"Dəmir plan": Putin Ukraynanı dövlət kimi ləğv edəcək
06:55 14-05-2014
İQTİSADİYYAT
"Dəmir plan": Putin Ukraynanı dövlət kimi ləğv edəcək
ABŞ Kiyevə görə Kremlə qarşı silahlı güc nümayişinə başladı
Rusiya prezidenti ATƏT-in Ukrayna ilə bağlı "yol xəritəsi"ni dəstəkləyirmi?
"Rusiya Federasiyasının prezidenti hədəfə çatmaq üçün bütün mümkün alətlərdən istifadə edir". publika.az-ın verdiyi xəbərə görə, bu sözləri rusiyalı məşhur politoloq Stanislav Belkovski Ukraynanın şərqində baş verənləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Vladimir Putinin hədəflərinə Ukraynanın federasiya halına salmasından tutmuş ölkənin cənub-şərq üzərində faktiki nəzarət edilməsi qədər daxildir. Politoloq qeyd edir ki, Kreml indiki formatda Ukraynanın hissələrə bölünməsi və bir dövlət kimi ləğv olunmasına qədər irəli gedəcək.
"Axı Rusiya Federasiyası prezidentinin əsas məqsədi Ukraynanın Avropa Birliyi və NATO-ya daxil olmasına icazə verməməkdir. Bu barədə onun dəmir planı var. O, bu plana 120 faiz sadiqdir və hədəfə çatmaq üçün bütün mümkün alətlərdən istifadə edir. Putin əvvəlcə Ukraynada həll edilməmiş ərazi mübahisəsini yaradaraq Krımı zəbt etdi. Ukrayna məhz bu səbəbdən artıq NATO-a daxil ola bilmir. Putin daha sonra Luqanskdan Odessaya qədər olan ərazidə qeyri-stabilliyin yaradılması yolunu seçdi. Bu halda isə Ukraynanın real avrointeqrasiyası haqqında danışıqlar mümkün deyil", - Belkovski vurğulayıb.
Politoloq qeyd edib ki, Rusiya lideri Ukraynanın federasiya halına salınması və neytrallıq status qəbul edəcəyi şərti ilə ölkənin indiki sərhədlərdə saxlamağa hazırdır: "Putin Ukraynanı indiki sərhədlərdə saxlamağa hazırdır. Bunun üçün isə Putinin planına görə, Ukrayna tam neytral olmalıdır. Amma Putin nə Qərbin, nə də rəsmi Kiyevin zəmanətinə inanmır. Putin Ukraynanın neytral statusuna yalnız bir yolla nail olacaq: Ölkənin federasiya halına salınması ilə. Federasiya halına salınma isə Ukraynanın faktiki olaraq Moskvadan idarə edilən knyazlıqlar sisteminə keçid anlamına gəlir.
Donetsk və Luqansk vilayətlərində keçirilən "referendum"un nəticələri ilə bağlı Putinin sükutuna gəlincə, ekspertin sözlərinə görə, bu, Rusiyanın Qərb qarşısında mövqeyinin gücləndirilməsi üçün taktiki manevrdir: "Putin hələ ki taktiki manevr edir. Putinin iyun ayında Fransada ABŞ prezidenti Barak Obama ilə görüşü gözlənilir. Görüşün nəticəsindən asılı olaraq Putin Ukrayna ilə bağlı daha yumşaq və ya daha sərt mövqe sərgiləyəcək".
Politoloq vurğulayıb ki, Putin Ukraynadan geri çəkiləcəyi barədə fikirlər daha çox illüziyalara oxşayır. O, qonşu dövləti öz orbiti ətrafında tutmaq üçün Putinin hər şeyi edəcəyini ifadə edib
ABŞ-dan Ukraynaya görə "əzələ nümayişi"
ABŞ Litva ilə birgə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Hərbi təlimlər Litvada keçirilir. "Qara ox" adı altında keçirilən təlimlərdə Litva Silahlı Qüvvələrinin hərbçiləri ilə yanaşı ABŞ Hərbi Hava Qüvvələrinin bölmələri də iştirak edir.
Litva Quru Qoşunlarının "Dəmir canavar" briqadasının da iştirak etdiyi təlimlərin bu il Litvada keçirilən ən böyük təlimlər olduğu bildirilir
Qeyd edək ki, ABŞ və Litvanın birgə keçirdiyi təlimlər NATO-nun Ukraynayla sərhəd ölkələrdə həyata keçirdiyi təlimlər proqramının bir hissəsidir.
Onu da bildirək ki, bu ilin aprel ayında Latviya, Litva, Polşa, Rumınya və Estoniya ölkə ərazisində hərbi gücün daha da artıtılması məqsədilə NATO və ABŞ-a müraciət etmişdi.
Avropa Birliyindən
Kiyevə təcili dəstək
Avropa Birliyi Ukrayna ilə Assosiasiya sazişinin iqtisadi hissəsini sürətlə imzalamaq niyyətindədir. Bu barədə Avropa Şurasının prezidenti German van Rompey Kiyevdə jurnalistlərin qarşısında çıxışı zamanı bildirib.
"Avropa Birliyi imzalanma istiqamətində hərəkətini sürətləndirmək və qalmış bəndlərin müvəqqəti tətbiqini istəyir", - deyə o bildirib.
Qeyd edək ki, Donetskdə keçirilən referendumun nəticələrindən sonra "Donetsk Xalq Respublikası" adlandıran qurumun seçki komissiyasının sədri Roman Lyaqin qeyd edib ki, səsvermənin nəticələrinə görə, əhalinin 90 faizi vilayətin suveren şəkildə idarə olunmasına tərəfdar çıxıb. Lyaqinin bildirib ki, səsverməyə əhalinin 75 faizi, yəni, təxminən 3 milyon insan qatılıb.
"Donetsk Milli Respublikası"nın müvəqqəti hökümətinin sədri Denis Puşilin isə bəyan edib ki, Donetsk vilayətinin ərazisində Ukraynada may ayının 25-nə təyin olunmuş prezident seçkiləri keçirilməyəcək.
Ukrayna Kommunist
Partiyasının fəaliyyəti
qadağan oluna bilər
Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov Ədliyyə Nazirliyi qarşısında Kommunist Partiyasının fəaliyyətinin qadağan olunması barədə məsələ qaldıracaq.
UNİAN agentliyinin verdiyi məlumata görə, A. Turçinov parlamentin dünən keçirilən iclasında KP-nin ölkədə separatçılar və terrorçularla əlaqəsinin araşdırılması və partiyanın fəaliyyətinin qadağan olunması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyini açıqlayıb.
A. Turçinov Donetsk vilayətinin Mariupol şəhərində baş vermiş hadisələrlə bağlı parlamentdə çıxış edən Ukrayna Kommunist Partiyasının lideri Pyotr Simonenkonun sözünü kəsib: "Simonenko Rusiya kütləvi informasiya vasitələrinin yaydığı yalanları təkrarlayır. Mən Ədliyyə Nazirliyindən xahiş edərdim ki, bu məsələyə baxsın və Kommunist Partiyasının separatçılar və terrorçularla əlaqəsinə dair sübutlar varsa, bu partiyanın fəaliyyətinin qadağan olunması üçün materialları məhkəməyə təqdim etsin".
Qeyd edək ki, Ukrayna Kommunist Partiyasının Donetsk və Luqansk vilayətlərindəki yerli təşkilatları separatçılara fəal dəstək verir.
Donetsk və Luqansk
separatçıları birləşmə ilə bağlı danışıqlara başladılar
Ukraynanın Donetsk və Luqansk vilayətlərinin separatçıları birləşmə ilə bağlı danışıqlara başlayıblar. Bu barədə "RİA Novosti"yə qondarma Donetsk xalq respublikasının hökumətindən bildiriblər.
"Dünən (srağagün - red.) respublikaların birləşməsi təşəbbüsü ilə bağlı bəyanat verilib. Öncə danışıqlar keçirilməlidir, sonra isə rəhbərlik qərar verəcək. Hazırda belə bir danışıqlar aparılır", - deyə separatçıların nümayəndəsi bildirib.
Putin ATƏT-in Ukrayna üzrə "yol xəritəsini" dəstəklədi
Rusiya prezidenti Vladimir Putin ATƏT-in Ukraynada siyasi böhranın nizamlanması üzrə təklif etdiyi "yol xəritəsini" dəstəkləyib.
France-Presse agentliyinin verdiyi məlumata görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı mənbə belə deyib. "ATƏT-in sədri Didye Burkhalter Vladimir Putin ilə telefon bağlantısından sonra bildirib ki, Rusiya ATƏT-in Ukrayna üzrə planlarını və nizamlanma prosesindəki iştirakını dəstəkləyir" - deyə mənbə qeyd edib.
Qeyd edək ki, mayın 12-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalter və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Xatırladaq ki, mayın əvvəlində ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter Ukrayna böhranının nizama salınması ilə bağlı "Yol xəritəsi"ni təklif edib. "Yol xəritəsi"nə döyüş əməliyyatlarının dayandırılması, gərginliyin azaldılması, geniş milli dialoqun başlanması, ölkədə prezident seçkilərinin keçirilməsi və s. daxildir. D.Burkhalter ATƏT-in "Yol xəritəsi"nin reallaşdırılmasında aparıcı rolu üzərinə götürməyə hazır olduğunu da bildirib.
Pan Gi Mundan
Rusiyaya xəbərdarlıq
BMT-nin baş katibi Pan Gi Mun Ukraynanın ərazi bütövlüyünü pozmağa çalışanların bu işə son qoymaqlarını söyləyib.BMT-nin baş katibi Pan Gi Mun jurnalistlərə verdiyi açıqlamada Ukraynanın ərazi bütövlüyünə zərər verə biləcək hərəkətlərin dayandırılmasının vacibliyini vurğulayıb.
Ukrayna böhranını həll etmək üçün bölgədə dialoqdan çox zorakılığın olduğunu bildirən Pan, ölkənin şərqində qurulmuş Donetsk Xalq Respublikasını yaxşı qarşılamadığını qeyd edib. Ukraynanın birliyini, ərazi bütövlüyünü və sabitliyini baltalamağa çalışanları dərhal bu hərəkətlərinə son verməyə çağırıram. Eyni zamanda, Kiyevdəki nümayəndələr bu cür hərəkətlərə qarşı dözümlü davranmağa davam etməli, Ukrayna qanunları və beynəlxalq insan hüquqları prinsipləri ölçüsündə cavab verməlidir. - deyə, Pan Gi Mun çıxışında səsləndirib.
Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun Ukraynanın dağılmasının qarşısını almaq üçün hələ ki, fürsətin olduğunu bildirib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23