Məmurların «dərman biznesi"nə ağır zərbə gözlənilir
06:12 07-05-2014
İQTİSADİYYAT
Məmurların «dərman biznesi"nə ağır zərbə gözlənilir
Nazirlər Kabinetinin təsdiq etməyə hazırlaşdığı sənəd ətrafında ilginc detallar!
Heç, kim dana bilməz ki, Azərbaycana daxil olan dərmanların böyük əksəriyyətinin keyfiyyət parametrləri xeyli aşağıdır. Elə bu səbəbdən də həmin dərmanlar heç bir dərdə dava olmur. Xəstəlik üzündən apteklərə üz tutan xəstələr dərman alıb, bir müddət qəbul etsələr də, heç bir faydasını görmürlər.
Amma problem yalnız dərmanların keyfiyyəti ilə bağlı deyil. Elə dərmanların qiyməti ilə bağlı da Azərbaycanda anormal vəziyyət hökm sürür. Məsələ burasındadır ki, hazırda eyni dərman müxtəlif apteklərdə fərqli qiymətə satılır. Elə bu səbəbdən də həkim resept yazarkən xəstə və xəstə yiyələri əvvəlcə bir-bir apteklərə düşüb dərmanların neçəyə olduğunu öyrənirlər.
Sonda alıcı dərmanların daha ucuz qiymətə başa gəldiyi aptek, daha doğrusu, apteklərdən bazarlığını edir. Buna görə də alıcı araşdırmasını aparıb aptekləri bir-bir gəzəndən sonra yenidən bir reseptdə yazılmış dərmanları almaq üçün bir neçə aptekə üz tutmalı olur. Bu da alıcılara vaxt itkisi ilə yanaşı, əsəb itkisinə başa gəlir.
Artıq bu anormal vəziyyətə son qoyulmasına az qalıb. Belə bir qənaətə isə baş nazirin müavini Əli Əhmədovun dünənki açıqlamasından sonra gəlmək olar.
"Azərbaycanda dərman perparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir"deyən baş nazirin müavini ölkəmizdə dərmanların vahid qiymətə satılması ilə bağlı Səhiyyə Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi təkliflər paketinə münasibət bildirərkən daha sonra sözlərinə bunu əlavə edib: "Bu, çox aktual məsələdir. Təəssüf ki, Azərbaycanda dərman perparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Bu, bəzi dərman satışı ilə məşğul olanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir".
Baş nazirin müavini bəyan edib ki, bu cür neqativ hallar aradan qaldırılmağa çalışılır: "Qeyd olunan sənəd yaxın vaxtlarda təsdiq olunacaq. Amma bu, sadə bir məsələ deyil. Azərbaycanda satılan dərmanlar real qiymətindən baha satılmamalıdır. Bir tərəfdən də Azərbaycanda real bazar qiymətləri də mövcuddur. Azərbaycanda dərman satışı ilə bağlı süni bahalanma hallarının qarşısı alınacaq".
Əli Əhmədovun dediklərindən belə qənaət hasil olur ki, artıq hökumət dərmanlarla bağlı vahid qiymət siyasətinin müəyyənləşdirilməsinə isti münasibət göstərir. Elə bu səbəbdən də tezliklə məsələ ilə bağlı Səhiyyə Nazirliyinin hazırlayıb hökumətə təqdim etdiyi təkliflər paketinin qəbul ediləcəyini düşünmək üçün ciddi əsaslar var.
Belə bir sənədin qəbulu reallaşarsa, bunu məmurların "dərman biznesi"nə ağır zərbə kimi qiymətləndirmək olar. Söhbət ondan gedir ki, ölkənin dərman biznesində payı olan sahibkarların arxasında hansısa məmurlar dayanırlar. Onlar belə sahibkarları ya birbaşa, ya da dolayı yollarla himayə edirlər. Əks halda dərman biznesində payı olanlarının istər qiymət, istər keyfiyyət baxımından dərman bazarında bu qədər asanlıqla və rahatlıqla at oynatması qeyri-real görünür.
Hökumətin vahid dərman qiyməti siyasətinin bu mənada məhz belə məmurların maraqlarına toxunacağı və onların gəlirlərinə əhəmiyyətli dərəcədə mənfi təsir edəcəyi istisna olunmur. Əldə etdiyimiz məlumata görə, əslində Səhiyyə Nazirliyinin məlum təkliflər paketi xeyli əvvəl hökumətə göndərilsə də, onun qəbulunun indiyədək yubanması məhz həmin məmurların müxtəlif təsir imkanlarını işə salmaları ilə bağlıdır.
Onlar özlərinə yaxın ekspertlərin dili ilə Nazirlər Kabinetini inandırmağa çalışırlar ki, dərmanların qiymətinin eyniləşdirilməsi, bazar iqtisadiyyatının qaydalarına ziddir. Çünki dərmanların qiyməti satış yerindən asılıdır. Bakı şəhərində bəzi yerlərin icarə haqqı baha, bəzi yerlərdə aşağıdır. Təbii ki, bütün bunlar apteklərdə satılan dərmanların qiymətlərinə təsir göstərir. Apteklərdə işləyən işçilərin sayı da qiymətə təsir edən faktorlardandır.
Maraqlıdır ki, vahid dərman qiymətlərinin müəyyənləşdirilməsini müstəqil ekspertlərin bir çoxları da bazar iqtisadiyyatının tələblərinə zidd sayırlar. Onların fikrincə, dərmanların qiymətini eyniləşdirmək əvəzinə dərman bazarında liberallaşdırılma aparılmalıdır. Bildirilir ki, belə bir liberallaşdırma siyasəti birmənalı şəkildə dərmanların qiymətinin təbii yollarla aşağı düşməsinə gətirib çıxarar. "Heç bir halda qonşu ölkələrlə qiymət fərqinin iki dəfə, bəzi hallarda daha çox olması iqtisadi qanunlara uyğun deyil. İqtisadi qanunlar heç bir halda qiymət fərqinin yaranmasına imkan vermir. İqtisadi qanuna görə, əgər ölkələr arasında sərhəd varsa, qiymət fərqləri bu səviyyədə ola bilməz" - bu da müstəqil ekspertlərin fikridir.
Bütün bunların fonunda isə dərman biznesində payı olan məmurların öz gəlirlərini qorumaq üçün Nazirlər Kabinetinin qəbul etməyə hazırlaşdığı sənədə qarşı müqaviməti davam etdirib-etdirməyəcəkləri maraq doğurur. Əli Əhmədovun dediklərindən də göründüyü kimi, bu yöndə bütün müəmmalara aydınlıq gətirilməsinə çox az qalıb. Odur ki, gəlin bir az da gözləyək.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53