Prezident İlham Əliyev: "Biz Azərbaycan-Vyetnam münasibətlərinə xüsusi əhəmiyyət veririk"
09:23 20-05-2014
CƏMİYYƏT
Prezident İlham Əliyev: "Biz Azərbaycan-Vyetnam münasibətlərinə xüsusi əhəmiyyət veririk"
Prezident İlham Əliyev mayın 19-da Hanoyda vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı tələbələrlə görüşmüşdür.
Əvvəlcə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin SSRİ nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri zamanı burada keçirdiyi görüşlərin əks olunduğu fotolara baxdı.
Sonra vaxtilə Azərbaycanda təhsil alan vyetnamlı tələbələrlə görüş keçirildi.
Görüşü açan Vyetnamın Birlik və Dostluq Təşkilatının sədri Vu Xuan Honq Prezident İlham Əliyevə bu görüşə gəldiyinə görə təşəkkür etdi. Bildirdi ki, bir vaxtlar Azərbaycanda ali təhsil alan bu insanlar indi ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasında fundamental rol oynayırlar. O, ulu öndər Heydər Əliyevin Vyetnama səfərinə toxundu, xalqlarımız arasında dostluğun möhkəmlənməsində Ümummilli Liderin tarixi xidmətlərindən danışdı.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev bu görüşdən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, vaxtilə Bakıda ali təhsil alan tələbələr bu gün ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayırlar. "Azərbaycanda Vyetnama hər zaman böyük münasibət olub", - deyən dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin sovet rəhbərliyində təmsil olunarkən Vyetnama səfər etdiyini, bu gün isə özünün dövlət səfərinə gəldiyini vurğuladı. Bütün bunların da ikitərəfli əlaqələrin inkişafına təkan verdiyini bildirdi.
Bu gün Azərbaycan ilə Vyetnamın siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində yaxşı əməkdaşlıq qurduqlarını deyən Prezident İlham Əliyev ölkəmizin tolerant ölkə olduğunu da diqqətə çatdırdı.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, 20 ildir davam edən bu işğalın bölgədə sülh və təhlükəsizliyə təhdid olduğunu bildirdi.
Prezident İlham Əliyev ölkəmizdə sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən tədbirlərdən danışdı, təhsilin inkişafı sahəsində görülən işlər barədə ətraflı məlumat verdi.
Prezident İlham Əliyev neft-qaz sektoruna qoyulan sərmayələrdən danışdı, bu sahədə Azərbaycan ilə Vyetnam arasında yaranıb inkişaf edən əməkdaşlığın uğurlu olduğunu bildirdi.
Sonra vaxtilə Azərbaycanda ali təhsil alan vyetnamlı tələbələr çıxış etdilər. Vyetnamın müxtəlif regionlarından bu görüşə gələn məzunlar çıxışlarında Bakı ilə bağlı xatirələrini bölüşdülər. Azərbaycanda aldıqları təhsilin hazırda onların karyerasında mühüm rol oynadığını bildirdilər. Onlar Vyetnamda da vaxtilə azərbaycanlı kadrların işlədiyini, onların bu ölkənin neft-qaz sektorunun inkişafında mühüm rol oynadıqlarını qeyd etdilər.
Prezident İlham Əliyev ölkəmizlə bağlı xatirələrini qoruyub saxladıqlarına görə onlara təşəkkür etdi və sözü Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadəyə verdi. O da Vyetnamda neft-qaz infrastrukturunun qurulmasında və inkişafında azərbaycanlı mütəxəssislərin mühüm rol oynadığını vurğuladı.
Sonda məzunlardan bir qrupu Azərbaycan dilində "Tələbə" mahnısını ifa etdilər.
Azərbaycan dövlətinin başçısına xatirə hədiyyəsi təqdim edildi.
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35