Türkiyə yasda! Dəhşətli mədən qəzası: ən azı 205 ölü
11:21 15-05-2014
İQTİSADİYYAT
Türkiyə yasda! Dəhşətli mədən qəzası: ən azı 205 ölü
Qardaş ölkə öz tarixinin ən faciəli günlərindən birini yaşayır; üçgünlük matəm elan olundu
Qardaş Türkiyə yasa qərq olub. Bu ölkə tarixində ən dəhşətli mədən qəzalarından baş verib.
Belə ki, Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış yaşanıb, nəticədə şaxta uçub.
Mədən faciəsi nəticəsində ölənlərin sayı artıq 205-ə çatıb. Bu rəqəmi qardaş ölkənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Bakı vaxtı ilə saat 12.30-da səsləndirib. Onun sözlərinə görə, 57 işçi xəstəxanalarda müalicə olunur. Nazir ölənlərin sayının arta biləcəyini istisna etməyib.
Dünən günün ikinci yarısında Türkiyədə kömür mədənində baş vermiş faciə ilə əlaqədar 3 günlük yas elan edilib. Türkiyə hökuməti Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində çoxlu sayda işçinin ölümü ilə əlaqədar 13 may tarixindən etibarən ölkədə 3 günlük matəm elan olunduğunu açıqlayıb.
Matəmlə əlaqədar Türkiyədə və ölkənin xaricdəki nümayəndəliklərində bayraqlar yarıya qədər endirilib.
Azərbaycandan
başsağlığı
Azərbaycanın dövlət rəhbəri İlham Əliyev türkiyəli həmkarı Abdullah Gülə başsağlığı verib. Başsağlığı məktubunda deyilir: "Əziz Qardaşım, Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".
Dövlət başçısı həmçinin, baş nazir Rəcəb Tayyip Ərdoğana da başsağlığı verib.
Türkiyənin Azərbaycandakı səfiri isə İsmayıl Alper Coşqun ölkəsini yasa boğan Soma faciəsindən yazıb. İsmayıl Alper Coşqun bu barədə öz "Twitter" səhifəsində məlumat paylaşıb: "Soma faciəsində ölənlərə rəhmət, yalananlara da Allah şəfa versin. Faciəmizi paylaşan azərbaycanlı qardaşlarımıza təşəkkür edirik".
Xilas olan
türk şaxtaçı dəhşətli
anlardan danışdı
Bu arada dəhşətli mədən partlayışından xilas olan Özcan Cücə adlı bir işçi dəhşətli anlardan danışıb.
Özcan hadisə ilə bağlı bunları deyib: "Təzyiqi yüksək olan hava vardı içəridə. Özümü hava gələn yerin qarşısına atıb önünü kəsdim. Ardınca maskaları taxdıq. 3-4 saat bu vəziyyətdə dayandım. Öləcəyəmi düşünüb dua edirdim, əlimizdən gələn başqa bir şey yox idi. Ölənlər də yanımızda idi. Briqadirlər hamını səhv istiqamətə yönləndirdi. Hansı ki, o yerdən təzyiqli hava axını gəlirdi. O istiqamətə tərəf gedənlərin hamısı elə orda qaldı. İrəli-geri qaçanlar isə xilas olmağı bacardı.
Yoldaşlarımla partlayış yerindən uzaqlaşmağa çalışınca isə zəhərli hava udmağa məruz qaldıq. Telefon şəbəkəsinin dalğası da tamamilə itmişdi. Bilmirdik hara gedək. Təsadüfən geri qayıdıb çıxmağa yer tapdıq və bu yolla xilas olduq".
Türkiyədəki partlayış
Ərdoğana xəbərdarlıqdır?
"Türkiyənin Soma şəhərindəki kömür şaxtasında baş verən partlayış Ərdoğana xəbərdarlıqdır". Bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Mətbuat bu partlayışla ABŞ-ın Ərdoğana mesaj göndərdiyini bildirib: "Hamı bilir ki, Gülən Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrə malikdir. O, bir zamanlar Pensilvaniyaya düşdüyü çətin vəziyyətdən qurtulmaq üçün qaçmışdı. Lakin maraqlı digər məqam var. Ərdoğan bələdiyyə seçkiləri zamanı Gülən hərəkatına qarşı əməliyyatlara başladı, ABŞ isə onun bütün çıxışlarını sükutla qarşıladı. Hazırda ABŞ, özəlliklə isə milyarder Rokfeller Ərdoğanın prezident seçilməsinin qəti əleyhdarıdır. Ona görə də bu partlayış Ərdoğana, daha dəqiq desək, Türkiyəyə xəbərdarlıqdır. Bundan sonra isə ölkəyə qarşı atılacaq addımlar Türkiyənin yürüdəcəyi siyasətlə bağlı olacaq. Çox güman ki, bu, ölkədə ilk partlayış olmayacaq".
"Bir ovuc kömür üçün bir ömür verənlərə..."
Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış bütün ölkə əhalisini sarsıdıb. Son məlumatlara görə partlayış və yanğın nəticəsində 205 nəfər dünyasını dəyişib.
Sosial şəbəkələrdə də dərin hüzünlə izlənilən bu durum istər adi vətəndaşların, istərsə də müxtəlif mövqe sahiblərinin, sənət adamlarının diqqətindədir.
Bir çox sosial şəbəkə istifadəçisi profil fotolarını "Bir ovuc kömür üçün bir ömür verənlərə" ("Bir avuç kömür için bir ömür verenlere") ifadəsi yazılmış qara lentlə əvəzləyib.
Fatih Terim mədən
faciəsinə görə qızının toyunu təxirə saldı
Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim Somada baş verən faciə ilə bağlı qızının toyunu təxirə salıb.
Əfsanəvi məşqçinin qızı Buse Terimin mayın 16-na təyin edilən toyu başqa bir tarixə təyin edilib. Məşqçinin ailəsi bu qərarı barədə açıqlama yayıb. "Dəyərli dostlar, ölkəmizdə miqyası hər ötən dəqiqə daha da artan və kədərli mədən faciəsi yaşanmaqdadır. Təəssüf ki, evlərə atəş düşüb. Bir çox ailə ümid və təşvişlə gözləyir. Yaşanan bu acını ürəyimiz və beynimizin hər bucağında ən dərin şəkildə hiss edir, paylaşırıq".
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17