Oğurlanan beyin, Bağırovun göz yaşları və Sonası
10:38 16-05-2014
CƏMİYYƏT
Oğurlanan beyin, Bağırovun göz yaşları və Sonası
Cəfər Cabbarlının qızı atası haqda danışdı
Onlara tanımadığım tanışlar deyirəm. Azərbaycanın böyük kişiləri sayılan insanlara. Onlar gerçəkdən belədirlər, tanıyırıq, amma həm də tanımırıq. Heç ailələri də onları olduğu boyda tanıya bilmirlər sona qədər. Və yəqin ki, bütün nəsillər üçün belə qalacaqlar. Hər nəsil bir az tanıyacaq onları, xatirələrdə, araşdırmalarda.
Belə insanlardandır şair, dramaturq, bəstəkar, yazıçı, rejissor və nəhayət əqidəcə müsavatçı olan Cəfər Cabbarlı. Onu bir az da qızı Gülarə Cabbarlıdan tanıyaq.
Gülarə Cəfər qızı Cabbarlı:
-1930-cu ildə anadan olmuşam. 84 yaşın içindəyəm. Hərdən mənə zarafata deyirlər ki, atan ömrünü sənə verib gedib. Yəqin onun da yerinə yaşayırsan. Allahı bilmək olmaz, bəlkə bir az da belədir. Çünki Allah ona heç ömür vermədi ki. Az yaşasa da, kamil insan olub. Hamı belə deyir. Üzdə də, arxada da. İndi az adam var ki, üzünə də, arxasıyca da, eyni sözü deyirlər. Mənim atam belələrindəndir. Adam kimi adam olub, vəssalam. Anam ondan danışanda eşitsəydiniz, deyərdiniz bu adam nə qədər zəngin olub? Onun dərinliyinə haradan baş vurub, haradan çıxasan bilmərsən. Hələ mən də qocalmışam, yadımda çox şey qalmayıb. Anam deyirdi ki, məni həmişə stolun üstündə otuzdurarmış. Qayğanaq yeməyi xoşlayırmış. Balaca bir qayğanaq tavası ayırıbmış anam ona. Amma anam deyir ki, mənim üzümdən heç zaman ona bişirilən qayğanağı sona qədər yediyi olmayıb, mən əlindən almışam. Kaş almazdım...(bir az kövrəlir, amma yenə də gülümsəyib davam edir) Üzü kölgə kimi yadımda qalıb. Çox balaca idim axı...
Cəfərin başındakı qadın darağı və Azdramada dolaşan söhbətlər...
- Yaşlı qadınlar bilər o zamanlar saçı yığmaq üçün qadın daraqları olurdu. Anamda da var imiş həmin daraqdan. Bir dəfə anamın darağı ilə başını daramışam atamın. Sonra necə olubsa, daraq saçının arxasında ilişib qalıb. Paltosunu geyinib işə gedib atam. O, həmişə ciddi idi. Onunla zarafatdan çəkinirmişlər. Həm də həmişə səliqəli adam olub. Geyimində, üst başında qüsuru olmazmış. İşə çatanda paltosunu çıxarıb asılqandan asıb. Arxadan boynunda ilişib qalan qadın darağını hamı görüb, amma üzünə vurmayıblar. Yaxın dostlarından biri iş otağına gəlib atamın. Yavaşca qayıdıb ki, "ay Cəfər, belə şeylər hamının həyatında ola bilər e. Amma bir az diqqətli o də. Sənə baxırıq səhərdən. Hamı danışır, həm də gülür camaat ki, Cəfər yüz faiz evdən gəlmir. Sonası onu elə buraxmazdı bayıra". Atam bir şey anlamayıb. Sərv eləmirəmsə, Ülvü Rəcəb əlini uzadıb boynunun arxasından qadın darağını görütüb ki, "bunu deyirəm". Kimin darağıdır qalıb üstündə? Atam ha and aman eləyib ki, vallah evdən gəlirəm, ayrı arvad yoxdur, inanmayıblar. Uzun müddət Azdramada danışıb gülüblər bu əhvalatı ki, Cəfərin gizli sevgilisi var. Sonra söhbət anama da çatıb. Əvvəl pis olub anam. Sonra darağın rəngini və formasını soruşub. Deyiblər. Gülüb ki, vallah mənimdir. Sadəcə qızım ilişdirib boynuna. Bax belə, xatirələrdə yaşayır atam mənim üçün.
- Ailədə neçə övlad idiniz?
- İki. Qardaşım vardı məndən 6 yaş böyük. 1924-cü ildən idi. Həkim idi. 1999-cu ildə dünyasını dəyişdi.
- Sizin necə ali təhsil almaq imkanınız oldumu?
- BDU-nun filologiya fakültəsini bitirmişəm mən. Bir müddət Moskvada yaşamışıq biz. Sonra Bakıya qayıtdıq. On bir il atamın adını daşıyan Teatr Muzeyində çalışmışam, anamın yanında. Anam orda direktor işləyirdi. Sonra Cəfər Cabbarlının ev muzeyi açıldı. Cəfərin qızı olduğuma görə, məni ora direktor təyin elədilər. 45 il işlədim.
Haşiyə: Yeri gəlmişkən qeyd edək ki, hazırda həmin muzey yararsız vəziyyətdədir. Və fəaliyyəti dayandırılıb. Haçansa təmir olunacağını deyirlər. Amma haçan, bəlli deyil... O üzdən hamı gözləyir. Cəfər Cabbarlının ailə üzvləri də, o muzeyi ziyarət etmək istəyən insanlar da. Ən maraqlısı isə odur ki, Gülarə xanım hazırda o muzeyin arxasına sonradan əlavə edilən evdə yaşayır. Və onu da qeyd etmək lazımdır ki, Cəfər Cabbarlının adına layiq durumda deyil oradakı şərait də. Ancaq bütün söhbət boyu o yaşlı qadın nə bu haqda bir dəfə söz açdı, nə də şikayət elədi. Biz də sonu gözləyək. Görək ağlamayan, amma ehtiyacı olan insanlar nə zaman yada düşəcək...
Atamın ölüm günü...
- Elə bilirdik atam harasa ezamiyyətə gedib. Hər dəfə atamı soruşanda anam deyirdi ki, o həmişəki yerindədir, işləyir, ezamiyyətdədir. Yeri haradır, onu anlamırdıq. Sonra böyüyəndə anladım anamı. Anam ölənə qədər bizim evdə onun, atamın qoyduğu qaydalar hakim idi. Hətta nəyisə düz etməyəndə belə, bizə deyirdi ki, atanın acığı gələr filan işi görmə. Anam qoymamışdı biz onsuzluğu hiss eləyək....
...Atamın cənazəsini o zaman İsmayıllıdan götürdülər. Mənim oradakı kiçik bir ev yadımdadır. Daha doğrusu kiçik bir evin balaca bir otağı. Bizi orda otuzdurmuşdular. Anam yanımızda yox idi. Hər şey almışdılar bizə. Oyuncaqlar, şirniyyat. Yanımızda bir dayə də vardı. Darıxırdıq. Hamı ağlayırdı çünki. Hərdən bizə oynamağı təklif edən dayə də. Biz nə baş verdiyini bilmirdik. Heç nəyə əl də vurmurduq o üzdən, belə öyrətmişdilər çünki. Nə yolla olur olsun bayıra çıxmaq istəyimizi də əngəlləyirdilər. Bilmirdik kimin idi bu ev, kimdir bu dayə....
İllər keçdi, biz böyüdük. Anladıq ki, həmin gün atamın ölüm günü imiş. Atam rəhmətə gedəndə anamın 27 yaşı olub. Anam olduğu üçün demirəm, mərd qadın idi o. Sizə bir söz də deyim. Mən fikir vermişəm, böyük kişilərin qadınları da möhtəşəm olur. Atam həmişə deyirmiş ki, evdə min kişi qala nigaran olaram. Amma bilirəm ki, Sonası var, ölsəm də, arxayınam.
Əvvəl anam bizi tez-tez qoyub harasa gedirdi. Bir gün əlimizdən tutub bizimlə məzarlığa getdi. Və dedi ki, ata burda yatır. Bizdən başqa atam üçün onun kiminsə yanında ağladığını görmədim. Bizimlə, xüsusən də mənimlə gedəndə onun ahı, naləsini yer-göy götürməzdi. Səsi elə indi də qulağımdadır. Bir sözü lap yanğı ilə deyirdi: "Çətindir Cəfər çox, çətindir". Dözə bilmirdi. Bilirsinizmi, onlar bir birlərini çox istəyirdilər, mən hələ o boyda rəğbətə və sevgiyə rast gəlmədim...
Cəfərin Sonası...
- Atamla anam əmi qızı, əmi oğlu idilər. Nə yazsaymış birinci anama oxuyarmış. Anam da deyirdi ki, bəzən nəsə ürəyincə olmazmış. Və atam bunu anamın üz cizgilərindən bilirmiş. Bilirsən nəyə fikir verirəm qızım, bir-birini bu boyda sevən insanlar sona qədər xoşbəxt ola bilmirlər. Elə bil sevgiləri onları udur paxıllıqdan. Bax, belə idi onların münasibəti. O zamanların Bakısı heç kimə sirr deyil. Mentalitetimizdən gələn adətlərimiz də həmçinin. Atam bəlkə o zamanın az kişilərindən olub ki, hətta böyüklərin yanında belə ona Sona yox, Sonası deyirdi. Çox qəribədir, hətta ağsaqqal sayılan böyüklərimiz də buna etiraz etməzmişlər. Öz valideynlərinin yanında da belə çağırırmış anamı. Gülərmişlər ki, Cəfərə bax ee?!.. Şurabadda bağımız vardı bizim. O, nəsə yazanda, işləyəndə anama deyirmiş ki, uşaqları da götürüb ora getsin. Biz gedirdik, amma dönəndə o yenə anama nəsə oxudurdu, mübahisə və müzakirə edirdilər yazılanları.
(ardı sabahkı sayımızda)
Jalə Mütəllimova
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24