Müxalifətlə ermənilərin sevgi mənbəyi
06:51 14-05-2014
İQTİSADİYYAT
Müxalifətlə ermənilərin sevgi mənbəyi
Olland müxalifəti niyə barmağına doladı?
Fransa prezidenti Fransua Ollandın regiona səfəri sona çatmaq üzrə olsada ajiotajı hələ də davam etməkdədir. Fransız prezident Bakıda Azərbaycanın taleyinə bu və ya digər formada təsir edəcək heç bir açıqlama vermədi. Sadəcə olaraq bildirdi ki, 2 milyard manatlıq iki ölkə arasında ticari əlaqələr var və bunu artırmaq lazımdır.
Dağlıq Qarabağa gəldikdə isə hələ 1992-ci ildə Fransa prezidentindən qalma bəyanatı yenə təkrarladı və atəşkəsin gözəlliyindən danışaraq missiyasını başa vurdu. Əslində Azərbaycan hakimiyyəti də ondan nə isə gözləmirdi. Çünki 20 ildir ki, ATƏT-in Minsk qrupunda olan Fransa bir şey etməyibsə, bir gün yarımlıq səfər ərzində də nəsə olası deyildi.Amma Fransua Ollandın Bakı səfəri müxalifəti uşaq kimi sevindirdi. Hətta bildirildi ki, bu Azərbaycanda yeni siyasi həyatın başlanığıcı olacaq. Bəs bu necə olacaq? Gəlin müəyyən məqamlara baxaq.
Yaşasın Oland...
Fransua Olland ona görə müxalifətin sevimlisi oldu ki, on ildən sonra ilk xarici ölkə rəhbəri oldu ki, müxalifətlə görüşdü. Yəni ilk baxışdan "bizi adam yerinə qoydu"-məntiqi ilə yanaşan müxalifət sevincini və sevgisini açıq şəkildə nümayiş etdirdi. Bəs görüşdə nə oldu? Fransua Olland müxalifətə dəstək verəcək hansı açıqlamanı verdi? Müxalifəti dəstəkləyəcək hansı bəyanatla çıxış etdi? Azərbaycan hakimiyyəti qarşısında hansı şərtləri səsləndirdi? Demək olar ki, heç birini. Elə buna görə də görüşdən sonra müxalifətçilər görüşlə bağlı açıqlama verəndə yalnız öz dediklərini mətbuata dedilər. Bəs Olland görüş boyu susmuşdumu? Niyə onun dediklərindən nə isə demədilər? Ona görə ki, Olland ümumi yanaşmadan kənara çıxmamışdı və müxalifəti sevindirəcək nə isə deməmişdi. Təkrar edirik, müxalifət tək ona sevinirdi ki, Fransua Ollandla salamlaşmışdılar.Yaxşı,bəs müxalifət Ollanda nə dedi və yeni hansı ideya ilə çıxış etdilər ki, Fransa prezidenti də papağını başına qoyub onlarla bağlı nəsə düşünsün? Öz verdikləri açıqlamalara baxsaq aydın olur ki, elə müxalifətdə heç nə deməyib və dedikləri ciddiyə alınmayıb. Məsələn, Leyla Yunus deyir ki, Fransa prezidentinə siyasi məhbuslarla bağlı sözlərini deyib. Olland isə ondan siyahını soruşub və aydın olub ki, siyahı köhnədi və Leyla Yunus siyahını yenidən işləyib Fransa səfirliyinə təqdim edəcək. Nə olsun?.Sözsüz ki, heç nə. Çünki bu siyahı ilə Leyla Yunus artıq 10 ildir ki, Avropada gəzmədiyi, qrand almadığı qapı qalmayıb. Yaxşı, bəs onda müxalifət başqa nə danışıb? Öz dediklərindən aydın olur ki, əslində Fransua Olland müxalifət liderləri ilə sadəcə olaraq məzələnib. Necə? Gəlin öz dediklərinə baxaq. Müxalifət liderləri bildirir ki, bir sıra regional məsələləri, o cümlədən Ukraynadakı prosesləri müzakirə ediblər. Yəqin ki, gülməli səhnəni təsəvvür edirsiniz. Dünya güclərinin həll edə bilmədiyi məsələlərin həllini Azərbaycan müxalifəti Ollanda başa salır. Olland isə ayrılan vaxtın sona çatması üçün növbəti sualını verir. Beləcə müxalifət liderləri bir anlıq özlərini dünyanın xilaskarı rolunda görürlər.
Qəribə və məzəli olay
Fransua Ollandın müxalifətlə görüşü ilə İmişlidən olan nənənin, yəni İvonna nənənin görüşünü müqayisə etmək istəyirəm. Müxalifətlə görüş haqqında mənzərə artıq məlumdur. Buda məlumdur ki, bu görüşün daha ajiotajlı olması üçün Fransa prezidenti ilə müxalifətin görüşünün nə video yazısı oldu, nədə ən azından bir xatirə şəkili çəkilmədi. Yəni bir növ cəmiyyətin diqqətindən kənarda saxlanılmaqla təşkil olunmuş növbəti görüş mahiyyəti daşıdı. Amma İvonna nənə ilə görüşün şəkilləri sosial şəbəkələrin, saytların manşeti oldu. Hətta mənə elə gəldi ki, İvonna nənə ilə görüş daha səmərəli oldu. Amma müxalifət hələ də sevincəkdir və hesab edirlər ki, Fransa prezidentinin bu səfəri ilə buzlar əridi. Hətta müxalifət analitikləri təhlillər edərək aşağıdakı postulatların olacağını bəyan edirlər. Bunlar nədir?
Birincisi, Azərbaycana ölkənin qanunvericiliyini, iqtisadiyyat və siyasətini Avropa standartlarına uyğunlaşdırmaq üçün daha ciddi köməkliklər göstəriləcək;
İkincisi, Avropanın sözü və siyasəti keçərli olduqca, müxalifət partiyaları güclənməkdə davam edəcək və təbii ki, demokratikləşmənin önündə gedən qüvvəyə çevrilmək şansı yaranır;
Üçüncüsü, Azərbaycan Avropa institutlarına inteqrasiya etməkdə davam edir, Avropa Birliyinin imkanları yavaş-yavaş gənclərin, QHT-lərin, ziyalıların və elm adamlarının üzünə açılır. Avropa birliyinin 80 milyard avro büdcəsi olan və əlavə olaraq özəl sektordan da 40 milyard avro vəsait toplamağı hədəfləyən "Horizon 2020" artıq Azərbaycanlıların da üzünə açılıb.
Dördüncüsü, Avropa Birliyi öz ədət-ənənəsinə sadiq qalmağı və örnək olmağı da sübut etmək niyyətindədir. Ona görə də, yəqin ki, müxalifətlə də görüşlərini artan xətt üzrə davam etdirməyi planlaşdırır".
Əslində bu bəndlərdə hər hansı bir yenilik yoxdur və Azərbaycan prezidenti İlham Əliyev Fransua Olandla görüşündə də bu məsələlərə toxunaraq açıq şəkildə bildirdi ki, Azərbaycan Avropa ilə sıx əməkdaşlığını davam etdirəcək və hər hansı şərt dilində Azərbaycanla danışmaq mümkün deyil. Yəqin ki, bu kifayət edər. Beləliklə gördüyünüz kimi müxalifətin bu təmtəraqlı sevinci sadəcə olaraq bir ajiotajdır və belə görüşlər hardasa İctimai palata ilə xarici ölkə səfirlərinin görüşünü xatırlatdı. Onda da müxalifət bəyan etdi ki, bu yeni mərhələdir , hətta bəyan etdilər ki, xarici diplomatlar müxalifətlə sistemli görüşməklə nümayiş etdirdilər ki, Azərbaycanda hakimiyyət dəyişikliyini istəyirlər. Amma prezident seçkiləri oldu və müxalifət gülünc duruma düşdü. Bütün bunlar isə onu sübutlayır ki, istər Qərb dairələri, istərsə də ABŞ Azərbaycan müxalifətinə ciddi yanaşmır.
Zəruri qeyd
Qərbdə hansısa beyin mərkəzləri son ana qədər hesab edirdilər ki, müxalifət üçün münbit mühit yaradılarsa Azərbaycanda demokratik ab-hava daha da yaxşı ola bilər. Amma son prezident seçkiləri Avropa və ABŞ üçün həm də həyacan siqnalı oldu. Belə ki, prezident seçkilərində qalib gəlmək istəyi ilə hərəkətə gələn müxalifət gözlənilmədən Rusiya və İslam təmayüllü qüvvələrlə sıx əlaqələr yaratdılar və Rusiyanın bütün şərtlərini belə qəbul etməyə hazır olduqlarını bəyan etdilər. Dünənə qədər qərbyönlü hesab edilən Azərbaycan müxalifətinin Rusiya projesində iştirakı hamını çaş-baş duruma saldı. Bununlada müxalifətə olan inam bir dəfəlik yoxa çıxdı. Müxalifətlə Fransa prezidentinin görüşündə diqqəti cəlb edən başqa məqam isə Fransua Ollandın dedikləri oldu. Müxalifət liderləri daha ciddi hansısa nəticələrin olacağını hesabladıqları məqamda Fransa prezidenti yalnız bələdiyyə seçkiləri üzərində dayandı və tərəfləri seçkilərdə aktiv iştiraka çağırmaqla yanaşı hazırkı hakimiyyətin legitimliyini bir daha müxalifət liderlərinə izahladı.
Ermənistan sevgisi
Fransa prezidenti Azərbaycandan sonra Ermənistana getdi və aydın oldu ki, Azərbaycan müxalifətinin sevdiyi Fransua Ollandda erməniləri sevir. Bəlkədə bu sevgilərin arasında da bir maraqlı bağ var və Leyla Yunusun timsalında bunu görəcəyik.İndi isə Fransua Ollandın Ermənistan qeydlərinə baxaq. Serj Sarksyanla görüşər-görüşməz Fransa prezidenti erməni "soyqırım"ını yada saldı və bildirdi ki, Türkiyə bunu qəbul etməli və başqa hər hansı müzakirə açıla bilinməz. Bunun davamı olaraq bəyan etdi ki, erməni "soyqırım"ının 100 illiyini Ermənistanda keçirəcək. Ən nəhayətdə isə bəyan etdi ki, Dağlıq Qarabağ problemi yeni variantla həllini tapmalıdır. Yəni Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı bir kəlmədə olsa söz açılmadı. İndi bir sual və cavabın təhlili bizi gözləyir. Ermənilərin Fransua Ollandı sevmələrinin səbəbi məlumdur, bəs Azərbaycan müxalifətinin sevgisinin kökündə nə durur?
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23