Deputat Adil Əliyev sərt reaksiya verdi
07:05 14-05-2014
CƏMİYYƏT
Deputat Adil Əliyev sərt reaksiya verdi
Millət vəkili: "Belələrinə ancaq bir sözüm var: mənim sizə yazığım gəlir"
Millət vəkili Adil Əliyev son günlər gündəmdə olan jurnalist Fərahim İlqaroğlunun döyülməsində onun adının hallanmasına və ictimaiyyətə doğru olmayan informasiya verməsi ilə ittiham edilməsinə reaksiya verib.
Deputat bu barədə facebook hesabında ətraflı açıqlama yazıb: "Yaxından və uzaqdan məni tanıyan insanlar həyatdakı amalımdan xəbərdardılar. Başlıca amalım insanlara kömək etmək, ehtiyacı olanlara əl tutmaq, dövlətim və cəmiyyətim üçün xeyirli işlər görməkdir. İntriqalarda, kimisə qaralama kampaniyalarında iştirak etmirəm, kiminsə arxasınca danışmıram, nəyəsə və ya kiməsə etirazım varsa, bunu açıq şəkildə dilə gətirirəm. Bunları indi nəyə görə deyirəm? Məsələ burasındadır ki, mətbuatda çox görünməyi, yeri gəldi-gəlmədi açıqlama və müsahibə verməyi xoşlamıram, çünki əməl adamıyam. Əməlimə görə mənə qiymət verilməsini istəyirəm. Ancaq görürəm ki, bəziləri bunu yanlış qiymətləndirir, haqqımda dedi-qodu, yalan xəbərlər yaymağa çalışırlar. Ona görə də iki məsələyə aydınlıq gətirməyə qərar verdim".
Milli Məclisin deputatı Adil Əliyev daha sonra yazır: "Birinci məsələ "Yeni Müsavat" qəzetinin əməkdaşı Fərahim İlqaroğluna qarşı zor tətbiq edilməsi olayı ilə bağlıdır. Mənim jurnalistlər arasında xeyli dostum, tanışım var. Hamısına da böyük hörmətim var, çünki peşəkar jurnalistlərin necə əziyyətli işlə məşğul olduqlarını bilirəm. Fərahim İlqaroğlunun da mətbuatda çıxan bir sıra reportajını, Facebook-dakı statuslarını oxumuşam. Hiss olunur ki, bacarıqlı jurnalistdir. Ona görə də bəzi mətbuat vasitələrinin Fərahim İlqaroğlu ilə bağlı olayda mənim adımın hallandırılmasından təəssüfləndim. Mənim "günahım" bircə ondan ibarətdir ki, jurnalistə bədən xəsarəti yetirməyi sifariş etdiyi iddia olunan idmançının rəhbəri olduğum Kikboksinq Federasiyası nəzdində keçirilən yarışlarda iştirak etməsi olub. Bəzi saytlarda həmin idmançı ilə mənim şəklimi yanaşı qoyublar. İnternetdə axtarış versəniz, yüzlərlə, bəlkə də minlərlə idmançı ilə ortaq şəklimin olduğunu görərsiniz. Bu təbiidir. Çünki federasiyamızın nəzdində minlərlə idmançı var, hamısının əlini sıxıram, şəkil çəkdirirəm, mükafat verirəm. Maraqlandım, haqqında danışılan idmançı bir müddət Kikboksinq Federasiyasının keçirdiyi yarışlarda iştirak edib. Ancaq daha sonra bizdən ayrılıb və sonrakı illərdə kimlərin onu himayə etməsi haqqında heç maraqlanmamışam da. Bircə onu bilirəm ki, haqqında danışılan idmançı bir neçə ay öncə Bakıda keçirilən kikboksinq yarışında iştirak edib. Həmin yarışa isə mən elə o zaman etiraz etmişdim. Çünki həmin yarışı Kikboksinq Federasıyasının razılığını almadan keçirmişdilər. İndi həmin idmançı qanunu pozubsa, sıravi vətəndaş kimi buna görə qanun qarşısında cavab verəcək. İdmanın başlıca prinsipi bəllidir: Əsl idmançı yalnız arenada mübarizə aparmalı, adi həyatda digər vətəndaşlardan heç nə ilə fərqlənməməli, heç kimə əl qaldırmamalıdır".
Adil Əliyev öz statusunda dediyi kimi ikinci məsələyə də toxunub: "Mayın 2-də Qırğızıstanın paytaxtı Bişkəkdə ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş kikboksinq üzrə turnir təşkil etdik. Bu haqda mətbuatda informasiyalar yayılıb. Çox maraqlı turnir keçdi və 6-6 hesablı bərabərlik qeydə alındı. Soruşa bilərsiniz ki, bu turniri niyə məhz Qırğızıstanda keçirməyə qərar verdik? Federasiyamız Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələr qurmağa çalışır. Qırğızıstan isə Mərkəzi Asiya ölkələri içərisində kikboksinq idmanı üzrə irəlidədir. Digər tərəfdən, Qırğızıstan bizə qardaş ölkədir, bu ölkədə isə insanların həyat şəraiti ağırdır. Düşündük ki, qırğız qardaşlarımızın mürəkkəb iqtisadi və sosial dövründə idman yarışı keçirməklə onlara bir növ əl tutaq, turnir keçirib qırğız idmançılarına dəstək olaq. Özləri də bizə deyirdilər ki, öz gücləri hesabına belə möhtəşəm turnir keçirə bilməzdilər. İndi görün bütün bunların müqabilində mənə qarşı qaralama kampaniyasına start verən bəzi üzdəniraq saytlar nə cızmaqaralar yazıblar? Guya Bişkekdəki turnirdə hesab 7-6 Qırğızıstan idmançılarının xeyrinə bitib və guya mən ictimaiyyətə doğru olmayan informasiya vermişəm.
Yalan, yalan, yenə də yalan! Və bu yalan xəbərin özünü yalanlamaq üçün Qırğızıstanın Kikboksinq Federasiyasına yazılı müraciət etdim ki, qaralama kampaniyasının iştirakçılarını və onlara "informasiya" dəstəyi verənləri sənədlə ifşa edim. Bişkekdən Federasiyamıza göndərilən sənədi Sizin diqqətinizə çatdırıram. Zəhmət olmazsa, sənədi diqqətlə oxuyun və turnirdə hesabın məhz 6-6 bitdiyinə bir daha əmin olun. Bu, yoldaşlıq görüşü idi, mənim nə marağım var ki, real hesabı ictimaiyyətdən gizlədim? İndiki zamanda yarışın nəticəsini gizlətmək olar? Mən Federasiyamızın imkanları çərçivəsində xarici ölkələrdə yarışlar keçirir, dövlətimin, xalqımın idman potensialını dünyada tanıtdırmağa çalışıram, gözü bizim uğurlarımızı götürməyənlər isə bunu qoyur kənara, mənimlə şəxsiqərəzlik aparmaq fikrinə düşür. Belələrinə ancaq bir sözüm var: mənim sizə yazığım gəlir".
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27