Ziya Məmmədova bağlı cəza dəstəsi ifşa olundu
11:42 08-05-2014
CƏMİYYƏT
Ziya Məmmədova bağlı cəza dəstəsi ifşa olundu
Jurnalist Fərahim İlqaroğlunu nazirin qardaşı oğlunun dostu döydürübmüş; ara yenidən qarışdı
Elton Məmmədov baş verənlərdən
qəzəbləndi: "Bezmişəm daha..."
Məlum olduğu kimi, bir neçə gün bundan öncə "Yeni Müsavat" qəzetinin əməkdaşı Fərahim İlqaroğlu evinin qarşısında bir neçə nəfər tərəfindən vəhşicəsinə döyülmüşdü. Ötən gün isə Fərahim İlqaroğlunu döyən şəxsin tapılması eyni zamanda cinayətin digər şok təfərrüatlarını da ortaya çıxarmış oldu. Belə ki, dünən jurnalistin döyülməsində iştirak etmiş Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar isə verdikləri ifadələrində Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər.
Tural Bayramovun kimliyinə gəlincə isə bu şəxslə bağlı olduqca ilginc faktlar açıqlanıb. Belə ki, onun K-1 döyüş növü üzrə tanınmış idmançı olduğu bəlli olub. 72 kiloqram çəki dərəcəsində çıxış edən Tural Bayramov dəfələrlə beynəlxalq yarışlara da qatılıb. Cinayətin sifarişçisi ilə bağlı ən ilginc məqam isə onun nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq münasibətində olmasıdır. Qeyd edək ki, bu artıq təkzibolunmaz faktdır və elektron mediada nazirin qardaşı oğlu ilə Tural Bayramovun birlikdə olduğunu əks etdirən fotolar da yayımlanmağa başlayıb. Bütün bu faktların açıqlanması isə vəziyyəti son vaxtlar onsuz da ürəkaçan olmayan Ziya Məmmədov və yaxın ətrafının mənfi mənada yenidən gündəmin əsas müzakirə obyektinə çevrilməsinə səbəb olmaqdadır. Jurnalistin döyülmə sifarişinin məhz nazirin qardaşıoğlu tərəfindən verilməsi təsdiqlənəcəksə bu zaman daha ciddi tədbirlərin alınacağa şübhə doğurmur. Hər halda ölkənin aparıcı nazirlərindən biri sayılan Ziya Məmmədova bağlı olduğu ehtimal edilən "cəza dəstəsi"nin günün günorta çağı jurnalisti al qana qərq etməsi sıradan bir hadisə sayıla bilməz və bunun bədəli hökmən ödəniləcək.
Sifarişçinin məhz Aynar Məmmədov olması versiyası isə döyülən jurnalist Fərahim İlqaroğlu tərəfindən də istisna edilməyib: "Dünən Nizami Rayon Polis İdarəsinə çağırıldım. Məni döyən Firuzu tutmuşdular. Firuz dindirilmə zamanı etiraf etdi ki, məni sifariş əsasında döyüb. Firuz özü təhlükəsizlik xidmətində işləyir. Rəisi Tural Bayramov adlı K-1 idman növü üzrə peşəkar döyüşçüdür. Firuz dedi ki, rəis mənə tapşırıq verdi və dedi ki, bu adamı izləyin, mümkün olan yerdə ölümcül döyün. Düşünürəm ki, bunun arxasında deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov da var"
Jurnalist eyni zamanda düşünür ki, onun döyülməsi heç də təsadüfi olmayıb: "Məqsədləri nazir Ziya Məmmədovdan yazan bir qəzetə mənim timsalımda gözdağı vermək olub. Hamı kimi mən də nazir Ziya Məmmədovun qanunsuz əməlləri ilə bağlı yazıları paylaşıb, status yazmışam. Amma heç vaxt təhqir etməmişəm. Hamı necə, mən də elə"
Oğlunun adı hallanan növbəti qalmaqalla bağlı açıqlama verən millət vəkili, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə oğlunun cinayətin sifarişçisi ilə şəklinin olmasının hələ yekun nəticəyə gəlmək üçün yetərli olmadığını bildirib: "Artıq mən bu cür iftiralardan bezmişəm və hesab edirəm ki, belə məlumatlara münasibət bildirməyə dəyməz. Oğlumun kimlə şəkilinin olması ilə belə bir qənaəti tirajlamaq heç bir əxlaqa sığmır".
"Unikal" qəzeti olaraq isə baş verənlərlə bağlı polis təhqiqatının yekunlaşmasının vacibliyini xatırlatmaqla yanaşı, bir vacib məqamı da vurğulamaq istərdik ki, bu işin də altından Ziya Məmmədovun adamları çıxacaqsa bu yeni bir qalmaqalın yaranmasına səbəb olacaq. Nazirin və yaxın ətrafının bu qalmaqaldan itkisiz çıxa biləcəyi isə inandırıcı görünmür.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47