Hesablama Palatası bəzi məmurları ifşa etdi
11:29 13-05-2014
İQTİSADİYYAT
Hesablama Palatası bəzi məmurları ifşa etdi
Qurum sədri niyə "Hesabatımızın arxasındayıq!" bəyanatı verdi?
Son vaxtlar cəmiyyətdə və KİV-də ciddi müzakirə mövzusu olan məsələlərdən biri də Hesablama Palatasının özünün ötən ilki fəaliyyəti ilə bağlı hesabatıdır. Hesabatda başda bir çox nazirliklər olmaqla müxtəlif dövlət qurumlarında büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən nöqsanlar yer almışdı.
Bu nöqsanlar ictimailəşdikdən sonra isə ayrı-ayrı dövlət qurumlarının məsələyə münasibəti fərqli olmuşdu. Adı korrupsiyada hallanan bəzi nüfuzlu dövlət qurumları, məsələn, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi hətta Hesablama Palatasını da təkzib kampaniyasına qoşa bildi.
Bu isə hətta hakimiyyətə yaxın ekspertlərin belə, qınağına səbəb oldu. Onlar mətbuata açıqlamalarında Hesablama Palatasının hazırladığı hesabata sonradan etdiyi düzəlişləri həmin auditin müstəqil olmasını şübhə altına aldığını dedilər. Bildirdilər ki, Hesablama Palatası üst qurumdur. "Bu qurumun dövlət qurumlarında hesablamalar aparmaq hüququ var. Çox təəssüf ki, Hesablama Palatasının yoxlamalardan sonra elan etdiyi rəylərin dəyişdirilməsi, təkzib edilməsi kimi hallar yaranır. Əgər Hesablama Palatası sonradan yoxlamaların nəticəsini dəyişirsə, müəyyən düzəlişlər edirsə, artıq o zaman həmin auditin müstəqilliyi şübhə altına alınır. Amma reallığı nəzərə alsaq ki, bəzi dövlət qurumlarının sonradan ciddi təzyiqləri baş verir və həmin dövlət qurumları ciddi təzyiq nəticəsində Hesablama Palatasının rəylərinin dəyişdirilməsinə çox təəssüf ki, nail ola bilirlər. Bir məqam da ondan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən Hesablama Palatası bütün hesabatlarını öz rəylərini internet səhifəsinə yerləşdirməlidir, eyni zamanda həmin hesabatları ictimaiyyətə açıqlamalıdır. Əgər bu qurum öz hesabatlarını internet səhifəsinə yerləşdirsə, yoxlamaların detalları ilə bağlı mətbuata rəsmi açıqlamalar yaysa, artıq həmin hesabatları, yoxlamaları sonradan dəyişmək mümkün olmayacaq" - ekspertlərin baş verənlərə ümumiləşmiş münasibəti belə idi.Mətbuatda həm də belə fikirlər səsləndirilirdi ki, Palatanın 2013-cü il üzrə hesabatı əsasən qurumun sabiq rəhbəri, hazırda kənd təsərrüfatı naziri postunu tutan Heydər Əsədovun dövründə hazırlanıb. H.Əsədov nəqliyyat naziri Ziya Məmmədovla quda olduğundan hakim elitada daha çox nüfuz sahibi sayılırdı. Bu səbəbdən dövlət qurumlarındakı maliyyə axınlarına daha çox müdaxilə edə, pozuntuları aktlaşdıra bilirdi. Düzdür, H.Əsədovun da dövründə qurumun işi arzuolunan səviyyədən çox uzaq olub. Ən azı ona görə ki, nazir-oliqarxların nəzarətində olan maliyyə axınlarına müdaxilə edə bilmirdi. Ancaq imkanlar daxilində müəyyən monitorinq aparırdı. Bir çoxlarının qənaətincə, Hesablama Palatasının yeni rəhbəri Vüqar Gülməmmədov isə bu baxımdan zəif fiqurdur. Onlar iddia edirlər ki, hakimiyyətdəki texnokratlar qrupuna daxildir və güclü siyasi himayədarı yoxdur. Bu səbəbdən də maraqlı qruplar öz hesabatını onun özünə təkzib etdirə bilir.
Ancaq bəzi iddialara görə, Vüqar Gülməmmədovu zəif fiqur saymaq yanlışdır; onun Hesablama Palatasına sədr təyinatı məhz nəqliyyat nazirinə yaxın kadr olması səbəbindən baş tutub. Buna sübut olaraq isə Gülməmmədovun Heydər Əsədovun dövründə də adıçəkilən qurumda çalışması, məhz keçmiş sədrin qudasının - Ziya Məmmədovun kadrı olması sayəsində də indiki vəzifəyə gətirildiyi deyilirdi.Gülməmmədov bir çoxlarının qənaətinin əksinə olaraq Hesablama Palatasının sədri kimi "zəif fiqur" olmadığını isə dünənki açıqlaması ilə nümayiş etdirib. Onun dediklərini rəhbərlik etdiyi qurumun nüfuzlu məmurlar tərəfindən israrla təkzib etdirməyə çalışdığı hesabatının arxasında dayandıqlarına dair mesaj kimi də qəbul etmək mümkündür.
"Hesablama Palatası özünün 2013-cü il fəaliyyətində göstərilən hesbatdakı hər bir cümlənin arxasındadır" deyə dünən jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov faktiki olaraq bu qurumun
ayrı-ayrı nüfuzlu dövlət qurumlarının qarşısından geri çəkilmədiyini bəyan etmiş olub.
Onun sözlərinə görə, sədrlik etdiyi qurum heç bir məlumatı təkzib etməyib: "Hesablama Palatası yalnız onu göstərib ki, Hesablama Platasının fəaliyyəti haqqında hesabata istinadən edilən bəzi məsələlərdən çıxan nəticələrdən razı deyil. Ona gördə də məcbur olub Xarici İşlər Nazirlyi və Gənclər və İdman Nazirliyi ilə bağlı verilən məlumatların yalnış olduğu ilə bağlı şərh verib".
Gülməmmədovun dediklərini eyni zamanda Hesablama Palatasının 2013-cü ilə dair məlum hesabatını təkzib etməyə və etdirməyə, özlərini "aydan arı, sudan duru" çıxarmağa çalışan məmurların ifşası da saymaq olar. Palata sədri hesabatlarındakı hər cümlənin arxasında dayandıqlarını bəyan etməklə real vəziyyətin heç də həmin məmurların iddia etdiyi kimi olmadığını göstərdi.
Onu da deyək ki, bir çox məmurların məlum hesabatla bağlı narahatlıqları ilə bağlı maraqlı versiya səslənir. Həmin versiyaya görə, Hesablama Palatasının mandatına uyğun olaraq maliyyə monitorinqinin nəticələri Maliyyə Nazirliyinə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edilməlidir. Bu baxımdan hesab etmək olar ki, yaxın vaxtlarda sənədə uyğun olaraq antikorrupsiya dalğasına start veriləcək. Elə bir çox məmurların da bundan qorxuya düşərək hesabatı təkzib etməyə və etdirməyə çalışdıqları iddia olunur.
Həmçinin bildirilir ki, Hesablama Palatasının bu təkzibetmə kampaniyasından çəkilməsi, hesabatının arxasında dayandığını açıq dillə bəyan etməsi və hesabatdakı korrupsiya faktlarının hətta TV-lərdə belə tirajlanması onu göstərir ki, hökumət özü də bu faktların ictimailəşməsində maraqlıdır. Bununla hakimiyyətin ictimai rəyi həmin məmurların "vurulmasına" hazırladığı istisna edilmir.
Azər Sultan
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53