Gündəmdə Dağlıq Qarabağ
11:05 17-05-2014
CƏMİYYƏT
Gündəmdə Dağlıq Qarabağ
Ordu narahatçılığı ,yoxsa uğursuz kadr dəyişiklikləri
Bu həftə ölkənin ictimai-siyasi həyatı üçün kifayət qədər aktiv bir həftə oldu. Bu aktivliyin əsas episenti isə Fransa prezidentinin Azərbaycana səfəri oldu. Fransa prezidenti Fransua Olland Azərbaycanda yadda qalan heç bir bəyanatla çıxış etmədi. Amma Ermənistanda bildirdi ki, hər zaman Fransa Ermənistanın yanında olacaq.
Bundan başqa maraqlı bir anonslada çıxış etdi ki, Azərbaycan və Ermənistan prezidentləri ilə Fransada görüşəcək. Əksər ekspertlər hesab etdi ki, Fransanın bu jesti Rusiyanı regiondan sıxışdırıb çıxartmağa yönəlib və Dağlıq Qarabağla bağlı Fransa yeni təkliflərlə çıxış edəcək. Fransız qonağın Bakıya gəlişində diqqəti cəlb edən başqa nüans isə onun müxalifət liderləri ilə görüşü oldu. Görüşdə müxalifət danışdı, Olland qulaq asdı. Nəticə isə sözsüz ki, olmadı. Ən maraqlsı isə bu oldu ki, Fransua Olland Milli Şuranın sədri Cəmil Həsənlini görüşə dəvət etmədi. Müşahidəçilər hesab edir ki, bunun başlıca səbəbi odur ki, Qərb hesab edir ki, Milli Şura Rusiyanın projesidir və bu səbəbdən hər hansı müttəfiqlik mümkün hesab edilmir. Fransa prezidentinin müxalifətlə görüşü isə müxalif düşərgədə yeni ruh yaratdı. Amma Azərbaycanın aparıcı analitikləri dərhal bəyan etdilər ki, müxalifəti Barak Obamada qəbul etsə heç bir əhəmiyyəti olmayacaq. Çünki müxalifət ortaya yeni bir ideya qoya bilmir. Beləliklə həftənin maraqlı səfəri Ollandla sona çatdı.
Orduda nələr olur?
Bu həftə diqqəti cəlb edən başqa bir məqam Müdafiə Nazirliyində baş verən kadr dəyişiklikləri oldu. Zakir Həsənov Müdafiə Naziri təyin olunandan sonra belə rəylər yaradıldı ki, orduda peşəkarların sayı artırılacaq, korrupsiyanın qarşısı alınacaq, əsgər ölümlərinin sayı azalacaq. Həmçinin buda bəyanlandı ki, Zakir Həsənov milli kadrdır və o Rusiya ilə müttəfiqlikdən çox NATO ilə əməkdaşlığa üstünlük verəcək. Bəs nələr oldu? Əsgər ölümündə heç bir azalma müşahidə olunmadı və bu həftə bir neçə əsgərimiz şəhid oldu, bir əsgərimiz isə hansısa səbəbdən bir mayoru qətlə yetirdi. Bundan öncədə orduda müəammalı ölüm faktları sistemli şəkildə müşahidə olunmağa başladı və belə nəticə hasil oldu ki, nazirin dəyişməsi əsgər ölümünün qarşısını almadı. Ən diqqəti cəlb edən başqa bir məsələ isə yeni təyinatla bağlı oldu. Gözlənilmədən Elbrus Orucov Müdafiə Nazirliyində çox mühüm bir posta gətirildi. Halbuki bu general Murov, Şuşa işğalına görə dəfələrlə məhkəmə qarşısına çıxarılmışdı və onun keçmişi çox qaranlıqdır.Bundan başqa artıq uzun müddətdir ki, peşəkar ordu quruculuğu prosesindən kənarda qalmış Elbrus Orucovun əməliyyat idarəsinə rəis təyin edilməsi sadəcə olaraq təsəvvüredilməzdir. Ekspertlər bundan öncə ki, təyinatlarıda əsas götürərək hesab edirlər ki, kadr islahatları doğru şəkildə aparılmır və islahatlar zamanı kadrların peşəkarlığı nəzərə alınmır. Yəni kimlər ki, keçmiş nazir Səfər Əbiyevin yaxın adamlarıdırsa vəzifələrindən azad edilir, kimlər Səfər Əbiyevin düşmənləridirsə irəli çəkilirlər.
Nurçu ajiotajı
Bu həftənin ən önəmli olaylarından biri də nurçularla bağlı oldu. Ölkənin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov vəzifəsindən azad edildi. Bundan öncə isə dövrü mətbuatda açıq şəkildə bəyan edilmişdi ki, Elşad İskəndərov Fətullah Gülən setində aparıcı simalardan biridir və bu öz təsdiqini tapdı. Elşad İskəndərovun vəzifədən azad edilməsindən sonra bölgələrdə də Fətullah Gülən tərəfdarları nəzarətə götürüldü və gülənçilərin nəzarətində olan əsas media orqanları demək olaraq tam şəkildə qapadıldı. Və nəhayətdə "İrəli" İctimai birliyi ofisindən çıxarıldı. Bunu da qeyd edək ki, bu təşkilat nurçuların əsas sosial bazası hesab edilirdi və hər il Gənclər və İdman Nazirliyindən, Gənclər Forumundan milyonlarla manat dəyərində qrand layihələr alırdılar. Amma bu dəfə heç bir qurum onlara qrand ayırmadı. Bu isə o deməkdir ki, çöküş davam etdiriləcək. Dini məqamlarla bağlı bunu da qeyd edək ki, son zamanlar xavariclər təriqəti də kifayət qədər aktivləşsədə hazırda bu düşərgədə də bir süstlük müşahidə olunmaqdadır.
Dağlıq Qarabağa
gedən yol
Bu həftə həm də Dağlıq Qarabağ mövzusu kifayət qədər tez-tez gündəmə gəldi. İstər Fransa prezidentinin səfəri zamanı, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında bu məsələ kifayət qədər qabardıldı. Amma ABŞ-ın ATƏT-də ki, həmsədrinin açıqlamaları Azərbaycan hakimiyyətini ciddi şəkildə narahat etdi və bundan sonra Azərbaycan rəsmiləri hətta ABŞ-lı həmsədrin istefasını belə tələb etdilər. Bunu da qeyd edək ki, Ceyms Uorlik demək olar ki, tez-tez sosial şəbəkələrdə Dağlıq Qarabağla bağlı məsuliyyətsiz statuslar paylaşırdı və buda haqlı narazılığa səbəb olurdu. Amma həmsədrin son açıqlaması deyəsən vəziyyəti nisbətən normallaşdırdı. "ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Karneqi Mərkəzində verdiyi bəyanat çox önəmlidir". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında bildirib. Diplomat deyib: "Hesab edirəm ki, bəyanatda səsləndirilən fikirlər ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini çox doğru şəkildə əks etdirir. Bəyanatın əsas məqsədi həm Azərbaycan, həm Ermənistan tərəfini münaqişənin birdəfəlik dinc yolla həll edilməsi üçün zəruri addımlar atmağa çağırmaq, həvəsləndirməkdir".Səfir bildirib ki, burada münaqişənin nizamlanmasına nail olmaq üçün gərəkli olan 6 prinsip öz əksini tapıb: "Səfir Ceyms Uorlik çox aydın şəkildə bəyan edib ki, Dağlıq Qarabağ ətrafında işğal altında olan 7 rayon Azərbaycana qaytarılmalıdır".
Onun sözlərinə görə, həmsədr ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və güc tətbiq etməmə prinsipləri əsasında Dağlıq Qarabağın yekun statusunun müəyyən olunmasının vacibliyini vurğulayıb. R.Morninqstar qeyd edib ki, danışıqların artıq 20 ilə qədər davam etməsi məyusedicidir: "Ümidvarıq ki, hər ki tərəfdən müsbət addımların şahidi olacağıq".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" adlı məruzə ilə çıxış edərkən qeyd edib ki, istənilən sülh sazişinin əsasında aşağıdakı altı element durmalıdır:
1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır. Tərəflər gələcəkdə uyğunlaşdırılmış və öz iradəsini hüquqi baxımdan ifadə etmək vasitəsi ilə bölgənin yekun hüquqi statusunu müəyyən etməkdə tam qətiyyətli olmalıdırlar.
2. Bakı tərəfindən hazırda nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sərhədləri çərçivəsində ərazilərə ən azı təhlükəsizliyi və özünü idarəetməni təmin edən aralıq statusu verilməlidir.
3. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır və bu rayonlar üzərində Azərbaycanın müstəqilliyi bərpa olunmalıdır. Bu ərazidə Azərbaycanın suverenliyini pozan heç bir yaşayış məntəqəsi olmamalıdır.
4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi saxlamaq lazımdır. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.
5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu etiraf etməlidir.
6. Sülh sazişi beynəlxalq təhlükəsizlik zəmanətini təmin etməlidir, o cümlədən sülhməramlı fəaliyyət daxil olmaqla mənsub olduğu bütün tərəflər arasında etimad olmalıdır.
Ekspertlər hesab edir ki, bu təkliflərdə Azərbaycanın maraqlarına cavab verən kifayət qədər maraqlı nüanslar var.Amma vacib bir şərt var ki, bu təkliflər paketində mütləq nəzərdə tutulmalıdır. Söhbət özmüqəddaratını həll etməklə yanaşı, həm də Azərbaycanın ərazi bütövlüyünün net şəkildə göstərilməsidir. Yəni mütləq bu bənd əlavə olunmalıdır. Müşahidəçilər həmçinin hesab edirlər ki, Fransa prezidenti ilə Azərbaycan və Ermənistan prezidentlərinin birgə görüşündə də məhz bu təkliflər müzakirə mövzusu ola bilər.
Ukrayna olaylarının
Azərbaycan cizgiləri
Bu həftə həm də Ukraynada baş verən proseslər diqqətdən kənarda qalmadı və əksər ekspertlər hesab etdi ki, bu proses Azərbaycana da təsirsiz ötüşməyəcək. Görünür bu səbəbdən beynəlxalq təşkilatların Azərbaycana marağı bu həftə xüsusi ilə diqqəti cəlb etdi və aydın oldu ki, Qərb və ABŞ Rusiyanın növbəti addımlarından çox narahatdırlar. Çünki Rusiya regionda gücünü artırmaq üçün possovet ölkələrinə təzyiqlərini artırır və bu Azərbaycandan da yan keçmir. Amma Azərbaycan hakimiyyəti öncədən tutduğu mövqedən zərrə qədərdə olsa geri çəkilmədi və bu günlərdə Azərbaycanda təşkil edilən iki beynəlxalq konfransda açıq şəkildə Ukraynanın ərazi bütövlüyü dəstəkləndi. Bununla da bir daha bildirildi ki, Azərbaycan Qərbə inteqrasiya prosesini davam etdirəcək. Amma bu həftənin ən maraqlı açıqlamasıda məhz prezident İlham Əliyevdən gəldi. Belə ki, son həftələr açıq şəkildə bildirilirdi ki, Avropa Birliyi Azərbaycanın Şərq Tərəfdaşlığı layihəsini imzalamaq üçün təzyiqlərini artırıb. Amma İlham Əliyev bəyan etdi ki, Azərbaycanla heç kim təzyiq dili ilə danışa bilməz və Azərbayan öz maraqlarına uyğun addımlar atacaq. Bu isə o deməkdir ki, Azərbaycan yenə də Rusiya və Qərblə eyni məsafədə dayanacaq.
Beləliklə bu həftə baş verənlərin təhlili gösətrir ki, ölkədə bir ictimai-siyasi aktivlik var və proseslər hakimiyyət tərəfindən nəzarətdə saxlanılır. Amma elə proseslərdə baş verə bilər ki, buna xüsusi diqqət ayrılmalıdır. O cümlədən son zamanlar ordu sistemində baş verən proseslərə.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08