalıdır: "Son vaxtlar keçmiş SSRİ məkanında baş verən hadisələr Azərbaycan üçün xarici təhlükə riskinin artmasına səbəb olub. Belə bir şəraitdə Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunmasında maraqlı olan qüvvələrin milli həmrəyliyinin təmin olunması vacibdir. Bu istiqamətdə ayrı-ayrı şəxslər və təşkilatlar tərəfindən müxtəlif təşəbbüslər irəli sürülüb. "Qarabağ" bloku bu cür təşəbbüsləri dəstəkləyir, belə təşəbbüslərdə aktiv iştirak edəcəyini və təşkilatçılıq missiyasını öz üzərinə götürməyə hazır olduğunu bildirir".
Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli "Unikal"a açıqlamasında deyib ki, Ukraynada baş verən hadisələrin əsl mahiyyəti tamamilə aydın olmadığından regionda baş verən proseslərin səbəblərinin obyektiv şəkildə izah edilməsində problemlər yaşanır. Onun sözlərinə görə, Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək niyyətinin olmasına inanmır: "Hələ vaxtilə prezident Putin demişdi ki, SSRİ kimi bir dövlətin dağılmasına təəssüflənməyənlərin ürəyi, onu bərpa etmək istəyənlərin isə başı yoxdur. Həm bu fikirlər, həm də qlobal dünyada baş verən proseslər Rusiya rəhbərliyinin belə bir mövqedə dayanmasını istisna edir. Məsələ bundadır ki, Ukraynada baş verən hadisələr üzərindən Rusiyaya qarşı bir informasiya cəbhəsi açılıb. Çalışırlar ki, bu ölkəni işğalçı, qonşu dövlətlərin müstəqilliyinə qarşı təhlükə kimi təqdim etsinlər. Bunun üçün çox böyük maliyyə də sərf olunduğu görünür və bir sıra hallarda istəklərinə də nail olmağı bacarırlar. Fakt bundan ibarətdir ki, artıq Rusiya ilə Avropa arasında gərginlik yaranıb və bu artan xətt üzrə inkişaf etməkdədir".
Müsahibimizin qənaətincə, hadisələrin təhlili göstərir ki, Rusiyadan Azərbaycana nə qədər təhlükə varsa, ABŞ və Qərbdən də o qədərdir. "Biz nəzərə almalıyıq ki, Rusiya ilə qonşu ölkələrik, xeyli quru və su sərhəddinə malikik. Ona görə də bu dövlətlə qarşılıqlı faydaya əsaslanan mehriban qonşuluq siyasətinə üstünlük verməliyik. Olmayan və ümumiyyətlə, baş verməsi gözlənilməyən, sırf emosiyalara əsaslanaraq çıxarılan nəticələrə görə Rusiyaya qarşı cəmiyyətimizdə aqressiv mühitin formalaşdırılması milli mənafelərimizə cavab verə bilməz. Nəzərə almalıyıq ki, regionda çox ciddi proseslər gedir, ona görə də bütün məsələlərə soyuq başla yanaşmalı, qərar verərkən dövlət maraqlarını hər şeydən üstün tutmalıyıq", - deyə M.Rəhimli vurğulayıb.

Z.MƏMMƏDLİ