AXCP-Müsavat davası yenidən qızışdı
11:39 15-05-2014
CƏMİYYƏT
AXCP-Müsavat davası yenidən qızışdı
Arif Hacılı ilə Fuad Qəhrəmanlı virtual məkanda söz savaşına çıxaraq bir-birlərini biabır elədilər
Məlum olduğu kimi, Fransa prezidenti F.Olland Azərbaycana səfəri çərçivəsində Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digərləri ilə görüşüb.
Görüşdən sonra müxalifət qüvvələri Fransa prezidentinin onları qəbul etməsi üzərində təbliğat apardılar. Amma qısa zaman kəsiyində daxili intiriqalarla yeni bir qovğa yaşandı. Özü də budəfəki dava müxalifət funksionerlərinin cılız hislərlə yaşadığını göstərdi. Belə ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı "facebook" sosial şəbəkəsindəki səhifəsində Fransa prezidentinin xüsusilə üç nəfər - Əli Kərimli, Xədicə İsmayıl və Leyla Yunusla görüşməsinin "iqtidara açıq mesaj" olduğunu yazıb: "Bu günə qədər heç bir Avropa ölkəsi prezidenti müxalifət və vətəndaş cəmiyyəti liderləri ilə belə yüksək səviyyədə görüşməyib. İqtidarı narazı salmaq istəməyiblər. Ancaq bu dəfə açıq jest edildi və Fransa prezidenti səviyyəsində deyildi ki, iqtidarın müxalifətə düşmən münasibətinə baxmayaraq Azərbaycan demokratik qüvvələrinin mövqeyi, fikirləri Qərb üçün maraqlıdır".
F.Qəhrəmanlının bu fikirləri və görüşdə iştirak etmiş digər şəxslərin, xüsusilə Müsavat başqanı İsa Qəmbərin adını çəkməməsi isə Müsavat başqanının müavini Arif Hacılının etirazına səbəb olub. O, F.Qəhrəmanlıdan "Görüşdə iştirak edən digərləri iqtidarın dostudurmu, deyirsiniz?" deyə, soruşub. AXCP funksioneri isə bildirib ki, o, adını çəkdiyi üç nəfərə qarşı hakimiyyətin daha radikal münasibətdə olduğunu düşünür.
Daha sonra isə Qəhrəmanlının sərt ittihamları başlayıb: "Arif bəy, məncə, siz istəyirsiniz, mən deyim ki, İsa bəy nəinki meydanda döyüşmədi, meydana çıxmış tərəfdarlarını meydanda başsız buraxıb düz iki aya yaxın evdən çölə çıxmadı. Heç İsa bəy özü də həmin vaxtlarda meydana çıxmağını iddia etmədiyi, hətta bunun səbəbləri barədə zamanı gələndə danışacağını dediyi halda, siz məsələni bu şəkildə qoymaqla İsa bəyin lazım olan zaman meydanda olmadığını yenidən gündəmə gətirirsiniz? Görünür, İsa bəyin hələ də başqanlıqda qalması sizin səbr kasanızı daşırdığı üçün fənd işlədib rəqibin əli ilə başqanı vurdurmaq istəyirsiniz".
Arif Hacılı isə bildirib ki, F.Qəhrəmanlının görüşdə iştirak edənlər arasında ayrı-seçkilik qoymasını qəbul etmir. O, AXCP sədrinin müavininin İsa Qəmbərə yönəlik ittihamlarına isə belə cavab verib: "Bu yalnız İsa bəyin, Müsavatın mübarizəsi deyildi və deyil. O, Sizin də müqavimətinizə rəğmən seçkilərdə qalib gəlmişdi".
Arif Hacılı F.Qəhrəmanlıya məsləhət verərək, onu "döyüşkən və cəsarətli adamlar haqqında danışarkən məsuliyyətli olmağa" çağırıb. F.Qəhrəmanlının cavabı isə belə olub: "Arif bəy, bilmirəm sizdə haradan o fikir formalaşıb ki, bizə məsuliyyətli olmaq barədə məsləhət verə bilərsiniz. Hər halda sizin belə bir istəyiniz varsa, o zaman özünüzü təkmilləşdirmək üçün AXCP rəhbərliyində təmsil olunan intellektualların yardımından istifadə edə bilərsiniz. Hər halda təmsilçisi olduğunuz partiyanın hazırkı durumuna diqqət yetirəndə sizin məsləhətçi kimi çıxış etməyiniz özünüzə qarşı antireklam kimi görünür. Bunu da dost məsləhəti sayın". A.Hacılı isə F.Qəhrəmanlıya "Zahid Orucun 10 il əvvəlki ritorikasını xatırladan ritorikanız kimliyinizin güzgüsüdür. Yanlış müqayisələrinizin heç kəsə həm də Sizə də ziyanlı olduğunu izah etməyə çalışdım", - deyə cavab verib.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-27 12:40:12
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35