Demokratiya carçılarının antidemokratik addımı
10:16 16-05-2014
CƏMİYYƏT
Demokratiya carçılarının antidemokratik addımı
REAL Hərəkatı Erkin Qədirlinin ağzına "qıfıl" vurmaqla təbliğ etdiyi dəyərlərə münasibətini nümayiş etdirdi
Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyəti (İH) mayın 12-də baş tutan iclasında Erkin Qədirlini rəsmən cəzalandırıb. Qurumdakı vəzifə və səlahiyyəti azaldılmaqla yanaşı, ona danışmaq qadağası da qoyulub.
Bir növ, ağzına su tökülüb və hərəkat adından danışması yasaq edilib. İH-nin mediaya açıqlamasında da göstərilir ki, həmin gün iclasda partiyalaşmayla bağlı məsələlərlə yanaşı, REAL Məclis başqanı və İdarə Heyətinin üzvü Erkin Qədirlinin son vaxtlar verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmçinin həmin ifadələrə gətirdiyi izahlarda buraxdığı ciddi yanlışlıqlar müzakirə olunub. Əvvəlki iclaslarda edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, Erkin Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib. Ona görə də təklif olunub ki, Erkin Qədirli REAL Hərəkatının Məclis başqanı və İdarə Heyətinin üzvü vəzifələrindən çıxarılsın. Bu təklif REAL Hərəkatının İdarə Heyətinin sədri İlqar Məmmədova da öncədən göndərilib. Onun da rəyi nəzərə alınmaqla, İdarə Heyəti qərara alıb ki, vəzifəsindən azad edilən Erkin Qədirlinin hərəkatın fəaliyyətilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə vermək hüququ 3 ay müddətinə məhdudlaşdırılsın.
Göründüyü kimi, hüquq və azadlıqlardan, demokratik prinsiplərdən, bəşəri dəyərlərdən danışan REAL üzvləri özləri sadaladıqlarının tam əksini ediblər. Prezidentliyə iddia edir, amma nəinki vətəndaşın, heç yol yoldaşlarının fikirlərini belə normal qarşılaya bilmirlər. Belə olan halda, onların İran mollalarından heç bir fərqlərinin olmadığı aydınlaşır. Eynən oradakı kimi başqa fikir qəbul olunmur, hətta təşkilatın rəhbər şəxsinin danışığına həbs qoyulur.
Nəzərə çatdıraq ki, E.Qədirli facebook sosial şəbəkəsində "Mən demokrat deyiləm, sağ avtaritorizmin tərəfdarıyam. Siyasi səhnənin sərt tədbirlərlə tənzimlənməsi, bazar münasibətlərində sərt iqtisadi islahatların aparılması və sağ təmayüllü diktaturanın tərəfdarıyam" deyə yazmışdı. Bildirmişdi ki, Azərbaycanda tamamilə demokratik rejimə mərhələli şəkildə keçmək lazımdır. O, bu fikirlərini iclasda izah edib arqumentlərini ortaya qoysa da, İH-nin üzvləri onun sözlərinə inanmayıb.
Ortada belə fikirlər də dolaşır ki, E.Qədirlini başqanlıqdan Fransa prezidenti ilə görüşdə iqtidarı bəlağətli şəkildə pisləmədiyinə görə uzaqlaşdırıblar. Yəni, narazılığa səbəb şəxsi münasibətlər deyil, onun artıq neçənci dəfədir ki, odlu-alovlu şəkildə çıxış etməməsi olub. Əgər deyilənlər həqiqətdirsə, onda E.Qədirlini doğrudan da qınamaq lazımdır. Bəs necə, ayıb deyil, müxalif olasan, amma iqtidar haqda ağır ittihamlarla çıxış etməyəsən. Bilmirsiniz ki, yüngülvari danışıqla baş aldatmaq olmaz?
Bildirək ki, E.Qədirlinin qurumdan uzaqlaşdırılması onun ad gününə təsadüf edib. İH üzvləri də bu məqamı unutmayıb süfrə arxasına toplaşaraq onu təntənəli şəkildə təbrik ediblər. "Xala xətrin qalmasın" kimi qiymətləndirilən bu məclisin görüntüdən başqa əhəmiyyəti olmadığı söylənilir. Onun İH-nin üzvü kimi saxlanması da bu məntiqin ardıcıllığı kimi qiymətləndirilir.
Ümumiyyətlə, Erkin Qədirli hər zaman danışığına, çıxışına görə bir çoxları tərəfindən ələ salınıb, gülüş obyektinə çevrilib. Lakin son hadisələrdən belə başa düşülür ki, bu dəfə onun danışmağı yox, danışmamağı 3 aylıq "qapadılma"sı ilə nəticələnib. Onun deyilənlərlə razılaşması diqqət çəkən məqamdır. Səhvini etiraf etməsi isə ondan da ilgincdir. Adama deyərlər, yaradıcılarından olduğun qurumun qaydalarını bilmirdin ki, vəzifəndən uzaqlaşdırılmağına səbəb olacaq sözlər danışırdın? Bu olayların ən acı həqiqəti isə onun bütün güc və bacarığını yolunda sərf etdiyi qurum tərəfindən susdurulmasıdır.
Onu da qeyd edək ki, E.Qədirli "REAL"ın siması hesab olunduğuna görə, onun başqanlıqdan uzaqlaşdırılması birmənalı qarşılanmır. Bildirilir ki, İH-nin Məclis başqanını vəzifəsindən azad etməyə hüququ çatmır. Çünki bu qurumda başqan Məclis heyətinin üzvləri tərəfindən seçilir və ondan aşağı qurum olan İH-nin onu uzaqlaşdırmağa ixtiyarı çatmır. Ona görə də "REAL"ın bu qərarı qanun pozuntusu hesab edilir. Qeyd olunur ki, başqanın vəzifəsindən getməsi iki halda mümkündür. Ya o özü istefa ərizəsini yazaraq qurumu tərk etdiyini elan edir, ya da Məclisdə sessiya çağırılaraq məsələ müzakirə olunur və yekun qərar verilir. Hazırkı durumda demokratiya carçılarının öz nizamnamələrini pozduğu, qeyri-qanuni hərəkətə yol verdiyi açıq aydın görünür.
Mehdi
Digər Xəbərlər
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00