Məmmədovlar üçün qorxulu ssenarilər
11:17 15-05-2014
İQTİSADİYYAT
Məmmədovlar üçün qorxulu ssenarilər
Azərbaycanın ən böyük məmur-oliqarx ailələrindən biri üçün böyük təhlükə!
Son həftələrdə Azərbaycanda mətbuatın əsas diqqət mərkəzində olan məmur heç şübhəsiz, nəqliyyat naziri Ziya Məmmədov və onun yaxınlarıdır. Ölkənin müxtəlif qəzet və saytları həm nazirin özü, həm yaxın ətrafı və qohum-əqrəbası ilə bağlı çeşidli korrupsiya faktları və digər neqativ hallarla bağlı məlumatlar yaymaqdadır.
Məmmədovlarla bağlı situasiyanı daha da mürəkkəbləşdirən isə ölkənin aparıcı nəşrlərindən biri - "Yeni Müsavat" qəzetinin əməkdaşının döyülməsidir. Jurnalistin döyülməsi sifarişini verən(lər)in Məmmədovlar ailəsi, daha doğrusu, nəqliyyat nazirinin deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovla hədsiz yaxınlığı vəziyyəti əməlli-başlı qəlizləşdirib.
Artıq bu cinayət faktı ətrafında proseslərin Məmmədovlar ailəsi içində həbslərədək uzana biləcəyinə dair iddialar səslənməkdədir. Ziya Məmmədovun həm öz, həm də qardaşı oğlunun jurnalistə qarşı zorakılıq faktı səbəbindən sifarişçi olaraq cinayət məsuliyyətinə cəlb edilmə ehtimalı kifayət qədər yüksək dəyərləndirilir.
Aynar Məmmədov həbsin bir addımlığında
musavat.com dünən yazıb ki, Yeni Müsavat" qəzetinin əməkdaşını döydürməkdə şübhəli bilinən idmançı Tural Bayamov saxlanılıb. Onun barəsində hələlik 20 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Qəzetin baş redaktoru Rauf Arifoğlu isə deyib ki, daxili işlər naziri R. Usubovla görüşdə ona DİN-in çıxılmaz durumda qalması barədə heç bir məlumat verilməyib: "Söhbət açıq getdi. Mən fikirlərimi söylədim, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovdan şübhələndiyimi izahatları cənab nazirə çatdırdım. O da dinlədi, müvafiq cavablar verdi. Bu cavablarda məni rahatsız edəcək məqam yox idi. İnanıram ki, cinayət sifarişini Aynar Məmmədovun verdiyi sübut olunsa, onu həbs edəcəklər. Buna həm də ona görə əminəm ki, bundan əvvəl Aynar Məmmədovun avto-xuliqanlıq etdiyi məlum olanda, onun avtomobilini cərimə meydançasına atmışdılar və mən bilən hələ də oradadır. Atası müdaxilə etmək istəsə də, heç nə edə bilməmişdi. İndi onun belə bir cinayəti etdiyi sübut olunsa, inanıram ki, qanunla müəyyən olunan cəzadan yaxa qurtara bilməyəcək. Nazirlə görüşümdən sonra bu barədə məndə bir əminlik yaranıb. Bu dəfə jurnalistlərə qarşı törədilən cinayət işi açılacaq".
Məmmədovları
gözləyən başqa təhlükələr
Bəzi qaynaqlar isə Məmmədovlar ailəsinin müxtəlif ranqlı üzvlərini qarşıda gözləyən çətinliklərin sadəcə, məlum cinayət olayı ilə məhdudlaşmayacağını hesab edirlər. Onların fikrincə, Ziya Məmmədovun bu qədər hərtərəfli hədəfə gəlməsi istər nazirin, istərsə də, oğlu başda olmaqla müxtəlif vəzifəli, yaxud biznesyönümlü yaxınlarını da qarşıda xeyli risklərin gözlədiyini söyləməyə əsas verir.
Bu sırada Məmmədovlar ailəsini gözləyən digər təhlükə ssenariləri səsləndirilən korrupsiya faktları ilə bağlı hüquqi addımların atılması, onların biznes fəaliyyətlərinin araşdırılması və s.-dir.
Ziya Məmmədov
və yaxınları ilə bağlı
nə baş verir?
Son həftələrdə Məmmədovlar ailəsi ətrafında səs-küylü kampaniyanın gedişi belə deməyə əsas verir ki, artıq nəqliyyat nazirinin iqtidar içindəki dayaqlarının sarsıdılması, təsir imkanlarının zəiflədilməsi və kapitalının əlindən alınması yönündə hələ son prezident seçkilərindən sonra anons edilən plan işə düşüb.
Son bir ayda nəqliyyat naziri iki faktiki funksiyasını itirib: Nazirlər Kabinetinin qərarı ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi ilə DİN məşğul olacaq, bir qədər öncə isə paytaxtda sərnişin daşınması nazirlikdən alınaraq meriyaya həvalə edilmişdi. Göründüyü kimi, nəqliyyat naziri Ziya Məmmədov sürətlə funksiyalarını itirməkdədir. Son bilgilər ondan ibarətdir ki, Nəqliyyat Nazirliyinin (NN) əsasnaməsinin yeni layihəsi hazırlanır, yeni layihədə səlahiyyətlərinin də əlindən alınması gözlənilir. İddialara görə, NN sərnişin daşınmasının təşkili və bu xidmət üzrə lisenziyaların verilməsi funksiyalarını itirəcək. Bu xidmət Nəqliyyat Nazirliyinin əsas qeyri-leqal gəlir mənbələrindən biridir. Bu funksiyalar yerli icra hakimiyyətlərinə veriləcək. Paytaxtda isə bu funksiya Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına keçəcək. Nəqliyyat Nazirliyinin işi yalnız effektiv nəqliyyat siyasətinin işlənib hazırlanmasından ibarət olacaq. NN Energetika Nazirliyi kimi, təsərrüfat fəaliyyəti ilə məşğul olmayan struktura çevriləcək.
Başqa bir iddiaya görə isə, hazırda hökumətdə səhmləri 100 faiz NN-ə məxsus olan "Azəryolservis" ASC-nin də nazirliyin idarəetməsindən çıxarılması məsələsi hazırda müzakirə edilir. ASC-nin müstəqil, yaxud İqtisadiyyat və Sənaye Nazirliyinin idarəetməsinə verilməsi variantları nəzərdən keçirilir. Üstün mövqe ASC-nin müstəqil fəaliyyət göstərməsindən ibarətdir.
Sonda:
Bütün bu iddiaların nəqliyyat naziri Ziya Məmmədov və onun yaxın ətrafı ilə bağlı bir çox qalmaqallı hadisə və informasiyalarla müşaiyət olunması, Məmmədovlar ailəsinin həqiqətən də ciddi sınaqla üzbəüz dayandığını, bir ucu həbslərədək gedib çıxa biləcək təhlükələrlə qarşı-qarşıya qaldığını söyləmək üçün ciddi əsaslar yaradır.
Görünən odur ki, ölkənin ən iri məmur-oliqarx ailələrindən biri faktiki olaraq sıradan çıxarılır; Məmmədov və yaxınlarının geniş administrativ və kapital imkanları əllərindən alınır, onlar "ofsayd"a salınır. Proseslərin bundan sonra necə inkişaf edəcəyi, yayılan iddiaların həqiqətəuyğun olub-olmayacağını isə yəqin ki, ən qısa zamanda görəcəyik.
Odur ki, gözləyək.
Azər Sultan
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17