Fransa prezidentinin sirli səfəri
11:31 13-05-2014
İQTİSADİYYAT
Fransa prezidentinin sirli səfəri
Müxalifətə heç bir ümid verilmədi
Son iki ay ərzində Azərbaycan sözün həqiqi mənasında dünya güclərinin strateji nöqtəsinə çevrilib və beynəlxalq tərəflər aktiv danışıqlar aparmaqdadır. Gəlin ardıcıllıqla baş tutan görüşlərə baxaq.
- Rusiyanın Müdafiə Nazirliyinin baş qərargah rəisi Azərbaycana gəldi və müxtəlif görüşlər keçirdi.
- Türkiyənin yüksək rütbəli zabitləri və baş qərargah rəisi Azərbaycanda bir sıra görüşlər keçirtdi
- Prezident İlham Əliyev İrana səfər etdi
- Türkiyənin baş naziri Azərbaycana səfər etdi
- İsrailin xarici işlər naziri Bakıya səfər etdi
- Azərbaycan-Türkiyə-Gürcüstan prezidentlərinin görüşü oldu
Və... Fransa prezidenti Bakıya səfər etdi. Öncəliklə bunu qeyd edək ki, son bir neçə il ərzində hələ bu tip sıx qrafikli qarşılıqlı görüşlər olmamışdı. Digər tərəfdən bu görüşlər Rusiyanın Ukraynanı çıxılmaz duruma saldığı və İranla Qərb arasında danışıqların intensivləşdiyi zamanda baş verir. Gəlin məsələnin detallarına yanaşmadan öncə Fransa prezidentinin Azərbaycanda verdiyi açıqlamalara baxaq.
"Azərbaycanla Fransa arasında əlaqələr geniş şəkildə inkişaf edir. Bu gün Fransa ilə Azərbaycan arasında ticarət mübadiləsi də yüksək səviyyədədir. Fransa Azərbaycanın 7-ci tərəfdaş ölkəsidir. Azərbaycan böyük uğurlar əldə edib. Ölkə həm nəqliyyat, tikinti, həm də enerji sektoruna investisiyalar cəlb edə bilib".Bunu Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı Fransa prezidenti Fransua Olland deyib. O, Azərbaycanın bu cür inkişafının region, eləcə də dünya üçün nümunə olduğunu qeyd edib.
Fransa prezidenti bildirib ki, həm Azərbaycan, həm də Fransa öz iqtisadiyyatını şaxələndirməlidir: "Biz Azərbaycana mülki nüvə sektoru, nəqliyyat, tikinti, kənd təsərrüfatı, kosmik sahədə, şəhərsalma və tullantıların idarə edilməsində, rəqəmsal texnologiyada köməklik göstərməyə hazırıq. Bakı ilə digər şəhərlərin texnoloji inkişafına yardım etmək üçün sizin sərəncamınızdayıq".
Fransua Olland ölkəsinin prioritetlərindən danışarkən əsas istiqamətlərindən birinin uzunmüddətli əməkdaşlıq olduğunu qeyd edib. Bu sahədə xüsusi olaraq Azərbaycan kimi gənc və inkişaf edən ölkələrə maraq olduğunu söyləyib.
"Azərbaycanla Fransanın əlaqələri çoxşaxəlidir. Əlaqələrimizin bundan sonra da inkişafı üçün əməkdaşlığımız davam edəcək. Bizim hər bir sahə üçün konkret prioritet proqramlarımız var, sənədlər imzalanacaq. Bunlar da bizə imkan verir ki, əlaqələrimiz çoxşaxəli istiqamətdə inkişaf etsin".Bunu isə prezident İlham Əliyev deyib.
Onun sözlərinə görə, imzalanan sənədlər bizim əməkdaşlığımızın müxtəlif sahələrinin inkişafına xidmət edəcək: "Bu, həm ikitərəfli əlaqələrimiz üçün yeni imkanlar yaradır, həm də regional əməkdaşlıq üçün yeni üfüqlər açır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. İqtisadi sahəyə gəldikdə, Azərbaycan Cənubi Qafqazda Fransanın əsas ticarət tərəfdaşıdır. Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır".
Dövlət başçısı Azərbaycanın gələcək hədəflərindən də danışıb: "Növbəti illərdə bizim əsas prioritet istiqamətlərimiz qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Bizim digər hədəfimiz nəqliyyat sektorunun təkmilləşdirilməsi ilə bağlıdır. Fransanın bu sahədə çox gözəl təcrübəsi var. İnformasiya və telekommunikasiya da prioritet sahələrdən biridir, bu sahədə də əməkdaşlıq edirik və edəcəyik. Həmçinin kosmik sahədə də əməkdaşlığımız davam etdiriləcək. Bundan başqa, turizm, kənd təsərrüfatı, xüsusilə üzümçülüyün yenidən dirçəlməsi gündəlikdə duran məsələdir və burada Fransadan yaxşı tərəfdaş tapmaq düzgün olmazdı".
Prezident İlham Əliyev enerji sektorunda da Fransa ilə əməkdaşlığın vacibliyindən söz açıb: "Bir sözlə, biz Fransa şirkətlərini Azərbaycanda daha böyük həcmdə işlər görməyə dəvət edirik". Bu açıqlamalardan göründüyü kimi iki prezidentin görüşündə prioritet məsələ iqtisadi məsələlər olub. Amma bu o demək deyil ki, regional məsələlər müzakirə olunmayıb. Müzakirə oluna biləsi regional məsələlər nədən ibarətdir?
Fransa Azərbaycana yaxın olduğu qədərdə uzaqdır
Fransa prezidentinin Azərbaycana səfərində maraqlı detallardan biri və birincisi budur ki, Azərbaycanla iqtisadi əlaqələrə sahib olan Fransa həm də Ermənistanın strateji müttəfiqidir və erməni "soyqırımını" ilk tanıyan, erməni lobbisinin təsiri ilə hərəkət edən ölkədir. Və bu kriteriyaları ilə yanaşı Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Buna görə də Fransa prezidentinin səfəri və verəcəyi siyasi bəyanatlar çox önəmli idi. Bəyanatlarda isə Fransa prezidenti maksimal dərəcədə neytral xətt tutmağa çalışdı və problemlərin həlli zamanı ərazi bütövlüyünün qorunmasının əsas şərt olduğunu bildirdi. Amma ekspertlər bildirir ki, Olandın səfərində ən mühüm məsələ Dağlıq Qarabağla bağlı məsələ olacaq. Və hazırda o regiona yeni təkliflərlə gəlib və yaxın zamanlarda bu təkliflərin detalları açıqlanacaq. Bir sıra ekspertlər isə hesab edir ki, Fransa prezidentinin səfərində əsas niyyətlərdən biri də region dövlətləri ilə Avropa Birliyi arasındakı münasibətləri qaydaya salmaq , lazım olarsa hətta təzyiq dili ilə danışmaqdır. Görünür bu səbəbdən iki prezidentin görüşündə də bununla bağlı sual ortaya çıxdı. Və prezident İlham Əliyev sərt şəkildə bəyan etdi ki, heç bir güc Azərbaycana təzyiq edə bilməz. Bununla paralel olaraq Fransa prezidenti ölkəyə səfər edən ilk prezidentlərdən oldu ki, həm də müxalifət liderləri ilə görüş keçirtdi və bunu Azərbaycan hakimiyyəti normal qarşıladı. Görüşdə isə çox maraqlıdır ki, daha çox regional məsələlər müzakirə olundu. Əslində Fransa prezidentinin müxalifətlə görüşünü sadəcə olaraq kəşfiyyat xarakterli görüş hesab etmək olardı. Məqsəd isə aşağıdakı suallara cavab tapmaq idi
1. Müxalifət Avropaya inteqrasiyanı necə görür?
2. Ukrayna probleminə yanaşmada fərqli mövqe varmı?
3. Dağlıq Qarabağ probleminin həllini necə görürlər?
4. Siyasi mübarizədə nə qədər aktivdirlər?
Bunu da qeyd edək ki, Fransa prezidenti müxalifəti dinləsə də onlara ümidverəcək, dəstəkləyəcək heç bir açıqlama verməyib. Əksinə, keçirtdiyi mətbuat konfransında Azərbaycan hakimiyyətinə və prezidentə açıq dəstəyini nümayiş etdirib. Ekspertlərdə hesab edir ki, Fransa Azərbaycan müxalifətinin hakimiyyətə altertnativ olmadığını bilir və bu səbəbdən müxalifətin ciddi nə isə gözləməsi sadəcə olaraq absurddur.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53