Vitse-spiker: "Digər ölkələr Bakıdakı I Avropa Oyunlarının səviyyəsinə çatmaq üçün çox işlər görməli olacaqlar"
10:24 16-05-2014
CƏMİYYƏT
Vitse-spiker: "Digər ölkələr Bakıdakı I Avropa Oyunlarının səviyyəsinə çatmaq üçün çox işlər görməli olacaqlar"
"Hazırlığın indiki səviyyəsi, Azərbaycanda qısa müddətdə tikilən yeni obyektlər, mövcud obyektlərin müasir standartlara uyğun təmiri, təşkilati işlərin yüksək səviyyədə qurulması, ölkənin idman potensialının bu proseslərə yönəlməsi onu göstərir ki, I Avropa Oyunları ən müasir standartlara cavab verəcək və ən yüksək səviyyədə keçəcək".
Bunu açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan Prezidenti İlham Əliyevin "The Business Year" nəşrinə müsahibəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
Parlament sədrinin müavini qeyd edib ki, Azərbaycan idmanın inkişafı, onun cəmiyyətin və insanların həyatını tam mənada əhatə etməsi baxımından çox böyük təcrübəyə və müsbət nəticələrə malikdir: "Azərbaycan region və Avropa ölkələri ilə müqayisədə idman sahəsində qısa müddət ərzində böyük sıçrayış edə bilib. Bunu bizim beynəlxalq yarışlarda əldə etdiyimiz nailiyyətlər, idmançılarımızın olimpiadalarda və digər beynəlxalq idman turnirlərində qazandığı mükafatlar, əldə etdiyi uğurlu nəticələr də sübut edir. Təbii ki, bu nəticələr öz-özünə ortaya çıxmayıb. Bunun üçün ölkədə infrastruktur, idmançılara diqqət, qayğı, himayədarlıq olmalıdır. Məhz cənab İlham Əliyevin Prezident seçilməsindən sonra onun hələ Milli Olimpiya Komitəsinə (MOK) rəhbər etdiyi vaxtdan başlatdığı işlər daha geniş vüsət almağa başladı".
B.Muradovanın sözlərinə görə, bu gün ölkənin demək olar ki, bütün ərazisi idman infrastrukturu ilə əhatə olunub. Elə bir bölgə yoxdur ki, gənclərin, uşaqların, hər bir vətəndaşın sağlamlığına xidmət edərək, idman göstəricilərini artıraraq öz asudə vaxtını rahat keçirmək imkanı olmasın. Bu, məhz dövlətin idman sahəsinə yönəltdiyi ciddi diqqət, qayğı, yaradılan infrastruktur, bu prosesin təşkili, idmanın təbliği sayəsində mümkün olub: "İdmanın təbliğinə isə daha çox əldə etdiyimiz nəticələr təsir göstərir. Çünki idman qədər insanların əhval-ruhiyyəsini qaldıran, onları ruhlandıran, həvəsləndirən amil yoxdur. Təsəvvür edin ki, insanlar bir futbol yarışında vurulan qoldan aldıqları emosiyanı saatlarla keçirilən konsertdən və ya hansısa vətənpərvər mövzudakı mühazirələrdən ala bilmirlər. Bütün bunlar doğrudan da vətənpərvərlik ruhunu qaldıran, yaşamağa, işləməyə, sağlam olmağa həvəsləndirən hadisələrdir. Bunlar idmana marağın ölkə ərazisində tam və geniş şəkildə artmasına şərait yaradır, maraq isə ardınca prosesi və nəticələri doğurur".
Vitse-spiker əlavə edib ki, bu gün Azərbaycanda yeniyetmələr, gənc nəsil, uşaqlar həm sağlam böyüyür, həm asudə vaxtlarını yaxşı keçirir, həm zərərli vərdişlərdən uzaq olur, həm də beynəlxalq yarışlarda ölkəmizin bayrağını ucaldırlar. Bu, bizim hələ təkcə dünyada idman prosesində iştirakımızın göstəricisidir: "Amma Azərbaycan idman sahəsində təkcə iştirakçı deyil, həm də dünya miqyasında idman yarışlarının təşkilatçısı, onlara ən yüksək səviyyədə ev sahibliyi edən bir ölkədir. Azərbaycanın ən müxtəlif sahələr üzrə təşkil etdiyi beynəlxalq idman turnirlərini saymaqla bitirmək olmaz. Bu yarışlara insanlar çox böyük həvəslə gəliblər. Onlar o qədər yaxşı təşkil olunub ki, hələ də o yarışlardan keçən müddət ərzində aparılan müqayisələrdə üstlünlük Azərbaycana verilir. Bunun da nəticəsidir ki, ilk Avropa Oyunları Azərbaycanda start götürəcək".
Milli Məclis sədrinin müavini hesab edir ki, Prezident İlham Əliyevin söylədiyi kimi, məhz Azərbaycanda müəyyənləşdirilmiş standartlar Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcək: "Bunun həqiqətən də belə olacağına avroplalılar və dünya ictimaiyyəti də əmindir, biz özümüz də əminik. Çünki biz nəyə qadir olduğumuzu və bu işi necə təşkil edəcəyimizi çox gözəl bilirik. Biz bu işə ürəyimizlə, can-dildən, səmimiyyətlə yanaşırıq. Buna sadəcə bu idman yarışında iştirak edənlərin marağı kimi yox, bizim özümüzün də marağımızda olan məsələ kimi yanaşırıq. Bununla da təkcə Azərbaycanın yox, dünya idmanının inkişafına, yeni standartların yaranmasına öz töhfəmizi veririk. Əminəm ki, bu yarış o qədər yüksək səviyyədə keçəcək ki, yarışların sonra keçiriləcəyi ölkələr bu səviyyəyə çatmaq üçün çox böyük işlər görməli olacaqlar. Biz bunu "Eurovision" mahnı yarışmasında da, Azərbaycanda keçirilən digər çempionatlarda da görmüşük. Azərbaycan idmançıları isə bu yarışlarda əvvəllər göstərdikləri nəticələrin yüksək səviyyəsini qoruyub saxlayacaq və bayrağımızı dəfələrlə yüksəldib, himnimizi dəfələrlə səsləndirəcəklər. Əsas odur ki, Avropa ölkələri, onların idmançıları Bakını, burada keçirilən I Avropa Oyunlarını bütün həyatı boyu xatırlacayacaqlar. Mən buna əminəm".
Qeyd edək ki, Prezident İlham Əliyev "The Business Year" nəşrinə müsahibəsində bildirib: "Bu il I Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyduq. Nəzərə alsaq ki, Azərbaycanın artıq güclü potensialı, oturuşmuş idman infrastrukturu mövcuddur və bizim böyük beynəlxalq tədbirləri təşkil etməkdə yaxşı təcrübəmiz vardır, əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirə biləcəyik. Azərbaycanda tətbiq olunan standartlar bundan sonrakı Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcəkdir".
Fuad
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59