Azərbaycanlı gənclər xaricdə təhsçil haqqında nə düşünür?
Azərbaycanlı gənclər xaricdə təhsçil haqqında nə düşünür?

Onlar məqsədlərini və hədəflərini açıqlayırlar

Bu gün yüzlərlə tələbə təhsil almaq üçün xaricə yollanırlar. Əsasən öz ixtisası üzrə seçilən mütəxəssis olmaq istəyən gəncləri xaricdəki yüksək səviyyəli universitetlər cəlb edir.

Belə gənclərin əksəriyyəti ölkə daxilində təhsil almaqdansa, xarici təhsilə üstünlük verirlər. Bəs gənclər xaricdə təhsil barədə nə düşünürlər? (azadinform.az)

"Xaricdə aldığım
təhsili ölkəmizdə
tətbiq edəcəm"

İngiltərədə magistr təhsili alan Şaiq Mürsəlzadə deyir ki, Azərbaycanda bakalavr pilləsində təhsil aldığı müddətdə xaricdə təhsil imkanları ilə maraqlanmağa başlayıb. Həmsöhbətimizin sözlərinə görə, dost-tanışdan aldığı məsləhətlər, xaricdə təhsil imkanları ilə bağlı apardığı axtarışlardan sonra təhsilini xarici ölkədə davam etdirməyə qərar verib: "Xaricdə təhsillə bağlı verdiyim bütün qərarlarda ailəmin dəstəyi və köməyi əvəzsiz olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Təqaüd Proqramının verdiyi şansdan yararlanaraq 2010-cu ildən etibarən İngiltərənin Esseks Universitetində bakalavr pilləsində, İnformasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə təhsil almağa başladım. 2013-cü ildə Esseks universitetinin bakalavr pilləsini fərqlənmə ilə bitirdim. Yaxşı qiymət göstəricilərimin və bakalavr təhsili ərzində qazandığım sertifikat və digər nailiyyətlərin nəticəsində universitetlər arası dünya sıralamasında 4-cü yerdə yerləşən "University College London" universitetindən magistr pilləsinə qəbul aldım. Hazırda qeyd etdiyim universitetdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Təqaüd Proqramının dəstəyi ilə Şəbəkələşmiş kompyuter sistemləri ixtisası üzrə magistr təhsili alıram".
Həmsöhbətimiz deyir ki, xaricdə təhsil almaqda əsas məqsədi seçdiyi ixtisas üzrə ən son yeniliklərdən xəbərdar olmaq və ixtisasının dərinliklərinə yiyələnməkdir. Onun sözlərinə görə, təhsilini bitirdikdən sonra əsas məqsədi bu təcrübəsini ölkəmizdə tətbiq etməkdir: "Xaricdə təhsil almaqda məqsədim müasir dövrdə seçdiyim ixtisas üzrə ən son yeniliklərdən xəbərdar olaraq bu sahə üzrə biliyimi artırmaq və qazandığım təcrübələri gələcəkdə Azərbaycanda da tətbiq edərək, ölkəmizin hər bir sahədə olduğu kimi informasiya texnologiyaları sahəsində də inkişaf etməsində rol oynamaqdır. Xaricdə təhsil yalnız insan biliyinin artırılması demək deyil. Bu, eyni zamanda, insanın hərtərəfli inkişafı deməkdir. Başqa bir ölkədə təhsil almaq, keyfiyyətli təhsil almaqla yanaşı, insanın müxtəlif mədəniyyətlər barədə məlumat qazanmasında, özünü dərk etməsində, gələcəkdə həyatda təkbaşına ayaq üstə dayanıb çətinliklərlə mübarizə aparmasında, qısacası insanın hərtərəfli formalaşmasında çox böyük rol oynayır. İnsanın öz inkişafı, öz gələcəyi üçün çəkdiyi hər bir çətinlik gələcəkdə mütləq özünə mükafat olaraq qayıdacaq".
Şaiq deyir ki, ən böyük arzusu xaricdə təhsil alan gənclərin sayının çoxalması və Azərbaycanda da dünya sıralamasında yüksək reytinq sahibi olan universitetlərin açılmasıdır.

"Uğurlu karyeranın
bir yolu xaricdə
təhsildən keçir"

Rejissor Səmayə Quliyeva da digər müsahiblərimiz kimi xaricdə təhsil almağı planlaşdırır. Hazırda Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisası üzrə təhsil alan həmsöhbətimiz, magistr təhsilini xaricdə almağa qərar verib. O, xaricdə təhsil almaqla daha çox ixtisaslaşacağını, fərqli sistem görəcəyini düşünür: "Düşünürəm ki, xaricdə təhsil almaq mənim üçün daha keyfiyyətli və dəyərli olacaq. Orada daha çox informasiya qazanacam, yeni ölkə mədəniyyəti və yaşam tərzini mənimsəyəcəyəm. Çünki, xaricdə təhsil almaq insanın dünyagörüşünün formalaşmasında, şəxsi keyfiyyətlərinin təkmilləşdirilməsində böyük rol oynayır".
Səmayə hər hansı xarici universitetlərdən birində təhsil aldıqdan sonra ixtisaslaşmış kadr olaraq ölkəmizdə fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Həmsöhbətimiz deyir ki, xaricdə təhsil almaq hər bir gəncə uğurlu karyera qurmaq imkanı verir: "Hər bir insan öz sahəsində mütəxəssis olmaq istəyər. Mənim fikrimcə, bunun ən yaxşı yolu da xaricdə təhsil almaqdır. Bu da danılmaz faktdır ki, ölkəmizdə işçi axtarışı zamanı xaricdə təhsil alan gənclərə üstünlük verilir. Tanınmış universitetlərin təhsilini mənimsəmək gələcəkdə uğurlu karyera qurmaq üçün ən gözəl imkanlardan biridir".
"Gələcəkdə millətim üçün çalışacam"

Şükran Əliyev Qafqaz Universitetində 1 il təhsil aldıqdan sonra Kanadanın Manitoba universitetində təhsilini davam etdirib. Müsahibimiz deyir ki, ilk günlər xaricdə təhsil almağa gələcəkdə sadəcə yüksək maaşlı, rahat iş tapmaq üçün bir vasitə olaraq baxırmış. Onun sözlərinə görə, xaricdə əldə etdiyi təcrübələrdən sonra fikirləri dəyişib: "Əvvəllər düşünürdüm ki, burada təhsilimi bitirdikdən sonra rahat iş tapıb, çox pul qazanacam. Bu məqsədlə də Kanadaya təhsil almağa gəlmişdim. Lakin burada oxuduqca fikirlərim də dəyişməyə başladı. Xaricdə təhsil almaqla bir sıra nəticələr əldə etdim. İlk öncə, dil imkanlarımı artırdım. Heç bir üsul əcnəbi dili həmin ölkənin özündə öyrənmək, təkmilləşdirmək qədər faydalı ola bilməz. Çünki bu zaman insan birlikdə təhsil aldığı yerli insanlarla təmasda olur, nəticədə danışıq və eşitmə imkanlarını inkişaf etdirmək üçün şansı yaranır".
Şükranın sözlərinə görə, dil bacarıqlarını inkişaf etdirməkdən əlavə, yüksək səviyəli təhsil ala bilib: "Nəticədə eyni vaxtda təcrübi və nəzəri biliklər əldə etdim. Anladım ki, xaricdə təhsil insanda gələcəkdə öz işində uğur qazanması üçün inam hissini gücləndirir".
Xaricdə təhsil almaqla fərqli bir mühitlə tanış olduğunu söyləyən müsahibimizsin sözlərinə görə, əsas məqsədi təhsil aldığı universitetdə öyrəndiklərini ölkəmizdə tətbiq etməkdir: "Öz ölkəndən kənarda təhsil almaq insana tamamilə fərqli bir mühitdə yaşamaq, onların həyat tərzi, mədəniyyəti ilə tanış olmaq və öz mədəniyyətimizlə müqayisə etmək şansını verir. Bütün bu müqayisələrimlə mən öz millətimin, mədəniyyətimin dəyərlərini daha yaxşı başa düşdüm. Məncə, bütün gənclər xaricdə təhsil imkanlarından yararlanmalıdırlar. Mən də bu məqsədimə çatdım və gələcəkdə başqalarından yaxşı mənada fərqlənən millətim üçün nə isə etmək arzusundayam".

Aygün Əziz