Əkbər Hacıyevin başı ağır dərddə
09:11 20-05-2014
CƏMİYYƏT
Əkbər Hacıyevin başı ağır dərddə
"Azəriqaz"da üsyan daha da böyüdü, qurumun sədri ilə bağlı ilginc iddia!
"Azəriqaz" İstehsalat Birliyinin qadın əməkdaşları Prezident Administrasiyasının (PA) qarşısında toplaşaraq aksiya keçirməyə cəhd ediblər. Təxminən 50-yə yaxın qadın ləğv olunmuş iş yerlərinin əvəzinə yeni iş yerləri tələb ediblər.
"Azəriqaz"ın əməkdaşı Rəna Axundova virtualaz.org saytına açıqlamasında bildirib ki, onlar rayon qaz qəza xidmətləri ləğv olunandan sonra işdən çıxarılıblar: "Bizim aramızda tənha qadınlar, şəhid ailələri, həyat yoldaşı əlil olanlar var. Ailəmizi yalnız məvaciblə dolandırırdıq. İndi isə əlavə iş yeri təklif olunmadan bizi işdən çıxarırlar. Kredit borcu olan ailələr necə dolanacaqlar? Tək çarəmiz aksiya keçirməklə durumumuzu anlatmaqdır".
Prezident Administrasiyası önündə aksiya keçirən "Azəriqaz" İstehsalat Birliyinin qadın işçiləri PA qəbul şöbəsinin əməkdaşları tərəfindən diqqətlə dinlənilib. Onlara prezidentin adına məktub yazmağı məsləhət görüblər: "Etiraz edənlər ölkə başçısına ünvanlanan şikayət ərizəsi yazdılar. Bundan sonra PA-nın əməkdaşları "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyevlə əlaqə saxladı. Əkbər Hacıyev isə aksiyaçıları qəbul edərək şikayətlərinə baxacağını vəd etdi".
Bunun ardınca isə etirazçı qadınlarla "Azəriqaz" əməkdaşları arasında münaqişə baş verdiyi xəbəri yayılıb. Aldadıldığını görən qadınlar bina mühafizəçilərini döyüblər . Belə ki, qurumun rəhbəri Əkbər Hacıyev etirazçılarla görüşmək istəməyib. O, binanı arxa qapıdan tərk edib: " Bundan sonra mühafizəçilər qadınların qarşısını kəsməyə çalışdılar. Bu isə qadınları əsəbiləşdirdi. Onlar mühafizəçi əməkdaşları döyüb mühafizə zolağını qırdılar. Hazırda binaya girən qadınlarla mühafizəçilər arasında dava başlayıb".
"Azəriqaz"da işləyən bir qrup qadının başda prezident əksər müvafiq dövlət qurumlarının rəhbərlərinə ünvanlandığı şikayət məktubunun surəti mia.az-a daxil olub. Sayt xəbər verir ki, şikayət məktubunu imzalayan "Azəriqaz" İstehsalat Birliyinin Nəsimi rayonu Qaz İstismar Sahəsinin (QİS) qadın işçiləri - Əliyevə Səidə, Agamalıva Dilarə, Saatova Rəsmiyyə, Yusifova Ulduz, Zeynalova Mirqöncə, Əliyevə Lalə, Cəfərova Sevil, Məmmədova Reyhanə, Əliyeva Şövkət, Şıxzadə Narxanım yazırlar ki, Nəsimi rayonu QİS-in Qaz kəmərləri və avadanlıqları istismarı, qəza dispeycer xidmətinin işciləridir: "Uzun müddətdir ki, bu sahədə işləyirik. Lakin mart ayının 27-də bizə "Azəriqaz"ın 192 saylı əmrinə əsaslanıb, ixtisara düşdüyümüz haqda bildirişlər paylandı. Bu bildirişə əsəsən, 27.05.2014 tarixi bizim son iş günümüz olmalıdır. Bununla bağlı QİS-in rəhbərliyinə etdiyimiz müraciətə cavab olaraq, bizə bildirdilər ki, bu sahə ümumən ləğv olunur. Qeyd olundu ki, bu qərar ARDNŞ tərəfindən qəbul olunub və idarə rəhbərliyi bu işdə çarəsizdir. Ya gərək öz xahişimizlə işdən çıxmağımız barədə ərizə yazıb əmək haqqının 5 mislini alıb gedək, ya da işdən cıxmaqdan imtina edək. İkinci halda, yəni öz xahişimizlə işdən çıxmaq istəməsək, bu zaman bizi əmək haqqının 3 misli ödənilməklə, işdən uzaqlaşdıracaqlar".
10 qadın əməkdaş bu təklifin hansı qanunla tənzimləndiyini ölkə rəhbərliyinin və cəmiyyətin öhtəsinə buraxmaqla yanaşı, bu ixtisarların gələcəkdə böyük fəlakətlərə gətirib çıxara biləcəyini də deyirlər: "Cünkü Bakının mərkəzində hələ də qaz xətlərinin çoxu yer altındadır və bu xətlərin baxımsız qalmasının sabah hansı fəlakətlar yaradacaağını kimsə təsəvvür edə bilməz. Bu problemlər həll edilməmiş isə bizlərin işdən azad edilməsi cəhdi qətiyyən yolverilməzdir. Bu, həm də bizlərin ali hüquqlarının kobud pozulması deməkdir".
Müraciət müəllifləri aralarında ailə başçısını itirmiş qadınlarla yanaşı, himayəsində azyaşlı, pensiyaçılar olan işçsilərin də olduğunu deyirlər: "Bu gün Azərbaycanda işsiz qalmağın nə demək olduğunu kiməsə xüsusi izah etməyə ehtiyac yoxdur. Bizim əmək haqqımız 250-300 manat civarındadır. Yaşımızın bu vaxtında heç bir təşkilat və idarə də bizi işə götürməyəcək. Aramızda olanların çoxu da ali təhsillidir. Dəfələrlə işlədiyimiz təşkilatda keçirilən bütün imtahanları uğurla vermişik. Belə olan halda, bizə qarşı bu mövqeyi anlaya bilmirik. Bu, həm də dövlət müəssisələrində qadınlara qarşı göstərilən münasibət və gender problemlərinin dərinləşdirilməsinə xidmət etmirmi?".
Sonda qadınlar ölkə rəhbərliyindən onların problemləri ilə maraqlanmağı və hüquqlarının qorunmasını xahiş ediblər.
Yeri gəlmişkən, mia.az-a daxil olan məlumata görə, qadınlara qarşı kampaniya təkcə Nəsimi rayonunda deyil. Bakının Yasamal rayonundakı müvafiq idarədə də eyni hal yaşanır.
Bu arada "Azəriqaz" İstehsalat Birliyi struktur dəyişikliyi və bununla bağlı etirazlara dair məlumat yayıb. Qurumun mətbuat xidmətindən daxil olan açıqlamada deyilir ki son günlər bəzi kütləvi informasiya vasitələrində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyində struktur dəyişiklikləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: ""Azəriqaz" İB tərəfindən texniki baxışların keçirilməsinin vacibliyi nəzərə alınaraq, mənzildaxili texniki baxışların keyfiyyətinin yaxşılaşdırılması, qaz sızmalarının aradan qaldırılması, binadaxili qaz kəmərlərinə baxış keçirilməsi və prosesin bir mərkəzdən operativ idarə olunması məqsədilə Bakı şəhəri və Abşeron rayonu üzrə yeni bir xidmət yaradılmışdır. Birliyin idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərliliyini artırmaq məqsədilə yaradılan bu xidmət Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi adlanır.
Eyni zamanda, xarici və yeraltı qaz kəmərlərinə vaxtaşırı baxışların keçirilməsi üçün müvafiq təşkilatla müqavilə bağlanmaq ərəfəsindədir. Ən müasir avadanlıqlara malik, təcrübəli xarici mütəxəssislər, o cümlədən Türkiyə Respublikasında kurs keçmiş işçilərdən ibarət olan bu təşkilat qaz kəmərlərinin diaqnostikası; qaz kəmərlərinin üzərində yerləşən kranlarda, kranlı və armaturlu birləşmələrdə, siyirtmə və ventillərdə sızmaların aşkar edilməsi; şəhər qaz şəbəkəsinin diaqnostikası; qaz kəmərinin marşrutu boyu çətin keçilən ərazilərdə baş verən sızmaların axtarılması, təyini və lokallaşdırılması; qazlaşdırılmış obyektlərin ərazilərinə nəzarət edilməsi üzrə xidmət göstərəcəkdir. Qurum mobil avtolaboratoriya ilə təchiz olunacaqdır ki, bu da şəhər mühitində və eyni zamanda yaşayış məskənlərindən kənarda qaz kəmərlərində baş verən sızmaların dəqiq koordinatlarının təyin edilməsi üçün son diaqnostik avadanlıqlara malik bir sistemdir. Mobil laboratoriya yeraltı və yerüstü qaz kəmərlərində baş verən sızmaların aşkar edilməsi üçün məsafədən idarə olunan lazerli detektor, müxtəlif qaz növlərinin ölçülməsi üçün əldə gəzdirilə bilən fərdi qaz analizatorları, sinxronlaşdırılmış videomüşahidə sistemi və s. ən müasir avadanlıqlarla təchiz olunmuşdur.
"Azəriqaz" İB bir daha bəyan edir ki, Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismarı sahələrinin ləğv edilməsi barədə deyilənlər həqiqətəuyğun deyil və ümumiyyətlə, yaxın vaxtlarda bu region üzrə hər hansı struktur dəyişikliyi gözlənilmir.
"Azəriqaz" İB bir daha KİV-i Birliyin strukturunun təkmilləşdirilməsi prosesinin işıqlandırılması zamanı daha diqqətli olmağa, obyektivliyə riayət etməyə və sensasiya axtarmamağa çağırır".
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00