Ukrayna ABŞ-Rusiya xüsusi təyinatlıların savaş meydanına çevrilir
11:34 13-05-2014
İQTİSADİYYAT
Ukrayna ABŞ-Rusiya xüsusi təyinatlıların savaş meydanına çevrilir
Kiyev üçün qorxunc ssenari: Rusiya ərazisində peşəkar muzdlular yığılır
ABŞ-ın özəl hərbi şirkəti "Academi" Ukraynanın şərqində separatçılara qarşı əməliyyatlara 400 amerikalını cəlb edib. Belə bir iddia ilə Almaniyanın "Bild am Sonntag" qəzeti çıxış edib.
Nəşrin məlumatına görə, "Academi"nin elit əsgərləri Donetsk vilayətinin Slavyansk şəhərində sepatarçılara qarşı əməliyyatlarda iştirak edirlər. Onların sifarişçisinin kim olduğu isə hələlik məlum deyil.
Qeyd edək ki, alman mediası ötən ayın sonunda Almaniya xüsusi təyinatlılarının döyüş hazırlığı vəziyyətinə gətirildiyi və Ukrayna ərazisinə keçmək üçün əmr gözlədiyini yazmışdı. Lakin bu iddia sonradan rəsmi şəkildə təkzib olundu.
MKİ rəisi Kiyevə
getdiyini etiraf etdi
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəisi John Brennan Ukraynanın paytaxtı Kiyevə getdiyini təsdiq edib.
MKİ rəisi John Brennan "Fusion" televiziyasını verdiyi açıqlamada "iki həftə əvvəl Kiyevdə idim. Ukraynalı ortaqlarımız və dostlarımızla razılığa gəlmək üçün getmişdim" deyə qeyd edib. Jurnalistin Rusiyanı düşmən olaraq görüb-görmədiyi sualına isə dəqiq cavab verməyən Brenna "Rusiyan böyük bir dövlətdir. Xüsusilə də öz ərafında böyük bir təsir gücünə malikdir" deyə qeyd edib.
"Ukrayna milisi ölkəyə xəyanət edir"
Ukraynanın şərq ərazilərində terrorçulara qarşı mübarizədə yerli hüquq-mühafizə orqanları arasında əlaqələr zəif qurulub. unian.net saytının verdiyi məlumata bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "facebook" səhifəsində yazıb.
O, milis sıralarında xəyanətin geniş şəkildə yayıldığını bildirib. O, sözlərinə görə, bu ən aktual və aşkar həlli olmayan problemdir. "İnformasiya müqaviməti" qrupunun koordinatoru adıçəkilən milis güclərinin ekstremistlər üçün ciddi resurs olduğunu yazıb.
"Ukrayna Daxili İşlər Nazirliyində xidmət edən bu satqınlar ölkənin maraqları üçün böyük təhlükədir. Bununla yanaşı, kütləvi şəkildə işdən uzaqlaşdırılmadan sonra onların terror qruplaşmalarının tərkibinə daxil olacağını proqnozlaşdırırıq", - Tımçuk qeyd edib.
Hərbi ekspert könüllü hərbi qruplaşmaların işinin daha effektli olduğunu bildirib.
Rusiyadan Kiyev üçün təhlükəli ssenari
Son həftələr Rusiya ərazisində Ukraynanın şərqinə göndərilməsi üçün peşəkar muzdlular yığılır. Bu barədə də Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "facebook" səhifəsində yazıb.
"İnformasiya müqaviməti" qrupunun koordinatoru Rusiya hakimiyyətinin hazırladığı muzdluların kifayət qədər peşəkar olduğunu bildirib. D.Tımçukun sözlərinə görə, Ukraynanın şərqində göndərilən muzdlular Rusiya Federasiyası xüsusi təyinatlı dəstəsinin hərbi qulluqçularını əvəz edir. O, bu prosesin son iki həftə ərzində baş verdiyini qeyd edib.
Hərbi ekspert yerli sakinlərdən olan muzdlulara gündəlik 100 dollar ödənildiyini və bu məbləğin onlar üçün tamamilə münasib olduğunu yazıb.
Ukrayna Milli qvardiyası Krasnoarmeysk
şəhərinə daxil oldu
Dünənki bir başqa xəbərə görə, Donetsk vilayətinin Krasnoarmeysk şəhərinə Ukrayna Milli qvardiyanın hissələri daxil olub. Hökumət qoşunları yerli şəhər sovetinin və polis bölməsinin binalarını nəzarətə götürüblər.
Separatçı "Donetsk xalq respublikasının" nümayəndəsi Miroslav Rudenko bildirib ki, şəhərdə referendum təşkil edənlər bütün sənədləri və bülletenləri gizlədə biliblər.
Bəzi Ukrayna mətbuatı isə yazır ki, təhlükəsizlik qüvvələri bülletenləri müsadirə ediblər.
İstənilən halda, Krasnoarmeyskdə referendum dayandırılıb. Separatçıların nümayəndəsinə əsasən, baş verənləri narazılıqla qarşılayan şəhər sakinləri kortəbii mitinqə toplaşırlar.
Xatırladaq ki, mayın 11-də Donetsk və Luqansk vilayətlərində yaraqlı separatçıların təşəbbüsü və təşkilatçılığı ilə Ukraynanin bu şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilib. Rəsmi Kiyev referendumları qanuna zidd adlandırır, referendum təşəbbüskarları olan silahlı qruplaşmalara qarşı xüsusi əməliyyatlar həyata keçirir.
Son günlər Slavyansk, Kramatorsk və Mariupol şəhərlərində yaraqlılarla hökumət qoşunları arasında silahlı toqquşmalar verib, bu toqquşmalarda hər iki tərəfdən və dinc əhali arasında onlarla adam həlak olub, çoxlu yaralananan var.
Donetsk vilayətində
separatçıların keçirdiyi "referendum"un
nəticələri açıqlandı
Bu arada Ukraynanın Donetsk vilayətində separatçıların keçirdiyi "referendum"da seçicilərin 89,7 faizinin vilayətin sərbəstliyinə səs verdiyi açıqlanıb.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu rəqəmləri qondarma "Donetsk Xalq Respublikası" MSK-sının sədri Roman Lyaqin açıqlayıb. Eyni zamanda bildirilir ki, hələlik rəsmi məlumatlar yoxdur, çünki səslərin sayılmasına indi başlanılıb. Yekun prtokol bu günün yarısında hazırlanacaq.
Ukrayna tərəfi isə açıqlanan rəqəmlərin uydurma olduğunu bəyan edib. Belə ki, Donetsk vilayətinin bir çox yerində ümumiyyətlə, səsvermə keçirilməyib. Separatçıların təşkil etdiyi məntəqələrdə isə az sayda yerli sakin səs verib.
Turçinov: "Ukraynanın şərqində qondarma
referendum təşkil edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər"
Ukraynanın Donbas bölgəsində qondarma referendum təşkil edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bunu Ukrayna prezidentinin səlahiyyətlərini icra edən, Ali Rada sədri Aleksandr Turçinov bəyan edib.
O qeyd edib ki, Ukrayna hökuməti bundan sonra da terrorçulara, diversantlara və cinayətkarlara qarşı mübarizəni davam etdirəcək.
"Terrorçularla separatçıların referendum adlandırğını məzhəkə qətllər, zorakılıq, insanların oğurlanması və digər cinayətləri ört-basdır etmək cəhdidir", - deyə o vurğulayıb.
Putin separatçıları Kiyevlə danışığa çağırdı
Rusiya Donetsk və Luqanskda referendum hazırlığı və seçki prosesini diqqətlə izləyib və əhalinin seçiminə hörmətlə yanaşır. Bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətindən məlumat verilib.
"Moskva Donetsk və Luqansk əhalisinin seçiminə hörmət edir və hesab edir ki, referendumun nəticələrinin reallaşması Kiyev rəhbərliyi ilə dialoqdan keçir. Səsverməni pozma cəhdlərinə baxmayaraq əhalinin yüksək fəallığını qeyd etməliyik. Mülki şəxslərə qarşı ağır silahlardan istifadə etməklə insan itkilərinə səbəb olan cəhdləri qınayırıq", - deyə məlumatda bildirilib.
NATO-dan Rusiyaya: "Qoşunlarını
çək, yoxsa..."
Ukrayna NATO-ya qoşulmaq istəyirsə, buna özü qərar verməlidir. Biz heç kimi məcbur etmirik. Bunu NATO-nun Avropadakı qoşunlarının komandanı Filip Bridlav Almaniyanın nüfuzlu "Bild" qəzetinə müsahibəsində deyib.
Müsahibəsi zamanı Bridlav Moskvadan öz qoşunlarını Ukrayna sərhədindən çəkməyi tələb edib: "Mən gözləyirəm ki, Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl edəcək, separatçıları dəstəkləməkdən əl çəkəcək və Ukrayna sərhədinə yığdığı 40 minlik qoşunu geri çəkəcək. Əks təqdirdə biz əlavə addımlar atacağıq: çoxlu hərbi təlimlər keçirəcək və müdafiə planını aktuallaşdıracağıq".
Konkret olaraq Bridlav bildirib ki, təlimlər Baltikdən Qara dənizə qədər bütün Alyans üzvü olan dövlətləri əhatə edəcək: "Bizim növbəti addımımız isə hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq".
Slavyanskda hərbi
əməliyyatlar
yenidən başladı
Dünən səhər saatlarından etibarən Ukrayna güc strukturları Slavyanskda yenidən anti-terror əməliyyatlarına başlayıblar. Bu dəfə güc strukturları artilleriyadan istifadə ediblər.
"Şəhərin kənarında Andeevka kəndi istiqamətindəki blok-postun yaxınlığında artilleriya mərmilərinin səsi eşidilirş Blok-postla əlaqə yaratmaq mümkün deyil, şəhərdə ciddi rabitə problemi var", - deyə RİA Novosti bildirib.
Əməliyyatla bağlı sosial şəbəkələrdə də məlumat yayılıb: "Bütün blok-postlar artilleriya atəşinə tutulub. Bu gün Slavyanskdakı əməliyyatın sonudur?".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53