Əli Həsənov Milli Təhlükəsizlik Konsepsiyamızdan yazdı
11:41 08-05-2014
CƏMİYYƏT
Əli Həsənov Milli Təhlükəsizlik Konsepsiyamızdan yazdı
"Azərbaycanda ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac var"
"Hazırda Azərbaycanın informasiya təhlükəsizliyi mühitinə təsir edən əsas amillərin müəyyənləşdirilərək sistemləşdirilməsi və onların ayrıca formada İnformasiya Təhlükəsizliyi Konsepsiyasında öz əksini tapması vacibdir".
Bu, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Heydər Əliyev və yeni cəmiyyət modeli" konfransına təqdim etdiyi məqalədə qeyd edilib.
PA rəsmisi bildirib ki, Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyasında həm də beynəlxalq aləmdə, ölkə daxilində, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən proseslərin dövlət informasiya təhlükəsizliyinə təsiri və bundan irəli gələn vəzifələr əksini tapmalıdır.
Ə.Həsənovun sözlərinə görə, İnformasiya Təhlükəsizliyi Konsepsiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçiriləcək informasiya siyasətinin əsas istiqamətləri və bu sahədə qarşıda duran vəzifələr ayrıca əks etdirilməlidir: "Hazırda Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsində Ermənistan xüsusi canfəşanlıq göstərir. Erməni diasporu müxtəlif ölkələrin informasiya vasitələrində Azərbaycanın dünyada gündən-günə artan nüfuzuna, siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdiyi uğurlara kölgə salmağa çalışır. Bu məsələdə ermənipərəst və daxili siyasi dairələr xüsusi aktivlik nümayiş etdirirlər. Ermənilərin və onlara himayədarlıq edən siyasi dairələrin əsas məqsədi, nəyin bahasına olursa-olsun, beynəlxalq ictimai rəydə Azərbaycan barədə mənfi fikir formalaşdırmaqdır".
PA rəsmisinin fikrincə, Milli Təhlükəsizlik Konsepsiyası və "Milli təhlükəsizlik haqqında" qanunda informasiya təhlükəsizliyi problemi əsas vəzifə kimi qoyulmur, yalnız ölkənin ümumi milli təhlükəsizliyi fonunda təsnif olunur.
Ə.Həsənov qeyd edib ki, həmin sənədlərdə informasiya təhlükəsizliyi ilə bağlı sadalanan təhdidlər də bir qədər ümumi xarakter daşıyır və ölkənin siyasi, iqtisadi, müdafiə, sosial-milli, elm, texnika, mənəvi-əxlaqi və digər sahələr üzrə konkret informasiya təhlükəsizliyi tələblərinə toxunmur: "İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, Azərbaycanda da bu sahə üzrə ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac var. Həmin konsepsiyada milli informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin hüquqi əsasları müəyyənləşdirilməli, dövlətin informasiya mühitinin təhlükəsizliyinə təhdidlər sistemli formada öyrənilməli, qruplaşdırılmalı və təhdidlərin doğura biləcəyi konkret nəticələr proqnozlaşdırılmalıdır. Eyni zamanda, bu sahə üzrə dövlət qurumlarının praktiki fəaliyyətinin effektivliyi ciddi şəkildə təmin edilməlidir".
Ə.Həsənov bildirib ki, hər bir ölkədə informasiya təhlükəsizliyinə təhdidlərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması milli təhlükəsizliyin bütövlükdə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, müstəqilliyə nail olduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin əsas problemlərindən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olub.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda söz və informasiya azadlığının bərqərar olmasının, azad informasiya mühitinin və müstəqil kütləvi informasiya vasitələrinin yaradılması siyasətinin banisi ümummilli lider Heydər Əliyevdir.
Şöbə müdirinin sözlərinə görə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, qərarların qəbulu və idarəçilikdə ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi üçün Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilib.
Sənəddə informasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ-hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində, vergi nəzarəti və yoxlamaları prosesində, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması, açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub. "Hazırkı şərait Azərbaycanda "Diffamasiya haqqında" yeni qanun layihəsinin müzakirəyə çıxarılması və qəbul olunmasını, jurnalistlərin fəaliyyətinin daha da asanlaşdırılması və təhlükəsizliyinin dolğun təmin olunmasını gündəmə gətirib".
Bunuda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edilib.
PA rəsmisinin bildirdiyinə görə, ölkə rəsmiləri və mətbuat ictimaiyyəti hazırda inkişaf etmiş demokratik dövlətlərin bu sahədəki təcrübəsini öurənərək, Azərbaycanda tətbiqi üzərində birgə fəaliyyət göstərir.
Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşıb. Dövlət KİV-lərin müstəqil və hərtərəfli inkişafı üçün zəruri şərait yaradıb. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik qəzet nəşr olunur. Elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli 80-dən artıq jurnal çıxır.
Azərbaycanda 20-uə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur.
PA rəsmisinin sözlərinə görə, son illər kabel televiziyasının miqyası genişlənib. Hazırda Azərbaycanda 10 ümumrespublika, 1 peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir.
Ə.Həsənov qeyd edib ki, 2014-cü il ərzində Azərbaycanda rəqəmsal yayıma keçidin başa çatacağı gözlənilir: "Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçib, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. Ölkədə müstəqilik illərində mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artıb. Hazırda 23 mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir".
Ə.Həsənov bildirib ki, Azərbaycanda söz və informasiya azadlığının təmin olunması, müstəqil KİV-lərin inkişafı və beynəlxalq davamlılığının artırılması, medianın maddi-texniki bazasının gücləndirilməsi, ölkə jurnalistlərinin peşəkarlığının artırılması və s. sahələrdə keçirilən dövlət siyasəti tezliklə öz müsbət nəticələrini göstərib. Belə ki, 2009-cu ildən bəri jurnalistlərin insanları böhtan və təhqir etmə maddəsi ilə, ümumən yaradıcılıq fəaliyyəti ilə bağlı həbsə alınması faktı qeydə alınmayıb.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47