Ukraynanın şərqində 30-dan çox terrorçu öldürüldü

Ukraynanın şərqində 30-dan çox terrorçu öldürüldü

Şok! Rusiya "Rus yazı" kod adlı xüsusi əməliyyata hazırlaşır

Ukraynanın şərqində keçirilən antiterror əməliyyatı zamanı 30-dan çox terrorçu öldürülüb. Bu barədə özünün "Facebook" səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov yazıb.
"Biz 4 nəfəri itirmişik, 20 nəfər yaralımız var. Terrorçulardan isə 30 nəfər öldürülüb, onlarla yaralı var. Onların arasında xeyli sayda krımlı var, rusları da görmək olar. Bu gün çeçenlər də olub", - deyə o vurğulayıb.
Rusiya diversantları 9 may tarixində Kiyev də daxil olmaqla Ukraynanın yeddi regionda təxribat xarakterli kütləvi aksiyalar həyata keçirməyi planlaşdırır. Bu barədə isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubiy jurnalistlərə açıqlamasında bildirib.
"Mayın 8-i və 9-unda rus diversantları tərəfindən təxribatlar planlaşdırılır. Ukraynanı əldən verməmək üçün mümkün olan hər şeyi edirlər. Təxribatlar yalnız Ukraynanın şərqində deyil, həm də Kiyevdə planlaşdırılır. Putin hesab edir ki, Donetsk, Luqansk, Herson, Odessa, Nikolayev və Zaporojye xüsusi statusa malik olmalıdır", - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi söyləyib.
A.Parubıy xüsusi əməliyatın "Rus yazı" kod adı altında keçiriləcəyini deyib.

Ukrayna Təhlükəsizlik Xidməti: Yuliya
Timoşenkonun həyatı təhlükədədir

Ukraynanın sabiq baş naziri, prezidentliyə namizəd olan Yuliya Timoşenkonun həyatı təhlükədədir. Ukrayna Təhlükəsizlik Xidməti müvafiq məlumatı Y.Timoşenko ilə işləyən Dövlət mühafizə idarəsinə ötürüb.
Bununla belə Y.Timoşenko Nikolayev vilayətinə səfərini yarımçıq qoymayıb.
Ukraynanın sabiq baş nazirinin mətbuat katibi Marina Soroka Y.Timoşenkonun həyatına olan təhlükənin detalları barədə məlumat verməyib.
Bir müddət öncə Ukrayna Təhlükəsizlik Xidməti prezidentliyə namizədlərdən birinə qarşı sui-qəsd etməyi planlaşdırmaqda ittiham olunan iki nəfər Rusiya vətəndaşını saxlayıb. Sui-qəsdin kimə qarşı planlaşdırıldığı haqda məlumat verilməyib.

Deputatlar
kommunistləri
Radadan qovdu

Ukraynalı deputatlar kommunistləri Ali Radanın qapalı iclasından qovub. Bu barədə ukraynalı deputatlar sosial şəbəkələrdə məlumat yazıblar.
"Mən təklif əsasında Ali Rada kommunist fraksiyasının iclas zalından kənarlaşdırılmasına səs verdi. Tarixi hadisədir. Ümid edirəm ki, çox yaxın biz satqın partiyanın fəaliyyətini qadağan edəcəyik" -deyə, Ukrayna prezidentliyinə namizəd, deputat Oleq Lyaşko "Facebook" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
"Batkivşina" fraksiyasından olan digər deputat Vladimir Aryev də bu məlumatı təsdiqləyib. O, qeyd edib ki, kommunistlər "separatçı çıxışlarına" görə, iclasdan kənarlaşdırıblar

İlginc iddia:
Ukraynaya son
3 gündə 250
"Putinin turisti"
daxil olub

Ukraynaya son 3 gün ərzində Dnestryanı ərazidən turist adı altında 250-yə qədər turist daxil olub. Bu barədə "İnformasiya Müqaviməti Qrupu"nun koordinatoru, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk "facebook" səhifəsində bildirib.
"Bizim məlumatlarımıza görə, Ukrayna ərazisinə Dnestryanı ərazidən son 3 gün ərzində 250 "Putinin turisti" daxil olub. Onların məqsədi ölkəmizin cənub regionlarında qeyri-stabil vəziyyət yaratmaqdır. Qeyri-stabilliyin pik nöqtəsi 9 mayda nəzərdə tutulub", - hərbi ekspert yazıb.
O, qeyd edib ki, Ukrayna xüsusi xidmət orqanları ekstremistlərin neytrallaşdırılması üçün tədbir görür.
Xatırladaq ki, hərbi ekspert Odessada çoxsaylı insanın ölümü ilə nəticələnən hadisə barəsində də maraqlı bir iddia irəli sürüb. O, şiddətli qarşıdurmaların arxasında Rusiyanın olduğunu bildirib.
"2014-cü ilin mart ayının əvvəllərindən aprelin sonuna kimi Rusiya hərbçiləri, kazaklar və radikal milliyyətçi təşkilatlarının nümayəndələrinin Dnestryanı əraziyə gəlməsi təsdiqlənib. Qrupumuzun Moldovadakı mənbələri aprelin ortalarında Rusiyadan Kişnyova, oradan isə Dnestryanı ərazisinə yola düşən qrupları müşahidə edib. İdmançı bədən quruluşuna sahib bu insanları Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları müşayiət edirdilər. Nəticədə Dnestryanı ərazisində mayın əvvəllərinə qədər təxminən 1700 Rusiya hərbi qulluqçusu və Federal Təhlükəsizlik Xidmətinin təxminən 2200 əməkdaşı cəmlənib", - D.Timçuk "facebook" səhifəsində yazmışdı.
Ukrayna mətbuatı isə hərbi ekspertin yazdıqlarını müəyyən mənada təsdiq edəcək bir məlumat yayıb. Unian.net saytının yazdığına görə, yandırılan binada ölənlərdən 15-i Rusiya, 5-i isə "Dnestryanı Moldova Respublikası"nın vətəndaşı olub.

"Putin səbri daşa
bilər və biz
ehtiyatsızlığımız üçün..."

Bu arada Fransanın "Le Monde" qəzeti də Ukrayna böhranı ilə bağlı dərc etdiyi yazısında ölkənin federallaşması məsələsinə toxunub. Yazıda qeyd edilir ki, Ukraynanın federasiya halına salması sülh üçün yeganə zəmanətdir: "Viktor Yanukoviçin hakimiyyətdən devrilməsindən sonra Krıma Moskvanın gizli hərbi müdaxiləsi həyata keçirildi. Yarımadanın rusdilli əhalisi referendumda faktiki olaraq Rusiyaya birləşməyə səs verdi. Yalnız Krım tatarları onları dəstəkləmədi. Rusiyanın Krıma müdaxiləsinə Qərb sərt bəyanatlarla cavab verdi və söz verdi ki, Rusiyanı iqtisadi sanksiyalarla dayandırmağa məcbur edəcək.
Putin ABŞ-ın Suriyaya müdaxiləsinin qarşısını məharətlə kəsdi. Bu isə onun bacarıqlı və təcrübəli siyasətçi olduğunu göstərdi. Bundan başqa, Ukraynaya onun indiki təzyiqi yerli silahlı dəstələr vasitəsilə həyata keçirilir. Bu da onu göstərir ki, o, ehtiyatla, addım-addım qarşıya qoyulmuş hədəfə doğru irəliləyir. Hansı ki, bu hədəf də bizə hələ aydın deyil. Amma ola bilər ki, o, Ukrayna dövləti və Qərbin müqavimətini, davranışlarını yoxlayır. Paradoksal bir vəziyyətdir ki, ən güclü dövlət, yəni ABŞ bu gün geri çəkilir. Obamanın sərt bəyanatları onun həvəssizliyi və laqeydliyini çox pis gizlədir.
Fələstin-İsrail münaqişəsi və Suriyadakı vətəndaş müharibəsi fonunda gec-tez hamı başa düşür ki, münaqişənin kəskinləşməsi hər iki düşərgənin vəziyyətini pisləşdirir, bütün prosesdə mənfi nəticəsini verir.
Qorxular var ki, Qərbin hərbi acizliyi fonunda iqtisadi sanksiyaların effektiv olması Putin Rusiyasını işğal macərasına itələyə bilər. Həm də belə bir addım ölkənin daxilində onun reytinqini olduqca qaldıra bilərdi. Rusiyanın xarici işlər naziri Ukraynanın federasiya halına salması barədə təklifin qəbulu yeganə çıxış yolu olardı ki, ölkə qərb və şərqə bölünmüş olmasın, Avropa İttifaqı və Rusiyanın arasında əsl körpü olsun.
Moskva 2008-ci il Gürcüstan müharibəsindən sonra həqiqətən də çar Rusiyasının sərhədlərinin bərpası üzrə ekspansiya ambisiyalarını hərəkətə gətirib. Hər halda Rusiya Polşa və Baltikyanı ölkələrə qəsd etməyə risk etməyəcək. Hərçənd, bu respublikaları da rusdilli azlığa xüsusi status verməyə məcbur edə bilər.
Əgər münaqişə kəskinləşərsə, o halda prezident Putin səbri daşa bilər və biz ehtiyatsızlığımız üçün əvəz ödəyə bilərik. Beləliklə, hər iki tərəf vahid federal Ukraynanın mövcudluğuna ehtiyacı hiss edir. Hansı ki, vahid federal Ukrayna Şərq və Qərb arasında körpü ola bilərdi.
Gələcəkdə belə bir razılığın Yaxın Şərqdə də əldə edilməsi mümkündür. Bu Suriyadakı vətəndaş müharibəsi, Fələstin-İsrail münaqişəsi, sünni-şiə qarşıdurması fonunda xüsusilə əhəmiyyətlidir. Bu razılaşma həm də İranın nüvə proqramı üzrə əldə olunan razılaşmanı möhkəmləndirməyə kömək edər və İranın beynəlxalq cəmiyyətə qayıdışına imkan yaradardı. Bütün bunlar Ukrayna məsələsinin tarazlaşdırılmış həllindən asılıdır".

ORT-nin rəhbərinin
intihar cəhdindəki
Ukrayna sirri

Göründüyü kimi, Ukraynada vəziyyət gərginləşir və artıq ölkə vətəndaş müharibəsinə doğru surətlə addımlamaqdadır. Təbii ki, Ukraynada vətəndaş müharibəsi vəziyyətinin yaranmasında Rusiyanın rolu danılmazdır. Baş verən son hadisələr onu göstərir ki, nə Kiyev, nə də Moskva vəziyyətə nəzarət etmək iqtidarında deyillər.
Moskvanın Kiyevin yeni hökumətinə qarşı həyata keçirdiyi aqressiv siyasətində yekun məqsədinin nədən ibarət olduğu hələ ki, tam məlum deyil. Bəlkə də, Kremldə artıq qoyulan ilkin məqsəd unudulub və geriyə dönüş olmadığı üçün kor-koranə hücuma başlanılıb. Bir məqam xüsusi vurğulanmalıdır ki, Krımın anneksiyası, Ukraynanın cənub-şərqindəki əyalətlərdə qarşıdurmaların yaradılması ilə müşayət olunan Moskvanın antimaydan kampaniyasında Rusiyanın demək olar ki, bütün əsas kütləvi informasiya orqanları - televeziya, radiyo, mətbuat və elektron infomasiya məkanları hakimiyyətin sifarişinə uyğun vahid ideoloji mövqedən çıxış edirlər. Ukraynada hansı hadisənin baş verməsindən asılı olmayaraq, Rusiya KİV-nin ortaq mövqeyi ondan ibarətdir ki, "rusdilli əhali Kiyevdəki yeni faşist hakimiyyətdən narazıdır və bu səbəbdən kütləvi etiraz aksiyaları keçirib, öz hüquqlarını tələb edirlər. Mitinqlərin qarşısını almaq istəyən hüquq-mühafizə orqanları isə onların hüquqlarını pozur".
Təbii ki, Rusiya kütləvi informasiya vasitələrinin Ukrayna ilə bağlı yaydığı dezinformasiyaya dünya ictimaiyyəti inanmır. Hətta ruslardan başqa heç kim inanmır desək, yanılmarıq. Bu faktı Kremldə də anlamamış deyillər. Belə çıxır ki, Moskva bu təbliğatı daxili tələbat üçün aparır və yalan üzərində qurulmuş idelogiya və saxta qələbələr hesabına daxili ictimai rəyi öz xeyrinə yüksək səviyyədə saxlamağa çalışır. Rusiya iqtisadiyyatının vaxt keçdikçə geriləməsi fonunda əhalidə yaranacaq sosial narazılıqların qarşısını almaq üçün Putinə yeni saxta qələbələr lazım olacaq və məhz buna görə Moskvanın antimaydan kampaniyasının uzun müddət davam edəcəyini və kütləvi informasiya vasitələrinin hakimiyyətin əsas köməkçisi olacağını indidən ehtimal etmək olar.
Putinin media sahəsinə xüsusi önəm verməsini bu yaxınlarda 300-ə yaxın hökumətyönümlü jurnalistin ali dövlət mükafatları ilə təltif edilmələri barədə sərəncam imzalaması da sübut edir. "Vedomosti" qəzeti yazır ki, bu barədə prezident 22 aprel tarixində 269 nömrəli gizli sərəncam imzalayıb. "BBC"-nin Rusiya nümayəndəliyi də öz məlumatında qeyd edir ki, prezidentin rəsmi saytında 269 saylı sərəncam barədə heç bir məlumat verilmir. Saytda 268-ci sərəncamdan sonra, 270-ci sərəncam gəlir. Sərəncamın gizli saxlanılmasında məqsəd nə ola bilər?
Əslində Kreml Ukraynada baş verənləri öz sifarişinə uyğun işıqlandırdığına görə jurnalistləri təltif etməklə dolayı yolla hadisələrə müdaxilə etdiyini sübut edir. Buna görə sərəncam gizli saxlanıla bilər. Yoxsa 300-ə yaxın jurnalist birdən-birə niyə dövlət ordenləri ilə təltif olunsun? Əgər onlar obyektiv şəkildə hadisələr barədə məlumat hazırlayıb və sadəcə olaraq öz üzərlərinə düşən işi həyata keçiriblərsə?
Maraqlıdır ki, təltif olunanlar arasında çoxlu sayda baş direktor, baş redaktor, redaktor müavinləri var. Onlar ki, qaynar nöqtələrdən xabər hazırlamayıb. Nədənsə təltif olunanların arasında Rusiya İctimai Televiziyasının derektoru Konstantin Ernstin adı yoxdur.
Ernstin adı ətrafında müəmmalar çoxdur. Belə ki, mayın 2-də internet vasitələrində belə bir məlumat yayıldı ki, Rusiya İctimai televiziyasının (ORT) baş direktoru Konstantin Ernst prezident Vladimir Putin və "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller ilə uzun surən telefon danışığından sonra yaşadığa evə gedib və orada özünə odlu silah vasitəsilə sui-qəsd edib, ancaq sağ qalıb. Ernstin təcili olaraq Moskvanın mərkəzi kliniki xəstəxanasına çatdırıldığı bildirilir.
Bu məlumat hadisədən bir gün sonra təkzib olunmağa başlandı. Rusiya İctimai televiziyasının rəsmi saytında yayılan məlumatda informasiyanın səhv olduğu, Ukraynada son hadisələrlə bağlı bu ölkənin KİV-lərinin bu məlumatı yaydığı, hazırda baş direktorun Rusiya və Birinci kanalın xeyri üçün çalışdığı bildirilir.
Qeyd edək ki, Konstantin Ernst hələ ki, televiziya ekranlarında görünməyib və məsələyə münasibət bildirməyib.
Ernst, Rusiyada kifayət qədər ictimai nüfuza malik olan jurnalist və ictimai xadimlərdən biridir. Rusiyanın İctimai televiziyası hər nə qədər dövlət ideyologiyasına yaxın məlumat versə də, digər televiziyalarla müqayisədə daha neytral mövqe nümayiş etdirir. Konstantin Ernstin yuxarı hakimiyyət eşalonları ilə Ukrayna hadisələrinə görə hələ ki məlum olmayan fikir ayrılığının mövcudluğunu elə İctimai televiziyanın sui-qəsdlə bağlı yaydığı açıqlama sübut edir. Məlumatda Ukraynanın adının hallanması, onun Rusiyanın xeyri üçün çalışdığının vurğulanması şübhəyə əsas yaradır.
Ukraynanın Odessa şəhərində mayın 3-də baş vermiş faciəli hadisə, bəlkə də, Rusiyanın düşünən və artıq yalan informasiyanı yaymaq istəməyən jurnalistlərlə hakimiyyət arasında uçurumun yaranmasının əsasını qoydu. Odessada 46 nəfərin ölümü ilə nəticələnən hadisənin günahkarının kim olduğunu dəqiq müəyyən etmək müşkülə çevrilib. Rusiya KİV-i inadla sübut etməyə çalışır ki, hadisəni Kiyevdən gələn `maydan`çılar törədib və hüquq mühafizə orqanları buna göz yumub. Bəlkə də, Ernst faciələrin get-gedə böyüdüyünü görüb və artıq bunu ört-basdır etməkdən, başqasının üstünə yıxmaqdan, hakimiyyət üçün siyasi xal qazanmaqdan imtina edib. Konstantin Ernst kimi ictimai fiqurun hakim ideologiyaya qarşı çıxması Putin üçün çox təhlükəli ola bilər.

Kənan Rzaquliyev