Hacıbala Abutalıbova "Şərəf" ordeni verilməsi ilə bağlı ilginc iddia
70 yaşlı paytaxt merinin əvəzlənməsinə qərar verilib?
Dünən Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 70 yaşı tamam olub. Elə dünən ölkə başçısı İlham Əliyev Abutalıbovu "Şərəf" ordeni ilə təltif edib. Paytaxt meri Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə bu ordenlə təltif edilib.
Qeyd edək ki, Abutalıbov Bakının meri olsa da, Bakıda doğulmayıb… Hacıbala İbrahim oğlu Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olan Hacıbala Abutalıbov 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edib, 1987-ci ildə isə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur.
Onun barəsindəki rəsmi məlumata görə, Hacıbala Abutalıbov Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
Eyni zamanda bildirilir ki, professor H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib.
O, 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri işləyib.
7 ilə yaxın müddətdə elmi sahədə çalışan Hacıbala müəllimin karyerasındakı sıçrayış, daha doğrusu dövlət qulluğunda vəzifə tutması 1995-ci ilə təsadüf edir. Həmin il o, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
5 il Suraxanı rayonuna rəhbərlik edən Hacıbala Abutalıbov gördüyü işlərlə ölkə rəhbərliyinin yüksək etimadını qazanıb. Və 1999-ci il iyulun 20-də dövlət başçısı tərəfindən Suraxanı rayonu İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında sərəncam imzalanıb.
Ölkə rəhbərliyindən yüksək dəstək alan Hacıbala Abutalıbov 2000-ci ildə Baş nazirin müavini vəzifəsinə irəli çəkilib. Bir il sonra isə o, yeni posta - Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.
2001-ci ilin yanvar ayından Bakı şəhər İcra Hakimiyyətinə başçılıq edən Hacıbala müəllim artıq 13 ildir vəzifə kreslosunu dəyişmir.
Media daim onunla bağlı ziddiyyətli xəbərlər, şayiələr yayıb, korrupsiyada ittiham edib, ölkə rəhbərliyinin qəzəbinə tuş gəldiyini yazıb. Həmin məlumatların bir çoxunda Bakı merinin tezliklə istefaya göndəriləcəyinə dair iddialar yer alsa da, hələki onların heç biri öz təsdiqini tapmayıb.
Hacıbala müəllim Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutduğu müddətdə gördüyü bir sıra işlərlə diqqət çəkib. Bakının mərkəzi küçələrində yöndəmsiz, nizam-intizamsız küçə ticarətinin ləğv olunması onun adı ilə bağlıdır. Hər il mayın 10-da Bakıda Gül bayramının keçirilməsi ənənəsini də o qoyub. Hacıbala Abutalıbov Bakının bəzi ərazilərindəki tikililərin sökülməsinə görə tez-tez ittiham olunur.O, Bakıda tez-tez atəşfəşanlıq keçirilməsinin, fəvvarə qurulmasının da ənənəsini qoyub.
Daim maraqlı açıqlamaları ilə gündəmə gələn merin personası ətrafında söz-söhbətlər davam edir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü olan 70 yaşlı Abutalıbov ailəlidir, iki oğlu var.
Dünənsə Hacıbala Abutalıbovun yüksək dövlət ordenlərindən biri ilə təltif edilməsi sosial şəbəkələrdə müəyyən iddiaların ortaya çıxmasına səbəb olub. Həmin iddialardan ən diqqətçəkəni isə ondan ibarətdir ki, artıq iqtidar 70 yaşlı Hacıbala Abutalıbovu yola salmaq haqda düşünür. Onun "Şərəf" ordeni ilə təltif edilməsi həm də bu istiqamətdə bir mesaj kimi qəbul olunur.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin indiki başçısını əvəzləyəcək şəxsin kimliyinə gəlincə, bu posta namizədlər sırasında müxtəlif adlar hallanır. Bu sırada adı birinci çəkilən şəxsin Prezident Administrasiyası rəhbərinin müavini, iqtisadi məsələlər üzrə Prezidentin köməkçisi Əli Əsədov olduğu vurğulanır. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da paytaxt merini əvəzləyəcək şəxslər olduğuna dair xəbərlər zaman-zaman gündəmə gəlməkdədir.
Başqa bir iddiaya görə isə, bu ilki bələdiyyə seçkilərində həmçinin Bakı meri postuna da ilk dəfə olaraq seçki təşkil oluna bilər. Əvvəlki illərdə də analoji xəbərlər yayılsa da, o təsdiqini tapmadı. Amma bu il bələdiyyə seçkiləri ilə bağlı büdcə vəsaitinin kifayət qədər iri həcmdə olması Bakı meri seçkilərinin də təşkil olunacağına dair ehtimalları qüvvətləndirir.
Qeyd edək ki, Bakı Avropa Şurasına üzv olan ölkələrin baş şəhərləri arasında yeganə paytaxtdır ki, mer seçkisi keçirilmir, idarəçilik seçki ilə formalaşmır. Azərbaycan Avropa Şurası qarşısında bununla bağlı öhdəlik götürsə də, indiyədək icra etməyib. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi dəfələrlə məsələni müzakirə edib, Azərbaycan hökumətinə Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi tövsiyə olunub. Amma hökumət bu tövsiyələrə müsbət yanaşmayıb.
Amma qarşıdakı aylarda hökumətin bununla bağlı sürpriz addımların atılması, Bakı Böyükşəhər Bələdiyyəsinin yaradılması və ora seçkilərin keçirilməsi istisna edilmir. Belə bir seçkinin keçiriləcəyi təqdirdə isə paytaxtın seçilmiş rəhbərinin Abutalıbov deyil, tamam başqa bir şəxs olacağı ehtimalı yetərincə yüksək dəyərləndirilir.
Əgər paytaxtın indiki rəhbərinə "Şərəf" ordeninin verilməsinin yalnız onun yubileyi ilə deyil, həm də onunla yolların ayrılması ərəfəsində bir təşəkkür təltifi olduğu iddiası doğrudursa, bu zaman ilin sonunda Bakı meriyasına seçkilər keçirilə biləcəyinə dair ortaya çıxan xəbərlərə də ciddi yanaşmaq lazımdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53