Ali Attestasiya Komissiyasında "nurçu" izi
06:09 07-05-2014
İQTİSADİYYAT
Ali Attestasiya Komissiyasında "nurçu" izi
Adı nurçuluqda hallanan deputat Ceyhun Osmanlı AAK-dakı dəstəkçilərinin vasitəsi ilə alim olmaq istəyir
Son dövrlər Azərbaycanda elmi dərəcə, alimlik adı almaq dəb halını alıb. Xüsusən də məmurlar, iş adamları, hətta bəzi millət vəkilləri də alim olmaq həvəsinə düşüblər. Amma alim olmaq asan olmadığı və uzun, əziyyət tələb edən bir iş olduğundan, bu istəyə nail olmaq üçün xeyli xərcə düşməli olurlar.
Bu sahədə son instansiya olan Ali Attestasiya Komissiyasının iş prinsipləri isə buna münbit şərait yaradır. Məhz, Ali Attestasiya Komissiyasının müəyyən şərtlərlə yalançı alimlərin ortaya çıxması səbəbində ölkə rəhbərliyi səviyyəsində də narahatlıq yaranmışdı.
Belə ki, bir müddət öncə Prezident Administrasiyasının rəhbəri, Akademik Ramiz Mehdiyev də öz məqaləsində belələrini ciddi şəkildə tənqid edib. Akademikin sözügedən məqaləsi elm-təhsil sferasında şok effekti yaratmışdı və ondan sonar neqativ hallara ara verilmişdi. R.Mehdiyevin həmin məqaləsindəki bəzi məqamlara diqqət yetirmək kifayətdir ki, vəziyyətin nə qədər kritik olduğunu anlayasan: "Aparılan sorğular cəmiyyətdə elmi fəaliyyət sahəsinə laqeydliyin olduğunu göstərir. Bu, böyük həyəcan doğuran faktdır. Bunun səbəblərindən biri də indi elmə gələn bəzi insanların şəxsi keyfiyyətləri və analitik təhlil qabiliyyətlərinin müasir tələblərdən xeyli aşağı olmasıdır. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sahələrinə həsr olunmuş xüsusi müzakirələr keçirmir. Beynəlxalq tərkibli elmi şuralar isə heç yoxdur. Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır. Elm bir biznesə çevrilib və istənilən şəxs – dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Söz yox ki, bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz. Son beş ildə Azərbaycanda müdafiə edilmiş dissertasiyalar arasında elələri vardır ki, tragikomik təsir bağışlayır. Yüzlərlə dissertasiya müdafiə edildiyi halda, dünyanın nüfuzlu elmi jurnallarında Azərbaycan alimlərinin məqaləsinə təkdənbir rast gəlmək mümkündür". Əslində, akademik bu yazıda konkret ünvan göstərməsə də, bəzi biznesmenlərin, məmurların, səlahiyyət sahiblərinin elmi ad almasında rolu olan bütün aidiyyatı qurumları "vurmuş"du. Sözsüz ki, bu qurumların başında Ali Attestasiya Komissiyası gəlir. Ancaq konkret qurumların rəhbərlərinin cəzalandırılması isə bağlı qapılar arxasında baş verdiyi şübhəsizdir.
Lakin görünən odur ki, Ali Attestasiya Komissiyasının rəhbərliyi akademikin məlum məqaləsinin təsirindən çıxıblar. Belə ki, yenə də biznesmen, məmur, hətta millət vəkillərinin alimlik dərəcəsi, elmi ad alması tendensiyası artıb. "Unikal"a daxil olan məlumata görə, son günlər adı nurçuluqda hallanan Ceyhun Osmanlı da alim olmaq həvəsinə düşüb. Belə ki, artıq onun dissertasiya işi hazırdır. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, millət vəkilinin dissertasiya yazması inandırıcı deyil: "Mənə elə gəlir ki, Ceyhun Osmanlı dissertasiya işini özü yazmayıb. Onun əvəzindən AMEA-da işləyən fəlsəfə doktorlarından biri yazıb. Bildiyimə görə, hazırda bir elmi işin yazılması və elmi şuranın müzakirəsinə çıxarılması 10 min manata başa gəlir. Müdafiə, opponentlərin rəyi, adın verilməsi prosesi də bir o qədərə həll olunur. Ali Atesstasiya Komissiyasının xərci isə ayrıdır. Əslində, Ali Attestasiya Komissiyası razılıq verməsə, ondan əvvəlki proseslərin heç biri baş verməz. Elə buna arxayın olan bəzi məmur, işadamı, səlahiyyət sahibləri də pullarına güvənərək bu yöndə addımlar atırlar. Ali Attestasiya Komissiyasında qapıların pulla açıldığını bilənlər ön mərhələləri daha rahat keçə bilirlər. Məndə olan məlumata görə, Ceyhun Osmanlının da adamı Ali Attestasiya Komissiyasındadır. Amma nurçu deputatın kim tərəfində himayə olunduğunu, kimin dəstəyi ilə elmi ad almaq istədiyini bilmirəm.Bircə ona əminəm ki, nurçu deputatın elmi "karyera"sına yaşıl işıq yandıranlar Ali Attestasiya Komissiyasının rəhbərliyində təmsil olunurlar".
Onu da qeyd etmək istəyirik ki, Ceyhun Osmanlı "İqtisadi inkişafin resurs təminatı və ondan istifadənin dövlət tənzimlənməsi problemləri" mövzusunda dissertasiya işini müdafiə edib. "Ümumi iqtisadiyyat" ixtisası üzrə müdafiə edən deputat iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyasına müraciət edib. Onun müdafiə şurasının sədrinin, elmi rəhbərinin, oppenentlərinin kim olduğunu bilirik. Sadəcə olaraq, müəyyən araşdırmalar apardığımızdan bu barədə növbəti saylarımızda məlumat verməyə çalışacağıq.
Bir məqamı da nəzərə çatdıraq ki, elmi ad, elmi dərəcə verilməsi sahəsindəki neqativ hallar zaman-zaman ictimai müzakirələrə çıxarılır. Xüsusən də Ali Attestasiya Komissiyasının bu istiqamətdəki yarıtmaz fəaliyyəti ilə bağlı tənqidi fikirlər səslənir.
Məsələylə bağlı mövqeyini öyrəndiyimiz fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov "Unikal"a açıqlamasında artıq bu mövzularda danışmaqdan bezdiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda elm sahəsində müxtəlif problemlər var və bu barədə illərdir ki, mətbuatda fikirlərini bildirib: "Bu barədə mən çox söz demişəm. Tənqidi fikirlərimi bildirmişəm. İndi nə mənası var ki, yenidən nəsə danışım. Xoşa gəlməyən hallar, qəbahətlər çoxdur. Diplom arzusunda olanlar da, müəyən dairələrlə əlaqələri, pulu olanlar da çoxdur, istədiklərini də edirlər. Bütün bunlar göz qabağında olan şeylərdir. Mən bu barədə yazılar da yazmışam, iqtidarın da, müxalifətin də mətbu orqanlarında dərc olunub. Bir dəfə sözümü demişəm, bundan sonra havaya sovrulan söz demək istəmirəm. Real vəziyyət hər kəsə bəllidir. Elm sahəsindəki bu əyriliklərin kökü də, səbəbləri də bilinir. Fikrimi bildirmişəm, reaksiyalarını da görmüşəm. Elə bir vəziyyət yaradıblar ki, heç bu barədə danışmaq da istəmirəm. Adam bir dəfə danışar, iki dəfə danışar, tənqiddən nəticə çıxarmırlarsa, özünü yormağa dəyməz".
Tibb Universitetinin müəllimi, VİP sədri Əli Əliyev də "Unikal"a açıqlamasında Ali Attestasiya Komissiyasının fəaliyyətində ciddi nöqsanların olduğunu vurğulayıb: "Son dövrlər elmi dərəcə uğrunda mübarizə vüsət alıb. Xüsusən də Azad Mirzəcanzadə dünyasını dəyişdikdən sonra AAK-ın fəaliyyətində xeyli geriləmə müşahidə edilməkdədir. Bilavasitə bu işlə təmasım olmasa da ünsiyyət çevrələrim elmi dərəcə dəbindən çox məlumat veriblər. Belə ki, müəyyən çevrə nümayəndələri elmi dərəcə diplomunu mümkün yollarla əldə etməyə can atırlar. Dəqiq məlumatım olmasa da, son dövrlər biznes, siyasət adamlarının alimlik, xüsusən doktorluq dərəcələrinin sayının vüsət alması müəyyən şübhələrə əsas yaradır. Çünki doktorluq işi, onun ədəbiyyat icmalı, eksperiment hissəsi xeyli vaxt aparan, həsrolunma tələb edən fəaliyyətdir. İnanmıram ki, intensiv biznesdə və ya siyasətdə olanın buna imkanı, yaxud da həvəsi olsun".
Müsahiblərimizin də fikirlərindən göründüyü kimi, Ali Attestasiya Komissiyası ilə bağlı ciddi problemlər var. Ölkə başçısının elmin inkişafına yönəlik addımların intensivləşdiyi bir məqamda ümumi siyasətə qarşı getmək AAK rəhbərliyinə baha başa gələ bilər. Hər halda, qarşıdakı dövrdə bu istiqamətdə sərt addımların atılacağının şahidi olacağımız qaçılmazdır.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53