Azərbaycanda ünvanların təyin olunmasına dair dövlət standartı təsdiq edildi
Azərbaycanda ünvanların təyin olunmasına dair dövlət standartı təsdiq edildi

Ünvan lövhələrinin hazırlanmasına və
quraşdırılmasına qoyulan tələblər hansılardır?

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən "Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsinə dair Dövlət Standartı" işlənib hazırlanıb və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə təsdiq edilib.
ƏMDK-dan verilən məlumata görə, bu standartın təsdiqi ölkədə müasir Avropa standartlarına uyğun və yeni qaydalarla ünvanların verilməsi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiq edilməsi istiqamətində sistemli tədbirlərin davamı kimi qiymətləndirilir. Dövlət Standartının qəbul edilməsində başlıca məqsəd ölkə üzrə ünvanvermə işlərinin nizamlı və tələblərə uyğun qaydada aparılması, bu sahədə müasir standartların tətbiqi, ünvan məlumatlarının vahidliyi, etibarlılığı və çevikliyinin təmin edilməsidir.
Standarta əsasən, ölkədə nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinin girişlərinə və binadaxili obyektlərə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin hazırlanması və quraşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini və ünvan reyestrinə dair standartlar müəyyənləşdirilib. Eyni zamanda, nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini yolları (küçə və prospektin başlanğıcı və sonu, istiqamət mərkəzi, küçənin sağı və solu, nəqliyyat infrastrukturu obyektlərinin mərkəzi xətti, kəsişmə nöqtələri) göstərilib.
Təsdiq edilmiş Dövlət Standartında ünvan nömrələrinin təyini prinsipləri (nəqliyyat infrastrukturu obyektlərinin başlanğıcından sonuna doğru nömrələmə prinsipi, məsafə prinsipi, giriş prinsipi, birləşmiş nömrə prinsipi), müxtəlif təyinatlı, yerləşmə vəziyyətlərinə görə fərqlənən daşınmaz əmlak obyektlərinin girişlərinə ünvanvermə ilə bağlı standartlar müəyyənləşdirilib.
Ünvan lövhələrinin hazırlanmasına və quraşdırılmasına qoyulan tələblər standartda əks olunub. Yeni nəqliyyat infrastrukturu obyektlərinin istifadəyə verildiyi, adı dəyişdirildiyi, nəqliyyat infrastrukturu obyektlərinin birləşdiyi (bölündüyü) hallarda müvafiq icra hakimiyyəti orqanının 3 gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin bu barədə məlumatlandırılması qeyd edilib. Daşınmaz əmlak obyektlərinin girişlərinin nömrələnməsinə dair mətn nümunələri, həmçinin nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin nümunələri də standartda öz əksini tapıb.
"Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsinə dair Dövlət Standartı"nın təsdiqi və qüvvəyə minməsi ölkəmizdə ünvanvermə işinin müasir tələblər çərçivəsində, sistemli şəkildə qurulması üçün normativ-hüquqi zəmin yaradır.
Aliyə