Ramil Usubov həmməruzəçiləri qəbul edib
08:59 20-05-2014
CƏMİYYƏT
Ramil Usubov həmməruzəçiləri qəbul edib
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 19-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, nazir ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin tam yerinə yetirilməsi məqsədilə DİN-də xüsusi tədbirlər planlarının hazırlanaraq icraya yönəldiyini xatırladıb.
Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasından danışan R.Usubov qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə respublikamızda polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən, demokratik dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul edilib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkilib.
Bununla yanaşı, "Polis etikası haqqında Avropa Məcəlləsi"ndə təsbit olunmuş prinsiplər və Avropa Şurasının ekspertlərinin fəal iştirakı və tövsiyyələri əsasında "Daxili işlər orqanları əməkdaşlarının etik-davranış Kodeksi" hazırlanıb. Qeyd olunub ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər sistemli şəkildə həyata keçirilir.
Bildirilib ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış 102 Zəng Xidməti də fəaliyyətin məhz insan meyarı kimi ali prinsip üzərində qurulmasına, eyni zamanda, ərazi polis orqanlarına daxil olan siqnallara çevik reaksiya verilməsinə, bu prosesə mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsinə xidmət edir. Bununla bərabər, əhalinin təhlükəsizliyinin qorunması, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi də yaradılıb. Nazirlikdə fəaliyyət göstərən "Qaynar xətt", elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.
Beynəlxalq normalara və standartlara cavab verən şəraitin yaradılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması məqsədilə indiyədək respublikanın 36 şəhər-rayon polis orqanlarında yeni müvəqqəti saxlama yerlərinin inşa olunması, 47-də əsaslı təmir işlərinin aparılması vurğulanıb. Qeyd edilib ki, son illər ərzində ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi, Ombudsman Aparatı, digər dövlət və ictimai qurumlar tərəfindən müvəqqəti saxlama yerlərində 1602 monitorinq keçirilib, bu zaman aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir.
Görüşdə daxili işlər orqanlarında gender bərabərliyinə də xüsusi diqqət yetirildiyi, əsasən maliyyə, tibb, kadr və digər sahələrdə 2 mindən çox qadın əməkdaşın çalışdığı, məişət zorakılığı zəminində törədilən cinayətlərə, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı təsirli tədbirlərin görüldüyü də qonaqların nəzərinə çatdırılıb.
Həmməruzəçilər səmimi qəbula, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə verdiyi geniş məlumata görə R.Usubova minnətdarlıqlarını bildiriblər.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, daxili işlər naziri qonaqları maraqlandıran sualları ətraflı cavablandırıb.
Digər Xəbərlər
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00