Bakıdakı yeraltı dayanacaqlarda böyük tələ
Bakıdakı yeraltı dayanacaqlarda böyük tələ

Vətəndaşların cibinə "girənləri" kimlər qoruyur?

"Şokda idim. Göz görə-görə məni aldadırdılar. Heç nədən məndən pul tələb edirdilər" - bu sözləri milli.az-a məktub yazan Seymur adlı oxucu qeyd edib.

Bakının düz mərkəzində, Qış bulvarının altındakı dayanacaqda rastlaşdığı mənzərə oxucunu heyrətə gətirib. Oxucu deyir ki, bazar günü maşınla Bakının Qış bulvarı adlanan parkın altındakı yeraltı dayanacağa daxil olub. Girişdə ona deyiblər ki, dayanacaqda ilk 15 dəqiqə pulsuzdur. 15 dəqiqədən sonra isə pul yazılmağa başlayır. "Dayanacağa daxil olmaqda məqsədim qardaşımı dayanacaqdakı maşınının yanına aparmaq idi. Sadəcə, həmin yerə qədər gedib çölə çıxacaqdım. Heç 15 dəqiqə də vaxt çəkməyəcəkdi. Güman etdiyim kimi oldu. 10 dəqiqə ərzində işlərimi başa vuraraq dayanacağı tərk etmək istədim. Dayanacağa saat 22:35-də daxil olmuşdum, saat 22:45-də isə çıxmağı planlaşdırırdım. Ancaq kartı şlaqbaumun aparatına daxil edəndə məlumat verildi ki, 50 qəpik ödəməliyəm. Əks təqdirdə şlaqbaum açılmayacaq", - oxucu qeyd edib.
İndiyədək bir neçə dəfə mətbuat yazıb ki, Bakının yeraltı dayanacaqlarının bəzilərində ilk 15 dəqiqə, digərlərində isə ilk 30 dəqiqə pulsuzdur. KİV olaraq bu xəbərləri yazarkən Bakı şəhər İcra Hakimiyyətinə və dayanacaqların mənsub olduğu şirkətlərə istinad olunub.
Amma sən demə, paytaxtımızda vəziyyət bəyan olunandan tamam fərqli imiş.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, belə bir vəziyyət istehlakçı hüquqlarının pozulmasıdır. "Bu, ona bənzəyir ki, restorana girirsən, yeməyi bəyənmədiyin üçün sifariş vermirsən, ancaq səndən, sadəcə, restorana girdiyinə görə pul alırlar. Bu, əcaib bir haldır. Əgər adam içəridə dayanmayıb çıxırsa və ondan pul alırlarsa, orada istehlakçının hüquqlarının pozulmasıdır. Oradakı korrupsiya əməlləridir, artıq pul yığılmasıdır. Əhalinin dayanacaqlardan iyrəndirilməsi üçün aparılan bir işdir", - o əlavə edib.
Ekspert qeyd edib ki, məsələ ilə bağlı vətəndaş İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edərək hüquqlarının bərpa olunmasını tələb edə bilər: "Azad İstehlakçılar Birliyinə də müraciət edərsə, biz vətəndaşın hüquqlarının bərpa olunmasında yardımçı olarıq".
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev isə deyib ki, yeraltı dayanacaqların qiymətləri Tarif Şurası tərəfindən tərtib edilmir: "Hər bir halda oxucunun məktubunu bizə göndərin. Biz o məsələni araşdırdıqdan sonra məsələyə münasibətimizi bildirəcəyik.
Həmin dayanacağın Bakı Şəhər İcra Hakimiyyətinə məxsus olduğunu nəzərə alaraq qurumla da əlaqə saxlamağa çalışdıq. Amma mətbuat xidmətinə dəfələrlə edilən zəngləri cavabsız qaldı.
Oxucu isə deyir ki, onu narahat edən dayanacağa ödədiyi 50 qəpik deyil, pozulan hüquqlarını bərpa edə bilməməsidir. Oxucu hesab edir ki, əgər vətəndaş özbaşınalığa göz yumarsa, bu cür hallar daha da genişlənəcək.
Teymur Hacıyev